
Rzayeva Günel: "Tərcümə biznesinin əsası insanlar və texnologiyalardır"
Mənə elə gəlir ki, “öz işim” haqqında danışmaq elə sevgidən danışmağa bərabərdir. Çünki hər iki mövzu tükənməzdir. Əslində, sevgi ilə “öz işin” arasında elə də böyük fərq yoxdur. Sadəcə olaraq, sən öz işinə vurulursan, valeh olursan, özünü tam işinə qurban verirsən. “Maşina vremeni” qrupunun oxuduğu mahnıdakı kimi...
“Bu həyatın mənasını
Özümü sonraya saxlamadan
Sevmək və irəli getməkdə görürəm”.
Bunu ona görə “öz işim” adlandırıram ki, sərmayə yatıracağın və gəlir əldə edəcəyin “biznesdən” fərqli olaraq, bu, insanın şəxsi taleyi ilə birbaşa bağlıdır. Öz işin odur ki, sən bu uzun nərdivanın pillələrini addım-addım özün qalxırsan. Xaricdə olanda mən, təəssüf ki, keçmiş Sovet məkanında mövcud olmayan kiçik ailə biznesi mədəniyyətinə həmişə heyran oluram. Sağlam iqtisadiyyatın əsasını nəhəng dövlət korporasiyaları deyil, məhz kiçik və orta biznes təşkil edir. Onun hansı sahə üzrə olmasının bir o qədər də fərqi yoxdur; bu, qəhvəxana, gül dükanı, kitab mağazası, şirniyyat və ya şüşə emalatxanası ola bilər. Axı, şirniyyat dükanında önlüyü una bulaşmış sadə ailə cütlüyünün səni qarşılamasından gözəl nə ola bilər?! Onlar hər şeyi özləri idarə edir; böyük qızları kassa arxasındadır, oğulları isə isti kökələri qablaşdırıb, üstünə bənövşə dəstəsi də əlavə edib velosipedlə müştərilərə çatdırır! Bu biznesin məqsədi Fortune 100 siyahısına düşmək deyil, sadəcə ailənin qayğısız həyatını təmin etməkdir. Amma, necə deyərlər, pis əsgər odur ki, general olmaq istəmir. Çox vaxt elə məhz bu cür kiçik bizneslərdən dünyaca məşhur brendlər yaranır.
Ali təhsilimi bitirdikdən sonra mən də hamı kimi maaşlı işə düzəlmişdim. O vaxt alternativ yox idi. Çox iş yeri dəyişdim, ancaq heç bir yerdə qərar tuta bilmədim, baxmayaraq ki, işlədiyim yerlərdə əmək haqqı ürəyimcə olurdu. Daim axtarışda idim, həmişə nə isə təşkil etmək, öhdəmə düşən işlə bağlı mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün müxtəlif resurslarla eksperiment aparırdım. Bu, mənə daha çox xoş idi.
10 il ən müxtəlif yönümlü şirkətlərdə işləyəndən, daha doğrusu, əziyyət çəkəndən sonra mən nəhayət ki, “azad uçuş” qərarına gəldim. Sovet dövrünün yetirmələri olan valideynlərimi yeni başladığım işin uğur qazanacağına inandırmaq çox çətin idi. Onlar 40 ildən çox yalnız bir yerdə işləyən insanlardır. “Avans- maaş” psixologiyası onların ruhuna hopmuşdu, qanına işləmişdi. Maaş onlar üçün sabitlik, stabillik rəmzi idi. Sabitlik isə yaxşı və ya pis anlayışlarına bölünmürdü. Əsas sabitliyin özü idi. Həyat pis də ola bilərdi, yaxşı da, amma mütləq stabil olmalı idi.
Mən isə özümü irəli atdım..., nəhayət ki,... uçmaq üçün. Düzdür, əvvəl bu uçuşdan daha çox uçuruma yuvarlanmağa, çox dərin və qaranlıq bir quyuya düşməyə bənzəyirdi. Çox sonralar atam mənim səfeh qəhrəmanlığımının nəzəri əsasını tapıb ona ad da qoymuşdu. O, bunu “antikövrəklik” vərdişlərinin inkişafı üçün məşğələlər adlandırırdı. Artıq bu gün, mən deyə bilərəm ki, əlbəttə, bu cür kinoya əsəbləri zəif olanlar baxmamalıdır. Sərbəstlik və hər şeyin mümkün olması hissindən yaranmış eyforiyanın rəngli kadrları yorğunluq və bundan yaranan vahimənin ağ-qara kadrları ilə əvəz olunurdu. Hətta Amerikadan “How to Start Your Translation Business” kitabını sifariş verib onu demək olar ki, əzbərləmişdim, amma bununla belə “Nə və necə etməliyəm?” sualı məni rahat buraxmırdı. Maaş aldığın işlərdə hansısa bir sahəyə cavabdehsən, öz işini quranda isə həm veb-proqramlaşdırma, həm mühasibat, həm vergi qanunvericiliyini öyrənməlisən, həm də işçiləri seçməyi və marketinqi bacarmalısan, – hələ öz biznesimi də ayrıca nəzərdə tutsam, tərcümə sahəsindən də baş çıxarmalısan.
Firmanı necə adlandırmaq barədə çox fikirləşmişdim. Biznes iştirakçılarının və ya onların ailə üzvlərinin adlarının birinci hərflərindən düzəldilmiş müxtəlif akronim və qısaltmaların lap əvvəldən qəti əleyhinə idim. Nəsə qeyri-adi, obrazlı, təəccübləndirən və müxtəlif yozumlara imkan yaradan bir ad olmalı idi. Yahoo-nun, “qulağına tutarsan – bütün dilləri başa düşərsən” uydurma Babil balığı şərəfinə adlandırılmış oxşar adlı “Babel Fish” onlayn tərcümə xidməti var. Bundan da başqa, əlifbada ikinci hərf “B” olduğuna görə bu cür ada bütün sorğu kitablarının lap əvvəlində rast gəlinir. Firmanın adında gördüyünüz “Dilli Balıq” ifadəsi oksümorondur. Oksümoron stilistik effekt yaratmaq üçün bir-birini inkar edən, həm çox dərin, həm də bir az mənasız görünən iki sözün qəsdən bir yerdə istifadə olunmasıdır. Bu təzadlı söz birləşməsi məni özünə cəlb etdi. Nəticədə “Babbler Fish Translation Services” adı yarandı.
Bizim agentlik artıq 7 ildir ki, fəaliyyət göstərir. Müştərilərimiz, əsasən keyfiyyətə üstünlük verən xarici şirkətlərdir. 2015-ci ildə biz ölkəmiz üçün möhtəşəm hadisə olan Bakı-2015 Birinci Avropa Oyunlarının təşkilat komitəsində çalışırdıq. Bu, bizim komanda üçün böyük təcrübə və həqiqətən çox maraqlı bir vaxt idi. İndi isə Bakı-2017 İslam Həmrəyliyi Oyunları üçün tərcümələr üzərində işləyirik.
Mən iqtisadiyyat üzrə təhsil almışam və məndən soruşanda ki, özün dilçi olmadan tərcümə biznesini necə idarə edirsən, mən həmişə belə cavab verirəm: “Yumurta istehsal etmək üçün toyuq olmağa gərək yoxdur” və müsahibimə sınaq tərcümə təklif edirəm ki, işimizin keyfiyyətini özü qiymətləndirsin. Tərcümə biznesinin əsası insanlar və texnologiyalardır.
Əlbəttə ki, müasir kompüter texnologiyaları tərcümə biznesinin tərkibinə daxil olan vacib amillərdən biridir. Bu, dünyanın müxtəlif yerlərində yaşayan tərcüməçilər komandasının işini təşkil etməyə, tərcümələri daha tez və keyfiyyətli etməyə imkan verir.
Əslində, peşəkar işçi qüvvəsindən asılı olmaq biznesdə risk amili hesab edilir. Məsələn, siz hansısa bir bahalı avadanlıq alırsınız və onu istismar edirsiniz. Avadanlıq sizin qızıl yumurta gətirən toyuğunuzdur. Operatorun biri getsə də, siz asanlıqla başqasını tapıb, qısamüddətli təlim keçirdikdən sonra onu işə qoşursunuz. İntellektual xidmətlər sahəsində qızıldan avadanlıq olmasa da, qızıldan dəyərli insanlar var, onları tapmaq və yanınızda saxlamağı bacarmaq lazımdır.
Tərcümə, sözsüz ki, yaradıcı fəaliyyətdir. Onu da nəzərə almaq lazımdır ki, biz təkcə zavodların istismarı üzrə təlimatları deyil, həm də kitablar və filmlərin altyazılarını da tərcümə edirik. Bəlkə elə buna görə, bizim müəlliflərin bir çoxu özləri hekayələr, esselər, şeirlər yazır, hətta bəzi müəlliflərin yazılarını bizim www.babfish.az saytında oxuya da bilərsiniz. Bu fakt məni müştərilərimizə kopiraytinq xidmətlərini, yəni, saytlar üçün mətnləri, promo məqalələri, reklam xarakterli materialları hazırlamağı təklif etməyə həvəsləndirdi.
Öz biznesini başlamaq istəyənlərə isə bu tövsiyələri verə bilərəm:
-
Özünüzə sual verin: bu işə başlayım ya yox? Əgər bu işsiz keçinə bilirsinizsə, yaxşısı budur, heç başlamayın.
-
Heç nədən qorxmayın. Ehramları insanlar tikib, tanrılar yox!
-
Təslim olmayın. Mənim Uil Smitin bax bu https://www.youtube.com/watch?v=q2EOQ_AUqFk həvəsləndirici videoda dediklərindən çox xoşum gəlir: “Mənim çox sadə və aydın konsepsiyam var – mən qaçış cığırında ölməkdən qorxmuram. Ola bilsin, siz məndən istedadlısınız, ağıllısınız, güclüsünüz, ola bilsin siz məndən hər cəhətdə daha üstünsünüz, ancaq, əgər biz qaçış cığırına birlikdə çıxırıqsa, yalnız 2 nəticə mümkündür: ya siz məğlub olursunuz, ya da mən ölürəm.” Mütləq baş verəcək çətinliklər qarşısında məğlub olmamaq üçün siz də özünüzü həvəsləndirməyə hansısa bir ilham mənbəyi tapın.
-
İnsanları və onların əməyini qiymətləndirin.
-
Keyfiyyətdə qənaət etməyin, çünki aşağı keyfiyyət yüksək keyfiyyətdən daha baha başa gəlir. Söhbət qazandığınız etibarın, müştərilərin inamının itirilməsindən, qüsuru aradan qaldırmağa çəkəcəyiniz xərcdən gedir.
-
Heç vaxt zəngin müştəridən çəkinməyin və onun qarşısında özünüzü itirməyin. Xidmətlərinizi satmağa gəlmisinizsə özünüzə deyəcəyiniz sözlər bunlar olmalıdır: “Mən qalibəm. Məni heç vaxt rədd cavabı ilə əksiltmək olmaz. Mən özümü satmadan, heç kimə borclu olmadan, heç nəyə baxmadan irəli gedirəm və öz işimi görürəm. Ola bilsin, bu yolu kimsə şəxsi təyyarəsi ilə, mən isə öz velosipedimlə gedirəm. Amma bu işi mən özüm yaratmışam və xidmətlərim mükəmməldir.”