MƏDƏNİyyət sahəsİndə LİDERLİK xüsusİyyətlərİ
Mədəniyyət və kreativ istehsalat sahəsində liderlər – kimdir onlar?
Entoni Attard Malta dövlətində mədəni ideyaların irəli çəkilməsi sahəsindəki şəxsi təcrübəsinə əsaslanaraq söylədi ki, çox zaman mədəniyyət sahəsində yeniliklərin həqiqi liderləri böyük artist və incəsənət xadimləri adlandırılanların kölgəsində qalırlar. Təcrübə göstərir ki, mədəniyyət sahəsində yeniliklər prosesini çox vaxt müxtəlif sahələrdən mütəxəssisləri cəlb edə biləcək liderlərin yoxluğu ləngidir. Məsələn, onlar bu işə mədəni məhsulun bazara çıxışının risklərini və perspektivlərini qiymətləndirə bilən və investisiyaların düzgün ekspertizasını apara bilən iqtisadçıları və əməkdaşlıqları qanunverici bazanın sağlamlaşdırılmasına səbəb ola biləcək hüquqşünas və qanun yaradıcılarını, yaxud cəmiyyətdə mədəni istehsalat haqqında düzgün fikir formalaşdıra biləcək media nümayəndələrini cəlb edə bilərdilər. Ümumi ideyanın irəliləməsi üçün hər kəs ayrı-ayrılıqda çox şey edə bilər, lakin onları birləşdirməyə yalnız həqiqi liderlər qadirdir.
Bütün istehsalat sahələrinin dilində danışmaq
Əvvəllər Entoni Attard iqtisadçılarla saatlarla bir yerdə olurmuş. Onlar anlaşılması mümkünsüz görünən terminlər dilində danışırmışlar. Amma bir gün bu öz bəhrəsini verib.
Ekspert deyir: “Sadəcə bir misal çəkim. 2004-cü ildə, mən Maltanın mədəni sahəsinə istiqamətlənmiş ictimai investisiyaların həcminin tədqiqinə başlayarkən, o, demək olar ki, sıfır səviyyəsində idi, daha dəqiq desək, ölkə büdcəsinin 0,4%-ni təşkil edirdi. 2015-ci ildə vəziyyət dəyişdi və investisiyaların həcmi təxminən 40% yüksəldi. Biz Maltada qanun səviyyəsində mədəniyyət siyasətinin qəbul edilməsinə nail olduq.”
Əlaqələr – mədəniyyət sahəsində vasitəçiliyin əsası kimi
Cahangir Səlimxanov da əlaqələr və münasibətlərin rolunun əvəzedilməz olduğunu düşünür. Daim yeni əlaqələrin yaradılması çox vacibdir. Hər gün tanışlıq yaratmaq, yeni insanlarla münasibətdə olmaq lazımdır, çünki bu gün də olmasa, sabah onların hər biri mədəni təşəbbüsün gerçəkləşdirilməsində öz rolunu oynaya bilər.
“Bizim problemimiz ondadır ki, hətta ən yaxşı ideya da, çox zaman əlaqələrin olmaması səbəbindən, durğunluqdan çıxmır. Lider heç də hər şey haqqında düşünməyə və hər şeyi tək etməyə məcbur deyil və bu, fiziki cəhətdən mümkün də deyil. Lider o adamdır ki, öz komandasında rolları və vəzifələri düzgün bölüşdürür, bütün komandanın fəaliyyətinə düzgün tonallıq və temp verir. Mən bunu hətta mədəni liderlik deyil, mədəni vasitəçilik adlandırardım.” – C.Səlimxanov söylədi.
Kreativ ideyaların gerçəkləşməsində liderlərin üzləşdiyi özünüifadə problemləri İnteraktiv müzakirələr zamanı ideyalara lobbiçilik və sponsor axtarışı, söz və ifadə azadlığının məhdudlaşdırılması, müəllif hüquqlarının qorunması da daxil olmaqla bir neçə əsas problem vurğulandı.
Seminar iştirakçılarından biri, şairə: “Bizdə, mədəniyyət nümayəndələrinin bir çoxunda öz ideyalarının lobbiçiliyi problemi mövcuddur. Biz nə işgüzar, nə marketoloq, nə də piarçıyıq, biz yaradıcı adamlarıq, ona görə də bizdə yaradıcı potensialımızı həyata keçirmək üçün hər hansı bir biznes bacarığı yoxdur. Mən Azərbaycanda ingilis dilində şeir yazan və Britaniya Yazıçılar Assosiasiyasının üzvü olan çox az adamdan biriyəm. Belə baxanda, ideya var, əlaqələr mövcuddur, amma buna baxmayaraq hiss edirəm ki, irəliləmək və lobbiçilik səriştəmin olmaması səbəbindən yaradıcı fikirlərimi həyata keçirmək imkanlarına malik deyiləm”.
Mədəniyyət sahəsində özünəməxsusluğun rolu
Ekspertlər hesab edirlər ki, mədəni özünəməxsusluq rəqəmlərlə deyil, keyfiyyətlə ölçülür. Məsələ heç də mədəniyyətə nə qədər investisiya qoyulmasında deyil, son məhsulun keyfiyyətindədir. Ona görə də, əgər hansısa bir mərhələdə müəyyən imkanlar əldən çıxıbsa, sadəcə irəliləməyə davam etmək və nə alınırsa onu da yaratmaq lazımdır. “Yaradıcılıq etdiyiniz hər bir işdə özünə yer almalıdır. Misal gətirim. Dünyanın məşhur dizaynerlərindən biri öz karyerasını demək olar ki, sıfırdan, müəyyən bir sərmayəsi olmadan başlamışdı. Birinci gördüyü iş internetdə məşhur brendlərin elementlərini özünəməxsus şəkildə modelləşdirib yerləşdirmək oldu, məsələn, Apple brendinin almasını xaki rənginə boyadı, Coca-Cola şüşəsini isə alüminiumla əvəz etdi. Belə baxanda qeyri-adi yaradıcılıq da yox idi, amma orijinal idi. İdeya dərhal yayıldı, o isə şöhrət və var-dövlət sahibi oldu. İndi o, ən çox tələb olunan dizaynerlərdən biridir” – deyə C.Səlimxanov fikirlərini səsləndirdi.
Yaradıcılıq hər yerdə olmalıdır, hətta layihələrə maliyyə axtarışında belə
Tim Uilyams maliyyə axtarışına yanaşmanın ümumiyyətlə dəyişməsini və kreativ olmasını tövsiyə etdi. Müxtəlif sərgi və festivallar bizim liderlik keyfiyyətlərimizin həyata keçməsinə imkan yaradan məkanlardır. ”Məsələn, siz ingilis dilində şeir kitabı nəşr etdirmək istəyirsiniz və sponsoru necə tapmaq lazım olduğunu bilmirsiniz. Deyək ki, ABŞ-da və ya Britaniyada, yaxud digər ingilisdilli ölkədə azərbaycanlı sənətkarların festivalını və ya sərgisini ziyarət etsəniz, ən azı siyasi səbəblərdən və ya Azərbaycan-Amerika və ya Azərbaycan-İngiltərə münasibətlərinin möhkəmləndirilməsi naminə sizin ideya ilə maraqlana biləcək siyasətçi, mesenat və ya biznesmen tapa bilərsiniz. Sadəcə olaraq, kiminsə sizə yanaşmasını gözləmək lazım deyil , özünüz yanaşmalı və təklif etməlisiniz” - deyə o vurğuladı.
*11 may, Bakı, Azərbaycan görüşünün icmalı