AZƏRBAYCANDA FILM SEKTORUNUN INKIŞAF ETDIRILMƏSINƏ DAIR HESABAT (Zora Jaurova)

Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur.

Azərbaycan uzun tarixi olan kinematoqrafiyası ilə öyünə bilər. Bakıda fransız Aleksandr Mişonun çəkdiyi ilk film Lümyer qardaşlarının Parisdə "kinematoqrafiya"nın əsasını qoymasından cəmi üç il sonraya –  1898-ci ilə təsadüf edirdi. İlk filmlərin çəkilişi XX əsrin ilk onilliyində kino ilə əlaqədar başqa tədbirlərin də görülməsi ilə müşayiət olundu. Bu dövrdə artıq ölkədə kinematoqrafiya infrastrukturları və səyyar kinoteatrlar inkişaf edirdi. Sovet dövründə “Azərbaycanfilm” Dövlət Kinostudiyası kinematoqrafiyanın dövlət səviyyəsində planlaşdırılmış inkişaf proqramı çərçivəsində yaradılmışdı. Lakin o, üzərində sərt ideoloji nəzarətin olmasına rəğmən, ölkədə peşəkar kinonun inkişafının bünövrəsini qoydu.

"Sovet dövrünün sonlarına doğru ölkənin yeganə kinostudiyası olan "Azərbaycanfilm" Dövlət Kino və SSRİ Mərkəzi Televiziyanın sifarişi ilə ildə 7, ya 8 film buraxırdı. İl ərzində studiya eyni zamanda 20-25 sənədli film və 2-3 animasiya filmi çəkirdi. Studiyanın əsasının qoyulduğu ilk günlərdən başlayaraq ölkəmizdə təxminən 240 tammetrajlı film, 50-dən çox qısametrajlı film, 1200-dən çox sənədli film və təxminən 100 animasiya filmi istehsal edilib."

Sənaye sahəsinin mərkəzləşdirilmiş strukturu yalnız filmlərin istehsalına deyil, onların yayımına, xarici filmlərin satınalınmasına, kinematoqrafiya infrastrukturunun saxlanmasına və kinonun bütün digər sənaye tsikllərinə toxunurdu. Bu səbəbdən də, SSRİ-nin süqut etməsindən sonra ölkənin digər sektorları kimi bu sənaye sahəsi də demokratiya və bazar iqtisadiyyatına keçidin günümüzə qədər davam etməkdə olan çətinlikləri ilə başa çıxmalı oldu. Çox çətin keçən ilk illərdə mədəniyyət və yaradıcılıq sahələri prioritetdə olan sahələr deyildi, bu isə film istehsalının sürətlə azalmasına, kinematoqrafiya sənayesinin geri düşməsinə səbəb oldu.

Azərbaycanın kinematoqrafiya sektoru digər Aİ ölkələri ilə müqayisədə mərkəzləşmişdir. Bu isə sektorun bütün tsikllərinə – yaradıcılıq prosesinə, istehsal tsiklinə, filmlərin yayımı və satışına təsir edir. Siyasət və qanunvericilik səviyyəsində kinematoqrafiya anlayışı nadir hallarda yaradıcılıq sahəsi, daha dəqiq desək, bədii yaradıcılığı ticari və işgüzar aspektlərlə birləşdirən qarşılıqlı əlaqə sistemi kimi başa düşülür. Dövlətin vəzifəsi (Mədəniyyət Nazirliyi tərəfindən icra olunur) bədii özünüifadə azadlığı üçün əlverişli şəraitin yaradılmasından deyil, mədəniyyətin təşkili və formalaşdırılmasından ibarətdir.

Göründüyü kimi, cəmiyyətin dəyişməsi prosesi bir çox çətinliklərə yol açır – problem yalnız mədəniyyət və yaradıcılıq siyasətlərinin demokratik dövlətdə oynadığı rolla deyil, mədəniyyət və yaradıcılıq sahələrinin cəmiyyətin iqtisadi inkişafında oynadığı rolla əlaqədardır.

Mədəniyyət siyasətləri və iqtisadiyyat, yaradıcılıq və sənaye, xüsusilə də kinematoqrafiya sektorunda kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması və yaradıcılıq sahələrinin çiçəklənməsi arasındakı əlaqələr araşdırılmalı və hökumət səviyyəsində siyasətə çevrilməlidir.

Hazırkı dəyişikliklər bütün dünyanın rəqəmsal cəmiyyətə doğru addımladığı dövrdə baş verir. Bu, cəmiyyətin həyatının bütün aspektlərinə təsir etsə də, kinematoqrafiya sənayesinə xüsusilə nüfuz edir. Film istehsalı texnologiyalarının və filmlərin yayımının tamamilə yeni təkamül səviyyəsinə çıxmasına səbəb olmuş vasitələrin azad şəkildə istifadə edilməsi audiovizual məzmunların yaradılması və istehlakında böyük dəyişikliklərə aparır. Bu o deməkdir ki, Azərbaycanın kinematoqrafiya sektorunun qarşısında kökündən dəyişmək kimi çox çətin bir vəzifə dayanır, lakin bu eyni zamanda bütün sektorun yenilənməsi və müasirləşməsi üçün zəmin yaradır.

REPORT (AZ)

REPORT (EN)

Other interesting stories: