Dadaş Məmmədov: "Komikslər yaradıcı insanların problemlərinə diqqət cəlb etmək üçün ən yaxşı vasitədir."

“Arts Council Azərbaycan” təşkilatı Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramı ilə əməkdaşlıq çərçivəsində mədəniyyət sektorunun dəstəklənməsinə istiqamətlənmiş komiksləri təqdim etdi.

Komikslərin yaradılmasında məqsəd mədəniyyət və incəsənətin əhəmiyyətini nümayiş etdirmək, dövlət orqanlarına bu sektorun perspektivliyini və "mədəniyyətin iqtisadi inkişafa töhfə verməsini, habelə bir çox sosial problemlərin həllinə yol açmasını" göstərməkdir.

XX əsrin əvvəllərindən başlayaraq komiks janrı Azərbaycanda xüsusi yer almışdı. Bu janr çoxsaylı problemləri qabardaraq rəsm vasitəsi ilə onların həll olunması yollarını göstərirdi. Müxtəlif mövzularda olan komikslər mədəniyyət, təhsil, cəmiyyətin maarifləndirilməsi  və digər sahələri özündə əks etdirirdi. Azərbaycanda təhsil, sosial problemlər və sosial inkişaf sahəsində komikslərlə bağlı zəngin təcrübə mövcud olsa da, son illərdə bu janra neqativ münasibət göstərilir.

İdeya müəllifi Dadaş Məmmədov bu haqda fikirlərini bizimlə paylaşır: "Biz bu janrı yenidən canlandırmaq və komikslərdən yaradıcı insanların həyatlarını təsvir etmək, cəmiyyəti mədəniyyət və incəsənətin üstünlükləri haqqında maarifləndirmək, habelə diqqəti mədəniyyət və yaradıcılıq sektorunda sosial problemlərin həll edilməsi zərurətinə cəlb etmək istəyirik. Qarşımızda duran ilk vəzifə mədəniyyət sektorunun əsas problemlərini müəyyən etmək idi. Bu səbəbdən də, kampaniya çərçivəsində maraqlı tərəflər, hökumət və qeyri-hökumət təşkilatları, mədəniyyət sektorunun nümayəndələri ilə görüşmüşük." 

Başlıca məqsəd diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.

 "3 hekayə Azərbaycanda yaradıcı peşələrlə məşğul olan insanların qarşılaşdığı çətinlikləri əks etdirir. Komikslər bu sahələrdə rast gəlinən problemləri qabardaraq onları müzakirə edir, müxtəlif həll yollarının tapılmasına köməklik göstərir və mədəniyyət siyasətinin lazımi istiqamətlərinin axtarılmasına şərait yaradır. “Arts Council Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədovun təklif etdiyi komikslərin ideyalarını gənc və istedadlı rəssam-karikaturist Söhrab Salam-zadə reallaşdırıb. Proqramın koordinatoru Sevinc Ağazadənin sözlərinə görə, bu qeyri-adi layihə Şərq Tərəfdaşlığı – Aİ "Mədəniyyət və Yaradıcılıq" proqramı çərçivəsində həyata keçirilib.

Komikslərdə yaradıcı insanların qarşılaşdığı aşağıdakı problemlərin ilk növbədə həll edilməsi təklif edilir:

•  İncəsənət xadimlərinin emalatxana açması üçün tələb edilən sənədlərin rəsmiləşdirilməsi mexanizminin təkmilləşdirilməsi. Dövlətin yaradıcılıq sahəsinin inkişafını dəstəkləməsi.

•  Rəssamlıqda istifadə edilən inventar üçün gömrük rüsumlarının azaldılması.

•  Müəllif hüquqlarının saxlanılması üzrə mexanizmin təkmilləşdirilməsi.

Yaradıcı insanlar ölkənin inkişafında böyük rol oynayır və onların problemləri ölkə mədəniyyətinə, incəsənətinə və iqtisadiyyatına böyük təsir göstərir. Onlar hər bir ölkə mədəniyyətinin və iqtisadiyyatının ayrılmaz hissəsidir. Onlara qayğı ilə yanaşmaq, dəstək olmaq çox vacibdir. Mədəniyyət insanlar arasında qarşılıq anlaşmanın yaxşılaşdırılması üçün ən gözəl vasitədir.

Komikslər Mədəniyyət və Turizm Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İncəsənət Akademiyası kimi hökumət və qeyri-hökumət təşkilatlar arasında yayılacaq. 

Komikslərə bu keçid linkində baxa bilərsiniz

Suallar və əlavə məlumat: azerbaijan@culturepartnership.eu 

www.facebook.com/culturepartnership  

www.culturepartnership.eu 

Other interesting stories: