Murad Dadaşov: “İşin, biznesin, layihənin bünövrəsini qurmaq, yaratmaq, arzulamaq istəyi təşkil etməlidir”

XXI əsrdə Azərbaycanda karyera qurmağın və kreativ sənayelərin inkişafına yardım etməyin yolları.

Murad Dadaşov təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda məşhur insan, 2003-cü ildə yaradılmış MGP (“M Group Production”) Şirkətinin direktoru və banisidir. 12 il ərzində şirkətin layihələri televiziya hadisələrinin reytinq toplarında ən yüksək pillələri tutub. Şirkətin ən çox baxılan televiziya layihələrindən biri – “Mərc-şou” – şirkətin ilk layihəsi – uzun müddət şou-proqramlar reytinqində birinci yeri tutub. “Maşın” realiti-şousu da ən reytinqli müntəzəm proqram, habelə son illər öz janrının ən yaxşı layihəsi oldu. 3 il ərzində yayımlanan və reytinq siyahısında aparıcı yer tutan “Bu da bu” komediya serialını da qeyd etmək lazımdır. 2016-cı ildə “M Group Production” ENDEMOL SHINE GROUP-la əməkdaşlığa başladı və qısa müddət ərzində Azərbaycan televiziya tamaşaçıları efirdə dünyada məşhur olan “DEAL OR NO DEAL” (“DAVAM, YA TAMAM”) şousunun lisenziyalı versiyasını görəcəklər. 2017-ci ilin fevralında MGP komediya janrında yeni “BAYRAM AXŞAMI” filmi ilə ölkə kinoteatrlarının ekranlarına çıxır. Şirkət televiziya sahəsi ilə yanaşı, həm də kreativ konsepsiya və ssenarilərin hazırlanması ilə məşğuldur. Həmçinin, dövlət tərəfindən keçirilən mərasimlərdə və şəhərin digər tədbirlərində iştirak edir. Bu gün Murad Dadaşov öz nöqteyi-nəzərindən uğurun və kreativ sənayenin inkişafının sirrini açıqlayacaq.

- Murad, Sizcə, Azərbaycanda mədəniyyətin və kreativ sənayelərin rolu nədən ibarətdir?

- Düşünürəm ki, mədəniyyət təkcə Azərbaycanın deyil, istənilən ölkənin inkişafının ən mühüm amillərindən biridir. Mədəniyyət bu və ya digər ölkənin həm dəyərləri, həm mənəviyyatı, həm ənənələri, həm mentallığı və hətta məişətidir. Mədəniyyətsiz ölkə ola bilməz. Kreativ sənayelərə gəlincə, onların inkişafı amili də istənilən ölkə üçün vacibdir, amma həm insanların, həm də dövlətin bacarığı və bütünlükdə buna düzgün yanaşması ilə şərtlənir. Hansısa ölkələrdə o inkişaf edib, hansısa ölkələrdə hələ başlanğıc mərhələsindədir və bazar özü çox kiçikdir. Baxmayaraq ki, bir çox ölkələrdə kreativ sənaye dövlətə böyük gəlir gətirir, hətta istehsalatdan daha çox. Amma biz Azərbaycanda hələki bunu öyrənirik. Buna görə beynəlxalq ictimaiyyətə inteqrasiya etmək çox vacibdir. Bunun üçün zəmin var. Bizim nadir musiqi mədəniyyətimiz, nadir ədəbiyyat mədəniyyətimiz var, həm də ölkədə yazının üç dəfə dəyişdiyi bir halda! Bizdə nadir memarlıq abidələri və mədəniyyətlərin birləşməsi – alban mədəniyyəti, bütpərəstlik, xristian mədəniyyəti (4-cü əsrə qədər), müsəlman, zərdüştlük mədəniyyəti var... Nadir təbiətimiz var... bütün bunlar dünyaya təqdim ediləcək gözəl zəmindir. Amma biz hələ bunu təqdim etməyin yollarını öyrənməliyik. Hansı səviyyədə, hansı qanunlarla... Bütün bunları müasir standartlara uyğunlaşdırmağı bacarmaq lazımdır. Biz bütün dünya üçün möhtəşəm bir ölkə ola bilərik... Qərbsayağı işləməyi öyrənmək lazımdır. Məsələn, mən bu yaxınlarda film çəkdim. Amerikalı prodüsser gəldi. Baxdı və soruşdu: “film üçün treyleri kim hazırlayacaq, hansı şirkət? İstəsəniz, tövsiyə edə bilərəm”. Mən təəccübləndim, “bunu başqa birisi etməlidir ki? Mən özüm öz filmim üçün treyler hazırlaya bilmərəm?”. Və o mənə izah etdi ki, bu işlər belə deyil. Treyler peşəkarların işidir. Sənin filmində sənin görə bilməyəcəyin şeyləri görən insanların. Yəni, demək istədiyim... Təcrübədə öyrənmək və peşəkarcasına, uyğunlaşaraq inteqrasiya etmək lazımdır.

- Sizcə, Azərbaycanda kreativ sektorun inkişafı üçün hansı çətinliklər var? Sektorun inkişafına necə yardım etmək olar?

- Düşünürəm ki, bu, ilk növbədə mentallıq, ənənələrdir... Heç vaxt yadımdan çıxmır, atamın ad günü idi. Çox ciddi bir insan, dostu ona yaxınlaşdı və soruşdu: “Qulaq as, Muradı nə edəcəksən?”. Atamın “necə bəyəm?” sualına cavabda o dedi: “Yazıqdır oğlan. Nə vaxta qədər əlində mikrofonla, televizorda olacaq... Artıq bir işlə məşğul olmağın vaxtıdır. Restoran açsın, ya mehmanxana. Yəni, ciddi bir işlə məşğul olsun...”. Atam sonra çox güldü. Çoxları hələ də başa düşmürlər ki, mənim məşğul olduğum şey elə biznesdir. Onlar hesab edirlər ki, bu, uşaqların, gənclərin oyunlarıdır. İş, biznes isə restoran açmaqdır... Bundan başqa, çoxları hesab edirlər ki, sənaye, biznes yaratmaq üçün çox pul lazımdır, sonra mütləq çox pul qazanmaq lazımdır... Bu da ənənəvi yanaşmadır. Əslində isə, mədəniyyət və kreativ sahəsində öz işini qurmaq üçün kreativ təfəkkür, maraqlı yanaşma lazımdır. Qazanc isə... İnanın, işlədiyim neçə illər ərzində heç bir layihəm mənə böyük gəlir gətirməyib. Bizim indiyədək öz avadanlığımız belə yoxdur, biz avadanlığı kirayə götürürük.

Necə yardım etmək olar? Şəxsi nümunə ilə. İstənilən qələbə insanın özündən başlayır. Öz doğruluğundan, arqumentlərindən, gücündən əmin olduğun vaxt.. Yalnız kreativ sənaye sahəsində uğurlu, maraqlı layihələrin ortaya çıxması yenilərinin inkişafına təkan verəcək. Mənə çox vaxt yeni layihələr gətirirlər. Mən həmişə vəziyyəti şüurlu şəkildə qiymətləndirməyə çalışıram, buna görə hər bir yeni təklifə ölçüb-biçərək yanaşıram. Bəlkə də yeni layihə birinci dəfədən alınar, ya alınmaz, bəs sonra? Sonra nə olacaq? Həmişə sabahı əvvəlcədən düşünmək lazımdır. Sizcə “Maşın şou” niyə alındı? Biz - mən və komandam, 2 il yarım ərzində layihənin formatını diqqətlə işləyib hazırladıq. Biz özümüz maşının ətrafında dururduq, həkimlər və psixoloqlarla məsləhətləşirdik. İş prosesində anlaşılmazlıqlar və incikliklər də olurdu, fikir ayrılıqları ilə əlaqədar bir-birimizlə danışmadığımız hallar da olurdu.

Və bir də, hər şey ətrafdan, istiqamətləndirmədən çox asılıdır. İlk növbədə valideynlərdən, hələ uşaqlıqdan. Valideynlər uşaqda özündən əminlik aşılasa, onun istedadlarını dəstəkləsə, onu öz-özünə kifayət edəcək şəkildə yetişdirsə, o, müvəffəqiyyətli olacaq. Daha sonra dostlar, həmkarlar, ətrafdakı insanlar. Bax, bu mənada mənim bəxtim gətirib. Məni həmişə dəstəkləyiblər. Bu, mənim üçün çox vacibdir. Mədəniyyət və yaradıcılıq sahəsində göründüyündən daha çox vasitələr var. Sadəcə olaraq necə, nə ilə və kiminlə işləyəcəyini hiss etməlisən.

- Bir çox keçmiş ŞHK-çilər sonradan danışıq janrı, serial və teatr artisti oldu. Siz isə, bir növ, televiziyanın dərininə getdiniz, baxmayaraq ki, eyni zamanda çox tələbat olan aparıcısınız. Niyə?

- Hesab edirəm ki, aktyor ayrıca, özünəməxsus bir peşə fəaliyyətidir. ŞHK komandasının üzvlərini aktyor adlandırmaq, məncə, doğru deyil. Aktyor olmaq üçün ŞHK-dən sonra hələ çox oxumaq və öz üzərində işləmək lazımdır. Amma mən özüm üçün prodüsser vəzifəsini seçdim. O, mənə çox yaxındır. Kadrda etdiklərimə, aparıcı kimi çıxış etməyimə və bir növ “oynayan məşqçi” olmağıma baxmayaraq, kadrarxası işi dəfələrlə çox sevirəm. Mən daha çox təşkilatçıyam. Prosesi sevirəm və bilirəm. Mənim üçün bir insanın istedadının olması hələ hər şey demək deyil. Bu, böyük işdir. Və burada bir çox komponentlər var. Xüsusən Azərbaycanda. Burada peşəkar prodüsser anlayışı hələ indi yaranır. Mövcud olan böyük beynəlxalq layihələr prodüsser biznesinin inkişafına məhz indi təkan verib. Təəssüf ki, bizdə prodüsserlik təhsili verən ali məktəblər yoxdur. Bu isə çox vacibdir. Biz öz təcrübəmiz üzərində öyrənirik. Əslində, burada həm təcrübə, həm də təhsil vacibdir.

Bizim M Group Production şirkətimiz Azərbaycanda ilk prodüsser şirkətlərindən biridir. Amma o, çox çətinliklə yaranıb. Bizdən əvvəl ixtisaslaşmış prodüsser şirkəti yox idi. Çoxları hətta prodüsserin kim olduğunu belə bilmirdi. Təxminən 14 il keçdi. Bu gün biz audiovizual məhsul, proqramlar və verilişlər istehsal edirik. M Group Production Azərbaycanda ən böyük event-şirkətlərdən biridir. Biz müxtəlif tədbirlər təşkil edirik, çox vaxt bu tədbirlərə dünya miqyaslı ulduzları dəvət edirik.

- Siz kifayət qədər müvəffəqiyyətli biznesmensiniz. Ən azından, sizin biznesiniz bir forma qazanıb, öz adı var, öz siması var, öz istiqaməti, nəhayət öz tanınan brendi var. İlk dəfə televiziya görən ŞHK iştirakçısı Murad Dadaşovdan öz şirkəti olan, adlı-sanlı televiziya prodüsseri Murad Dadaşova qədər hansı yolu keçmisiniz?

- Bu yolun bir çox komponentləri var.

Motivasiya

Bir an mən məhz bu vəziyyətə düşmüşdüm – “Sirk getdi, klounlar qaldı”... Yəni elə bir an gəldi ki, mən başa düşdüm ki, ŞHK bitdi... Və birdən özümə belə bir sual verdim: “Bundan sonra nə olacaq?”... ŞHK mənim həyatımın böyük hissəsini aldı. Təxminən 10 il çıxış etdim, səfərlərə, qastrollara getdim... Və birdən başa düşdüm ki, mənim müəyyən bir peşəm yoxdur... Yox, mən ali məktəb bitirmişdim, psixologiya fakultəsinin məzunu idim. Amma psixoloq deyildim. Və bir də onu başa düşdüm ki, insanlar, belə deyək, yaxşı əhval-ruhiyyə, zarafat axtarışında zəng edirlər, yazırlar, səni hara isə dəvət edirlər, sənə müraciət edirlər. Cibin boşdursa, bu markanı necə qoruyub saxlamaq olar? Və o anda başa düşdüm ki, bir şeylə məşğul olmaq lazımdır. Yəni motivasiya var idi. Və mən Cabir İmanovla birlikdə televiziyada işləməyə başladım. İlk prodüsserimiz Samir Əsgərxanov idi. Mən TV-də işə, belə demək olarsa, ulduz statusu ilə getdim, amma məlum oldu ki, mənim statusuma tələbat yoxdur. Televiziya işçiləri üçün mən sadəcə olaraq onlardan biri idim. Hər şeyə sıfırdan başlamaq lazım gəldi. Biz ilk layihəmizi “Bakı” studiyasında həyata keçirməyə başladıq. Mən, demək olar ki, oraya-buraya qaçırdım, bir mərtəbədən başqa mərtəbəyə kasset daşıyırdım, mən yeni televiziyanın başlanğıcını gördüm. Bütün bunlar mənə çox maraqlı gəlirdi. Kinodan daha çox. Bu, mənim üçün bir dünya idi – televiziya – burada həm pul verirlər, həm də öz yolunu tapa bilərsən. Mən uğur qazanan verilişlər, filmlər, proqramlar yaratmağa başladım.

Auditoriyam

Uğurlu irəliləyişimin ikinci mühüm amili mənim auditoriyam olan valideynlərim oldu. Mənim çox maraqlı ailəm var. Atam rusdilli bakılı, anam isə azərbaycandilli - gəncəlidir. Anam musiqiçi kimi incəsənətə daha yaxındır, atam isə cazı sevsə də, incəsənətdən uzaqdır, o, nəqliyyatçıdır. Buna baxmayaraq, onlar yaradıcı insanlardır və mənim bütün təşəbbüslərimi dəstəkləyirlər. Beləliklə, mən öz layihələrimi, verilişlərimi hazırlayarkən hər iki – həm rusdilli, həm də azərbaycandilli auditoriyanın maraqlarını və nəyə üstünlük verdiyini bilirdim. Mən hər ikisi üçün maraqlı olan nadir məhsul yaratmağa müvəffəq oldum. Evimdə eyni zamanda iki fokus qrupu və iki tənqidçi var idi. Anam və atam arasında bu daimi “sürtüşmə” nadir məhsulun əmələ gəlməsinə gətirib çıxarırdı. Və mən çox şey uddum. Auditoriya cəlb etmək və onu əhatə etmək uğurun ən böyük komponentlərindən biridir.

Şöhrət

Şəxsən mənim üçün üçüncü və əhəmiyyətli komponent mənim tanınmış olmağım idi. İdeyanı təkbaşına həyata keçirmək üçün şəxsi vəsait kifayət etmirdi. Sponsorlar cəlb etmək lazım gəlirdi. Mən pul, dəstək üçün müraciət etdikdə insanlar dərhal ŞHK-ni xatırlayır və gülümsəyirdilər. Təbəssüm o demək idi ki, insanlar məni tanıdı. Şübhəsiz, bu, uğurumun ən mühüm komponentlərindən biri idi, amma eyni zamanda, həm də məsuliyyət idi: başqasının pulunu riskə atmaq olmaz. Mən bir az da öz imicimin qurbanıyam – kiçik büdcəli layihələr hazırlaya bilmirəm.

Qısqanclıq, paxıllıq, kin olmaması... İdeyanın mübtəlası olmaq

Bunu mütləq deməliyəm... Kiminsə acığına nə isə edirsinizsə, işdə uğur, inkişaf və irəliləyiş əldə edə bilməzsiniz. Sizin üçün motivasiya kimdəsə olan, sizdə isə olmayan bir şeydirsə. Kimsə yaradıb, siz isə acığa daha yaxşısını yaradacaqsınızsa... İş, biznes, layihə, nə olursa olsun, hər şeyin başlanğıcı qurmaq, yaratmaq, arzulamaq istəyinə əsaslanmalıdır... Yəni yalnız pozitivə və Sizin bunu özünüz üçün və sevgi ilə etməyinizə. Media biznesi, şou-biznes, yaradıcılıq çox təhlükəli, mürəkkəb sahədir, orada bir çox görünməyən, sualtı axınlar var. Hər gənc və istedadlı şəxsə dərhal qucaq açıb qəbul etmirlər. Buna görə də yalnız düzgünlük və səmimi olaraq nə isə etmək, nə isə yaratmaq, bacardığınız bir şeyi təqdim etmək səyləri kömək edə bilər. Və öz nüfuzunuzu maksimum qorumaq lazımdır. Hamı ilə, həm sponsorlarla, həm sizə işləyənlərlə, həm tamaşaçılarla... hamı ilə vicdanlı olmaq lazımdır. Və ümumiyyətlə, hesab edirəm ki, meqa müvəffəqiyyətli insanlar vəhşicəsinə qazanmaq və ya məşhurlaşmaq istəyi olan insanlar deyil, öz ideyasının, yaradıcılığının, öz prosesinin mübtəlası olan insanlardır. Mən öz ideyamın mübtəlasıyam. Və bu, mühüm amildir.

Komanda

Mənim üçün ən əsası insan amilidir. Mən komandadan çıxmışam. “Komanda tarixi”nin nə olduğunu bilirəm. Komanda - işləri, rolları, uğuru və uğursuzluğu düzgün bölüşdürmək bacarığıdır. Bunda ŞHK mənə çox kömək edib. Allah rəhmət eləsin Anar Məmmədxanova, o, böyük iş görüb. Və ona baxaraq, onunla işləyərək mən komandanın nə olduğunu, insanlarla necə işləmək lazım olduğunu başa düşdüm. Öz MGP (M GROUP PRODUCTION) şirkətimlə qürur duyuram. Mənə elə gəlir ki, qazandığım hər şey – televiziya komandası, təcrübə - ən dəyərli şeydir. Layihələr bəyənilə və ya bəyənilməyə bilər, onlar bu gün müasir görünə bilər, üç il sonra isə bu mənasız şeyi necə edə bildiyinizə heyrətlənə bilərsiniz. Ən əsası, bizim əldə etdiyimiz təcrübə və komandadır. Bir çox uğurlu televiziya işçiləri məhz bizim şirkətimizdən keçib. Və çoxları ilə yaxşı münasibətlərimiz qalıb. Mən ümumiyyətlə birlikdə işlədiyim insanlara çox dəyər verirəm.

Öz-özünə kifayət etmək

Növbəti mühüm amil öz-özünə kifayət etməkdir. Mənə deyəndə ki, kimsə depressiyadadır, kimsə özünü pis hiss edir və ya tək darıxır, bunu başa düşməkdə çətinlik çəkirəm... Necə darıxdırıcı ola bilər? Mən öz fikirlərimlə heç vaxt darıxmıram. Mənim başımda o qədər fikir, o qədər ideya var ki, mənə elə gəlir ki, illərlə tək oturub bu fikirləri və ideyaları düşünə bilərəm. Deyirlər ki, bir gecədə həyatı dəyişdirmək olmaz, amma bir gecədə həyatı dəyişdirəcək fikirləri dəyişdirmək olar. Öz-özünə kifayət etmək, özü-özünü həyata keçirmək amili çox vacibdir.

Sosial komponent

İstənilən biznesin, məhsulun tamaşaçısı olmalıdır. Sizin layihələriniz, biznesiniz, yaradıcılığınız sosiumdan tamamilə uzaqdırsa, onlar auditoriyadan da o qədər uzaqdır. Auditoriya prodüsser üçün, televiziya üçün, tamaşaçı üçün məhsul yaradan bir insan üçün həddindən artıq vacibdir. Layihənin uğuru ondan ibarətdir ki, mənim tok-şoudakı suallarım belə auditoriya tərəfindən verilsin. Və bizim dünyamızın hər şeyi əsarəti altına alan texnologiyalar dünyası olduğunu desələr də, bütün bunlar boş şeydir. Bütün texnologiyaların arxasında insan, tamaşaçı durur. Hər şey sosialyönümlü olmalıdır.

Other interesting stories: