Şairlik fəaliyyətinə necə başlamalı?

Gənc şairlər üçün uğuru qiymətləndirmək hər zaman çətin olub, çünki yeganə göstərici məşhur olmaqdan ibarət deyildir (və etiraf edək ki, şairlərin əksəriyyətinə ölümündən sonra qiymət verilib). Bu səbəbdən şairlik fəaliyyətimizə rəngarənglik gətirmək və onun bəhrə verməsi üçün nə edə bilərik? Müasir Azərbaycan şairəsi Leyli Salayevadan məsləhətlər

Müasir dövrümüzdə şair bütün gün ərzində otaqdan çıxmayan və dəftərdə qeydlər aparan introvert tipli insan deyildir. İndiki dövrdə şairlər sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir, poeziya gecələrində daima iştirak edir və kitab nəşr etdirməkdən qorxmurlar. Uzun müddət şeirlər yazsam da, onlar əsasən yazıldığı kimi kağızda qalırdı. Onları dostlarımdan yalnız bir neçəsinə göstərməyə cəsarət edirdim. Şeirlərimi geniş auditoriya ilə bölüşmək üçün kifayət qədər cəsur deyildim, çünki onların buna layiq olmadığını düşünürdüm. İrəli sürdüyümüz ehtimallar, yaşadığımız qərarsızlıqlar əslində qəlblərimizi unutqanlığa düçar etməzdən öncə çıxarıb atmalı olduğumuz ən lazımsız geyimlərdir.

Yoluma Facebook-da səhifə açmaqla başladım və şeirlərimi oxucuların diqqətini cəlb etmək üçün şəkillərlə müşayiət etməklə, müntəzəm olaraq səhifədə paylaşdım. Atdığım bu ilk addım mənə insanların şeirlərim haqqındakı ilkin təəssürat və reaksiyalarını görmək imkanı verdi. Eyni zamanda, mən müxtəlif poeziya müsabiqələrinə müraciət etdim və şeirlərimi çoxsaylı poeziya jurnallarına təqdim etdim. İlk dəfədən müsabiqənin qalibi olacağınızı və ya şeirlərinizin nəşr etdirilmək üçün jurnal tərəfindən seçiləcəyini gözləməyin. Başqa istedadlı şairlərin olduğu faktını heç vaxt unutmuram. Lakin nəzərə almalı olduğunuz məqam ondan ibarətdir ki, şeirləriniz onlara unikallıq və cəlbedicilik qazandıran fərqləndirici xüsusiyyətlərə malikdir. Siz bu unikallığı insanların fikir və reaksiyaları vasitəsilə anlayacaqsınız. Mənim üçün bu sadə həqiqəti dərk etmək kifayət qədər vaxt apardı. Redaktorunuzun nəhayət ki, sizi tapa bilməsi üçün mümkün olduğu qədər çox jurnala müraciət etməlisiniz.

Eyni zamanda, mən ən son yeniliklərdən xəbərdar olmaq və klassik şeir formasından (sözügedən formada vəzn və qafiyə şeirin əsasını təşkil edir) uzaq durmaq məqsədilə müasir yazarların şeirlərini oxudum və poeziya cəmiyyətinin üzvü oldum. Təhsil almağın bir zərurət olduğunu məhz onda anladım. Bildiyiniz kimi, yüksək keyfiyyətli seminarların və internetdə onlayn qaydada əlçatan olan distant təlim kurslarının sayı az deyildir. Mən London Jurnalistika Məktəbindəki poeziya kursunu seçdim. Sözügedən distant təlim kursu vasitəsilə mən müasir poeziyanı daha yaxşı dərk etmək və çoxsaylı tapşırıqlar və repetitorun qeyd və şərhləri vasitəsilə şeirlərimi təkmilləşdirmək imkanı əldə etdim. Əgər mənim ilk və ikinci kitabımı oxusanız, qazandığım biliklərin şeirlərin forma və məzmunu üzərindəki böyük təsirinin şahidi olacaqsınız. Lakin mükəmməlliyə can atdığım üçün mən bu yaxınlarda Kaliforniya İncəsənət İnstitutu tərəfindən simvolik qiymətə təklif olunan seminara qoşuldum.

Artıq iki şeir kitabımı öz hesabıma nəşr etdirmişəm. Şair və yazıçı yoldaşlarıma tövsiyə edərdim ki, yanlış fərziyyələrdən azad olsunlar, cəsarət nümayiş etdirsinlər və kitab çap etdirməklə yollarına davam etsinlər. Çap olunmuş kitablar müxtəlif poeziya layihələrində iştirak etmək və jurnallara müsahibə vermək üçün mənə yeni imkanlar yaratdı və digər şairlər ilə tanış olmağımı təmin etdi. Kitabınıza portfolionuz kimi yanaşın və onu tərtib edərkən şeirlərin ardıcıllığına və bütövlükdə kitabın konsepsiyasına, o cümlədən üz qabığının dizaynına xüsusi diqqət yetirin.

Bütün şairlik fəaliyyətiniz boyunca atdığınız hər hansı bir addım ilə bağlı yüksək gözlənti yaratmayın və uğurunuzu ölçməyi və qeyd etməyi öyrənin.

Unutmayın ki, hər şey poeziyanızın köməyi ilə nail olmağa çalışdığınız amaldan başlayır. Amalım poeziya vasitəsilə bütün insanların qəlbinə yol tapmaq, kitab oxumayan insanlara poeziyanı çatdırmaqla onu populyarlaşdırmaq və insanların oxuduqları əsərlərin səhnələşdirildiyini görməsidir.

Bəs sizin amalınız nədir?

Fəaliyyətin düzgün təşkilinin 6 yolu: 

  1. Sosial şəbəkələrdə aktiv olun

  2. Poeziya müsabiqələrində iştirak edin və şeirlərinizi poeziya jurnallarına təqdim edin

  3. Onlayn kurslara qoşulun və ya poeziya seminarlarına yazılın

  4. Kitab nəşr etdirin

  5. Uğurunuzu qiymətləndirin və təntənə ilə qeyd edin

  6. Məqsədləriniz haqqında dəqiq təsəvvürə malik olun

Other interesting stories: