Sevinc Ağazadə: “Mədəniyyət özünü geniş dünyaya təqdim etmək istəyən istənilən gənc və inkişaf edən ölkə üçün ən yaxşı səfirdir”

Mədəniyyət və Yaradıcılıq Proqramının Azərbaycan üzrə Koordinatoru mədəniyyətin cəmiyyətdə olan rolu barədə danışdı. O, həmçinin Bakıda ziyarət etmək üçün bir neçə dəyərli mədəniyyət tədbirlərini qeyd etdi.

Sevinc Azərbaycanın Qərb Universitetində Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə təhsil almış və Bakıdakı Amerika Universiteti və "International House Bakı" kimi beynəlxalq təhsil təşkilatlarında işləmişdir. O, 2011-ci ildə "British Council"də işləməyə başlamış və Avropa İttifaqı ilə "British Council"ın birgə maliyyələşdirdiyi Bərabər və Məsuliyyətli Cəmiyyət Üçün İnklüziv Qərarlar (IDEAS) layihəsinin Azərbaycan üzrə ilk Koordinatoru olmuşdur. Yeddi ölkədə həyata keçirilən bu layihənin məqsədi əlilliyi olan insanların həyat və imkanlarına təsir edən siyasi qərarların verilməsi proseslərində iştirakını artıqmaqdır. Bu layihə yerli vətəndaş cəmiyyətinin fəal qrupları, media və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. 2014-cü ilin aprelində Sevinc Aİ-nin maliyyələşdirdiyi Mədəniyyət və Yaradıcılıq Proqramının Azərbaycan üzrə Koordinatoru təyin edilmiş və proqramın gedişatı haqqında biliklərini, təşkilati bacarıqlarını, həvəs və cazibəsini, incəsənət sahəsinə və mədəniyyət sektorunun gələcək inkişafına olan dərin marağını özünün bu yeni vəzifəsinə gətirmişdir.

Proqram çərçivəsində bu il üçün nəzərdə tutulmuş tədbirlər 

Azərbaycanda gerçəkləşəcək proqram təlim seminarları seriyası və bu ilin yayı və payızında baş tutacaq səfərlərlə başlayacaq.

Aprel ayının sonunda Britaniyanın tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerri yerli mədəni siyasət və incəsənət üzrə ekspert Cahangir Səlimxanovla birlikdə Azərbaycanın müxtəlif yerlərindən gəlmiş KİV-lərin nümayəndələri ilə KİV-lərin mədəni və kreativ sahələrin imkanlarının inkişafına necə dayaq ola bilmələri və bu sahəyə göstərdikləri dəstəyi ictimaiyyətə necə təqdim etmələri mövzusunda müzakirələr aparacaqlar.

Bundan əlavə, Aİ və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, məqsədi Şərq tərəfdaşlığı ölkələrində gələcək mədəni liderlər nəslinin tərbiyəsi və menecer potensialının artırılması olan mədəni əməkdaşlıq layihəsi işə başlayacaq. Layihə üçün seçilmiş iştirakçıların əksəriyyəti yaradıcılıq və mədəniyyət sahələrinin gənc liderləridir və onlar dövlət, özəl və qeyri-hökumət təşkilatlarında qalereya işi, dizayn, dəb, kino, festivalların təşkili, ifaçılıq sənəti, o cümlədən nəşriyyat sahələrində işləyirlər. Növbəti bir neçə ay ərzində bu qrup üçün təlim seminarları keçiriləcək.

Mədəniyyətin cəmiyətdə olan rolu barədə

Qədim və müasir köklərə malik bir ölkə olan Azərbaycanın mədəniyyəti tariximizin təcəssümüdür.

Mənim fikrimcə, mədəniyyət özünü geniş dünyaya təqdim etmək istəyən istənilən gənc və inkişaf edən ölkə üçün ən yaxşı səfirdir. Xarici neft şirkətləri Azərbaycanda fəaliyyətə başladıqları 1993-cü ildən başlayaraq ölkəmizin mədəni sərvətlərini – artefaktlar və binaları, qeyri-maddi irsi, incəsənət və yaradıcılığımızı dünyaya təqdim etmək üçün yeni layihələri dəstəkləyiblər. O vaxtdan bəri xalqımızın gənc və istedadlı nümayəndələri Azərbaycan mədəniyyətini dünyanın müxtəlif guşələrində təmsil etmiş və Azərbaycanı alov və neft, gözəl təbiət və istedadlı insanlar yurdu kimi tanıtmışlar. Mədəniyyət – millətin həm özünə olan baxışı, həm də onun bütün dünyada ifadə vasitəsidir və bunların hər ikisi böyük əhəmiyyətə malikdir.

Mədəniyyət cəmiyyətə bütün müsbət təsirləri göstərir, istər tanış, istərsə də gözlənilməz şəkildə. Bildiyiniz kimi, mədəniyyətə sərmayə qoyulması ölkənin sosial və iqtisadi inkişafının sürətlənməsinə gətirib çıxarır. Nüfuzlu siyasətçilər milli mədəniyyət standartlarına yüksək dəyər verməlidir; insanlar mənsub olduqları mədəniyyəti tanımalı və onun həyatımıza hopmuş canlı bir axın olduğunu anlamalıdırlar; gənc nəsil isə bu axının dayanmadan gələcək nəsillərə çatdırılması üçün bacarığa, inama, gəlirə və birlik hissinə malik olmalıdır. Buna görə də mən bizim Yaradıcılıq və Mədəniyyət layihəsinin çox vacib olduğuna, zamanla ayaqlaşdığına inanıram və bu layihədə iştirak etdiyim üçün qürur hissi duyuram.

Azərbaycanda keçiriləcək 5 mühüm mədəniyyət tədbirləri 

2016-cı ilin aprelində Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumuna ev sahibliyi edəcək. Hər il bu Forum ümumdünya mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil edilməsi üçün dövlət xadimlərini, xarici işlər nazirlərini, vətəndaş cəmiyyətlərini, dini icmaları və peşəkar təşkilatları, o cümlədən digər maraqlı tərəflərin nümayəndələrini bir yerə toplayır. Forumda əsas diqqət sosial inteqrasiyaya yönəlsə də (bu il Azərbaycanda Multikulturalizm ilidir), burada böyük mədəniyyət proqramlarına da yer ayrılıb.

Azərbaycan yüksək səviyyəli, irimiqyaslı tədbirlərin təşkil edilməsi bacarığını artıq nümayiş etdirib. Bakı 2015 Avropa oyunlarının Dimitris Papaioannounun rəhbərliyi altında təşkil edilmiş və beş minə yaxın azərbaycanlı iştirakçı, idmançı və rəqqasın çıxışlarını özündə birləşdirən açılış mərasimi mənim o vaxta qədər gördüyüm ən gözəl mərasimlərdən biri idi. Bu çox füsunkar, ecazkar və əsl Azərbaycana xas üslubda təşkil olunmuş bir mərasim idi. Baxaq görək, Formula Bir Qran Pri yarışları da bu səviyyəni qoruyub saxlaya biləcəkmi...

Növbəti 2017-ci ildə Azərbaycanda daha bir böyük tədbir – IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. "Bakı Prosesi" kimi də tanınan Ümumdünya Forumu 2008-ci ildən başlayaraq keçirilir. Əvvəlki forumlar 2011, 2013 və 2015-ci illərdə baş tutmuşdur. "Bakı Prosesi" mədəniyyətlərarası dialoq və beynəlmiləl dəyərlərin paylaşılması ilə bağlı əsas müasir problemlər haqqında müzakirələrin və fikir mübadilələrinin aparılması üçün qlobal platformaya çevrilmişdir. Onlar bizim qloballaşmış və eyni zamanda getdikcə daha da fərqlənən cəmiyyətlərimizin həll etməli olduğu aktual məsələlərdəndir.

Xüsusi olaraq qeyd etmək istədiyim daha bir vacib tədbir "Muğam Dünyası" Beynəlxalq Musiqi Festivalıdır. Festival muğam ruhunu və cazibəsini bölüşən ölkələrin musiqi bayramıdır. Muğam sənəti hazırda yalnız Azərbaycanın dəyər verdiyi sərvət deyil, o, artıq ümumdünya mədəni irsinin ayrılmaz hissəsidir. Qədim muğam sənəti müxtəlif ölkələrdən olan ifaçılar, musiqiçilər və alimləri Bakıda bir araya gətirir. 

Bu il Azərbaycanda bir çox musiqi festivalları keçiriləcək. Bunlar arasında 2016-cı ilin sentyabrında baş tutacaq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalını xüsusi olaraq qeyd etmək lazımdır.

E-mail: Azerbaijan@culturepartnership.eu 

Other interesting stories: