"Sadəcə olaraq hər bİr mədənİ İdeyanın üzə çıxmasına və həyata keçməsİnə İmkan vermək lazımdır"

Böyük Britaniyalı teleaparıcı, rejissor və prodüser Corc Kerri və Azərbaycanın mədəni siyasət üzrə beynəlxalq eksperti Cahangir Səlimxanov Azərbaycanda və regionun digər ölkələrində mədəni və kreativ istehsalatın inkişafının ən aktual suallarına cavab verirlər.

Mədəni və yaradıcı istehsalat və dövlət tərəfindən dəstək

C. Kerri: Mən hesab edirəm ki, əgər hökumət və ya dövlət mədəni və yaradıcı istehsalatı tam maliyyələşdirirsə, bu sahədə müstəqillik və deməli azad fəaliyyət barəsində söhbət gedə bilməz. Digər tərəfdən dövlət elə bir şərait yarada bilər ki, yaradıcı istehsalatın öz-özünü maliyyələşdirməsi üçün yollar tapmağa imkanı olsun, yəni biz elə bunu azad bazar və rəqabət adlandırırıq.

C. Səlimxanov: Mədəni və yaradıcı istehsalatlar hər hansı bir dəstəyin olmadığı və ya iqtisadi böhran anlarda da ayaq üstə qalmaq üçün həmişə özlərinə yol tapmalıdırlar. Belə desək, bizim halda neftin qiymətinin aşağı düşməsi əslində durğunluq əleyhinə bir vasitədir. Ölkədə iqtisadi şəraitin pisləşməsi birbaşa və ya dolayısı ilə insanları yaradıcı düşünməyə, həyatlarında nəyisə dəyişməyə məcbur edən bir amildir. Marqaret Tetçerin Böyük Britaniyada mədəni və kreativ istehsalatın inanılmaz imkanlarını oyadan və fəallaşdıran sərt iqtisadi islahatlarını xatırlamağın əsl yeridir. Etiraf etmək lazımdır ki, orada başlanan kreativ istehsalatın inkişafı müəyyən vaxtdan sonra digər ölkələrə də sirayət etdi. Məsələn, Çin, o cümlədən buna diqqət yetirmiş ərəb ölkələri də dərhal bu ideyaya qoşuldular.

Alternativ dəstək mənbələri

C. Kerri: İqtisadi vəziyyətə gəldikdə isə, mən onun mədəni və yaradıcı istehsalatın inkişafı prosesinə həqiqətən də təsir etməsi fikri ilə tam razıyam. Məsələn, nə vaxtsa qəzetlərin oxucu auditoriyasının azalması KİV-nin çap məhsulunun yaradılmasına münasibətin dəyişdirilməsinə səbəb oldu. Bir çox KİV-nin çap məhsullarında qənaət məqsədi ilə səhifələrin sayı azaldıldı, bu da öz növbəsində məhsulun kəmiyyət və keyfiyyət tutumunda özünü göstərdi. Məqalələrin həcmi gözlə görünən dərəcədə azaldı, səhifələrin görkəminə diqqət artırıldı. Auditoriyanın cəlb edilməsi üçün redaktorlar şou-biznesdəki məşhur adamların həyatından təfərrüatların yer aldığı əyləncə xarakterli məqalələrə üstünlük verməyə başladılar. Məqalələrin dili daha sadə və canlı oldu.

C. Səlimxanov: Hərdən mədəni və yaradıcı istehsalatların özləri kənardan sərmayə cəlb edilməsini şərtləndirilər, məsələn, Kolumbiyada olduğu kimi. Bütün dünyada məşhur olan müğənni Şakira və yazıçı Qarsia Markes Kolumbiyanın populyarlaşmasında və iqtisadi gəlirində bu ölkənin iqtisadi cəhətdən ixracatda ən çox xeyir gətirən kolumbiya qəhvəsindən daha böyük rol oynadılar.

C. Kerri: Bəli, bu belədir, amma Azərbaycana gəldikdə mən diqqəti hər hansı mədəni və yaradıcı istehsal sahəsində üzə çıxa biləcək böyük potensialın axtarışında cəmləşdirməyi məsləhət görməzdim. Mən diqqəti daha çox bütün dünya üzrə əməkdaşlıq əlaqələrinin axtarışına və genişləndirilməsinə yönəldərdim. Mən turizmdəki boşluqdan başlayardım, çünki kreativ ideyanın yaradılması və həyata keçirilməsi işin ancaq yarısıdır, onun uğuru daha çox bu ideyanın mədəni istehsalatın beynəlxalq şəbəkəsində necə yaymağımızdan asılıdır.

Mədəni müxtəliflik

C. Səlimxanov: Son vaxtlar Bakıda təsəvvürümüzə gətirə biləcəyimiz ən müxtəlif musiqi səslənən bir çox musiqi klubları peyda olub. Heç ağlıma da gətirmədiyim çoxsaylı özfəaliyyət teatrları və digər mədəni emalatxanalar açılıb. Həm də mən onlar haqqında məlumatı KİV-lərdən yox, sosial şəbəkələrdən və digər İnternet mənbələrindən almışam. Hesab edirəm ki, mədəni və kreativ istehsalatdakı bu yeni axınların populyarlaşdırılmasında KİV-lərin təşəbbüs göstərməsi yerinə düşərdi.

C. Kerri: İstər kütləvi , istərsə də yüksək mədəniyyət sahəsindəki ideyaların gerçəkləşdirilməsi üçün hər şeyi öz yerinə qoyacaq zamana ehtiyac var. Misal gətirim. Şekspir öz əsərlərini yazdıqdan ancaq 200 il keçəndən sonra onlar yüksək incəsənət etalonuna çevrildilər. Amma, ona qədər heç kim bu əsərləri ciddi qəbul etmirdi, onlar bizim indi əyləncəli nəşrlər hesab etdiklərimiz kimi qəbul olunurdu. Ona görə də, mən vaxtından qabaq nəticə çıxarmağın tərəfində deyiləm. Sadəcə olaraq hər bir mədəni ideyanın üzə çıxmasına və həyata keçməsinə imkan vermək lazımdır. Vaxtı gələndə o mədəni və yaradıcı sahədə öz layiq olduğu yerini tutacaq.

Redaktorlar və jurnalistlərlə görüşdən tezislər, 22 aprel, Bakı, Azərbaycan

 

Other interesting stories: