Emil Quliyev: komediya janrını seçən cəmiyyətdə real fimləri necə çəkmək olar

Bu rejissorun işləri arasında iki film var ki, Azərbaycanda bir çox ailəyə nüfuz etmiş yalanı çılpaqlığı ilə təqdim etməklə partlayan bomba effekti yaratdı. Söhbət “Pərdə” və “İkinci pərdə” filmlərindən gedir. Emil Quliyev – şüurları yerindən oynadan ciddi film çəkmək haqqında.

ŞAH VƏ MAT

Kino tənqidçiləri deyirlər ki, son iyirmi il ərzində “Pərdə” filmi qədər müzakirə olunan ikinci bir film olmayıb. Birinci filmin təqdimatından sonra mənə deyirdilər: “Sən böyük iş görmüsən. Bəzi ailələrə dərindən nüfuz etmiş yalanı üzə çıxarmısan”.

Mənim filmlərimin qəhrəmanları adi həyatda insanların danışdığı kimi danışır, söyüş söyür, hətta duzlu zarafatlar da edirlər. Tamaşaçı isə onlara baxan zaman özünü, qohumunu, qonşusunu görür. İnanır. Axı bütün qəhrəmanlar real həyatdan götürülüb.

Lakin milli mentalitetimiz çoxlarına bu filmə ailələrilə birgə gəlməyə imkan vermir. Belə bir hadisə yadımdadır ki, bir kişi həyat yoladaşı ilə filmin iyirminci dəqiqəsində zalı tərk etmiş və filmdə qeyri-senzur ifadələrin işlədilməsilə bağlı onlara niyə xəbərdarlıq edilmədiyi barədə kassirə iradını bildirmişdi.

İlk öncə, onu deyim ki, mənim filmlərim “18+”nişanı ilə göstərilir. İkincisi də, azərbaycan tamaşaçısı bundan da nalayiq ifadələr işlədilən türk filmlərinə baxır və nədənsə bu heç kimə təəccüblü gəlmir.

Əgər film çəkirsənsə, həyatda olduğu kimi çəkməlisən, yoxsa tamaşaçı inanmayacaq.

QIYMƏTSIZ AKTYORLAR

Ümumiyyətlə, bizdə ciddi filmlərə maliyyə ayırmağı sevmirlər. Komediya olsa, tərəddüdsüz pul ayrılır. Bax elə indicə hər hansı prodüserin yanına gedib desəm ki, bu aktyorları bu komediya filminə çəkmək istəyirəm, elə həmin dəqiqə film üçün vəsait ayıracaqlar, amma ciddi filmlər üçün sponsorları ruhlandırmaq çox çətindir.

İlk öncə, həmfikirlər tapmaq lazımdır. “İkinci pərdə ” filminin maliyyələşdirilməsində mənə prodüser Orxan Mərdan kömək etdi. Mən onun yanına gəldim və dedim: “Əla ssenari var, pul lazımdır”. O da pul tapdı. Orxan çox maraqlı insandır. O, kinoya incəsənət kimi baxır, madiyyat güdmür. Onunla işləmək mənə çox asan oldu.

“İkinci pərdə” filminə 40 000 manat (təqribən 20 000 avro) pul xərcləndi. Bu, birinci filmdə xərclənən puldan bir az artıq idi. O vaxt biz 29 000 manat ( təqribən 14 000 avro) pul xərcləmişdik.

Əslində, film çəkilişi üçün bu qəpik-quruşdur. Kinoteatrlarda filmin baxışından isə 20 000 manat gəlir əldə olundu. Pulun çox hissəsi də vergi ödənişlərinə sərf olundu.

“Pərdə” filminin çəkilişlərində aktyorlar demək olar ki, pulsuz işləyirdilər. Texniki heyət, qrim ustaları çox az məvacib alırdı. Belə çıxır ki, ya sən yaradıcılığı sevirsən və ciddi bir film üçün havayı işləyirsən, ya da kommersiya əsaslı aşağı səviyyəli komediya filmində iştirak edib, pul qazanırsan. Hətta mən özüm də pulsuz işləyirdim.

Bunula yanaşı, mənim filmlərimdə məhz aktyor oyunu filmin ab-havasını yaradır. “Pərdə” filmində emosiyalar sözlərdə, dialoqlardadır...

İDEADAN REALLAŞMAYA

“İkinci pərdə” filminin ssenarisinə 6-7 gün sərf etdik. Mənə dostum Pərviz Həsənov kömək edirdi. Hər şey beynimizdə fırlanır və kağız üzərinə köçürülürdü. Bu axı real hekayədir.

Aktyorları biz bir aya seçdik. Əsas qadın rolunun ifaçısını seçmək çox çətin oldu. Bu rol üçün ictimai qınaqdan çox qorxan Günay Əhməd razılaşdı. Bəzi hissələri hətta kəsməli olduq.

Biz bu filmdə Cəlilabad rayonundan olan, nə vaxtsa aktyorluq fakultəsini bitirmiş Elşən Əskərovu bir aktyor kimi kəşf etdik. Fiziki qüsuru ilə əlaqədar olaraq (gözü zədə alıb), kinomatoqrafda özünə yer tapmamışdı. O, filmdə baş rolu oynamasa da, ikinci dərəcəli xarakterik rol almışdır. Mənə internetdə onun şəklini göstərəndə anladım ki, bu, onun roludur.

Əvvəlcə Elşən çox utanırdı, amma ona aid olmayan məşqlərə belə gəlirdi. Nəticədə elə oynadı ki, hamımızı təəccübləndirdi. Yeri gəlmişkən, çəkilişlərdən sonra Bakıda qaldı, teatrda işləyir. İstedadlı oğlandır, halal olsun. 

Çəkiliş qrupu birinci filmdə (“Pərdə”) olduğu kimi idi, operatordan başqa. Mən “yeni” kino məktəbinin nümayəndəsini cəlb etmək istədim. Mənə moskvalı debyutant Dmitri Suvorovu məsləhət gördülər. O, çəkilişlər sürən bir ay yarım zaman müddətində Bakıda yaşadı. Onun işi əla alındı.

Mən çox nadir hallarda öncədən ssenaridə qəhrəmanların durduğu yeri, hadisələrin baş vermə yerini yaza bilirəm. Bəlkə oturacqlar? Təqribi yazıram, amma son qərarı çəkiliş meydançasında verirəm. Öncədən nəyin daha real alınacağını təsəvvür etmək mümkün deyil. Bunun üçün biz çox məşq edirik, cəhd edirik, improvizə edirik və daha real olanını axtarırıq. Hər şey alınır.

“İkinci pərdə”nin məşqləri günə 5 saat olmaqla 2 ay davam etdi. Bütün səhnələr reallığa uyğun alınana qədər məşq edib, sonra çəkiliş edirdik.

Aktyorların əsas gücü kulminasiyaya sərf olundu. Onlar çəkiliş zamanı bir-birini həqiqətən də döyürdülər. Psixoloji təzyiq də çox güclü idi. Buna baxmayaraq, bütün bu səhnə bir dublya çəkildi.

Filmə baxarkən tamaşaçı özünü baş qəhrəmanın yerinə qoyaraq onun qatil olub-olmadığını düşünür. Tamaşaçıya sonluq barədə qərarı təqdim etmək çox vacibdir.

“Pərdə”nin(istər birinci, istər ikinci film) təqdimatından sonra mənə çox yazırlar. Mənim tanışlarımdan biri ailəli qadınla görüşürdü. Bu filmə baxandan sonra onlar ayrıldılar. Belə ki, oğlan özünü kənardan görüb nə qədər səhv bir addım atdığını anladı.

REAL FILM, YOXSA KOMEDIYA?

Indi bizim əsas məqsədimiz - tamaşaçı sevgisinə nail olmaqdır. “İkinci pərdə” filmini 2 ay ərzində 3400 tamaşaçı izləmişdir. Bu çox azdır.

Azərbaycanda yerli filmləri qiymətləndirmirlər. Müasir Azərbaycan komediya filmi- “Kəklikotu” cəmi 165 min tamaşaçı cəlb etdi. Bu milyon manatdan çox gəlir deməkdir. Xalqımız komediya filmlərini sevir.

Bu yaxınlarda mən də “Bozbash” adlı komediya filmi çəkdim. Onun sayəsində qazandığım pulu isə “real” kinoya xərcləməyi düşünürəm.

Problemin həll yolu isə tamaşaçının mədəni cəhətdən tərbiyə olunmasıdır. Bunun da əsasında yerli televiziya durmalıdır. Mən telekanallara “Pərdə” filminin nümayişi ilə əlaqədar müraciət etmişəm. Hamı baxır. Hamının xoşuna gəlir. Amma efirə verilmir. Onlar düşünürlər ki, bu film kütləvi baxış üçün deyil. Ona görə də mənim tamaşaçım mənim filmlərimdən bixəbərdir.

Biz ikinci filmi ingilis dilinə təcümə etdik və xaricə festivala göndəririk. Əgər öz tamaşaçımız hələ belə filmlər üçün inkişaf etməyibsə, qoy xarici tamaşaçı bizim işimizi qiymətləndirsin.

NEÇƏYƏDIR?

“Azərbaycanfilm”lə əməkdaşlıq etməyə ümid edirdim. “Mamed” tragikomediyasının çəkilişləri üçün onlardan pul istədim. Öyrədici və təsirli film olmalı idi. Amma vəsait tapılmadı. Ssenari elə o vaxtdan rəfdə qalıb. Bunun əvəzində onlar mənə üç Mozalan filmi (“Yeralaş” tipli –red.) çəkməyi həvalə etdilər. Mən bu filmləri çəkdim, təhvil verdim, onlara baxmaq belə istəmirəm.

İndi mənim sayca dördüncü tammetrajlı filmimi çəkirik. Bu da komediyadır, amma keyfiyyətlidir. Operator çox güclüdür- Fransada yaşayan həmyerlimizdir.

Bu çəkilişlər üçün biz real həyatda bənzəri olmayan üçmərtəbəli ev belə tikmişik. Hətta park və məhkəmə binası da inşa etmişik. Mən anlayırdım ki, qəhrəmanımın yalnız bu cür absurd ətrafı olmalıdır. Əlbəttə, söhbət dekorasiyalardan gedir. Lakin onlar çox real görünürlər. 

Indi isə 90-ci illərin Bakısında ailə dramı çəkmək istəyirəm. Xarkovda işləməli olacağam. Belə ki, bu şəhər 90-ci illərin Bakısına çox bənzəyir. Çox maraqlı hekayədir. Bu filmə hardasa 200 000 manat tələb olunur. Filmi bir neçə prodüserə göstərmək fikrim var. Əsas, bayaq dediyim kimi, ideyaya inanan birini tapmaq vacibdir.

GƏNC REJISSORLARA 5 MƏSLƏHƏTINIZ

1. Film çəkmək. Tərəddüd etməmək, şübhə etməmək. Vacib deyil, nə ilə çəkmək. Əvvəlcə telefonla da çəkmək olar İnandığın hər hansı bir ideya varsa, onu reallaşdırmaq lazımdır. Qısametraj, uzunmetraj fərqi yoxdur. Əlbəttə, əvvəlcə qısametrajdan başlamaq daha yaxşıdır. Prosesin başvermə səbəbinə nəzər yetirmək, maliyyə toplayıb özünü bəyan etmək vacibdir. Mənim ilk işlərim qısametrajlı filmlər olub. Onlarda çox səhvlər var idi. Hər dəfə çəkdiyim işə baxıb səhvlərimi anlamağa çalışırdım və növbəti çəkilişlərdə səhvlərimi düzəldirdim. Belə davam edirdim. Mən hətta sevinirəm ki, mənim xüsusi rejissorluq təhsilim yoxdur.

2. Həmfikirlər komandasını tapmaq. Səninlə eyni fikirdə olan, eyni gücü sərf edib səni anlayan, səninlə birgə addımlayan heyəti tapmaq lazımdır.

3. İndividual olmaq. Kiməsə bənzəməyə çalışmamaq. O zaman siz həmişə birinci olacaqsınız.

4. Güzəştə getməmək. Bəzən məcbur olursan, amma sonra peşman olursan. Məsələn, mən “İkinci pərdə”nin bir səhnəsində güzəştə getdim, indiyə qədər özümü bağışlaya bilmirəm. Amma mənim istədiyim kimi olması üçün aktyora təzyiq göstərməli idim. Başa düşürdüm ki, aktyorlar artıq yorulublar. Filmdəki musiqini də istifadə etmək istəmirdim, prodüser məni razı saldı. Yenə də düşünürəm ki, musiqi artıq idi. Düşünürəm ki, real filmlə musiqi kəsişməməlidir.

5. Oxumaq. Çox oxumaq. Mən, məsələn, eyni kitabı dəfələrlə oxuyuram. Əsasən də Dostoyevskini. Ən sevdiyim kitabım isə Bulqakovun “Master və Marqarita” əsəridir. 

«Pərdə» filminə YouTube-da baxmaq mümkündür: https://www.youtube.com/watch?v=7yQs4O_HlQc 

Həmçinin Emil Quliyevi «Кинопоиск» saytında tapa bilərsiniz: https://www.kinopoisk.ru/name/2779979/

Other interesting stories: