Dadaş Məmmədov: "Bu gün biz incəsənətin inkişafı və dəstəklənməsi ideyasını bölüşən böyük bir “Arts Council” şəbəkəsinə malikik"

Unikal “Arts Council” layihəsinin direktoru Dadaş Məmmədov mədəni platformanın sıfırdan necə yaradılması sirrini açır.

Rəssamlar və sənət adamları üçün unikal platforma

Arts Council” 2006 ildə Bakıda rəssamlar və sənət adamları üçün yaradılmış müstəqil bir platformadır. İllər keçdikdən sonra analoji platformalar digər ölkələrdə də, əsasən SSRİ-nin keçmiş respublikalarında da yaradıldı. Beləliklə, bu gün biz incəsənətin inkişafı və dəstəklənməsi fikrini bölüşən böyük bir “Arts Council” şəbəkəsinə malikik.

Bu necə baş verir

Məlumdur ki, rəssam öz işlərini haradasa təqdim etməlidir və çox vaxt resursların olmaması səbəbindən, o, əsərlərini heç yerdə nümayiş etdirə bilmir. İncəsənətə öz fərqli baxışını nümayiş etdirmək istəyən əcnəbi rəssam üçün bu daha da çətindir. Fəaliyyətimizin kökündə hərtərəfli kömək ideyası dayanır. Məsələn, “Arts Council” ın Kiyevdəki ofisi bizdən Azərbaycana gəlmək və öz yaradıcılığını göstərmək istəyən ukraynalı rəssamlara yardım etməyimizi xahiş edir.

Biz nə edirik

Biz, bütün təşkilati işləri görürük, yəni rəssamları qalmaq üçün yerlə, əsərlərini nümayiş etdirmək üçün qalereya ilə, PR-lə və yaradıcılıqlarına informasiya dəstəyi və sairə ilə təmin edirik. Nəticədə Azərbaycan sakinləri ukraynalı sənətkarların işləri ilə tanış olurlar. Azərbaycan qonaqpərvərliyindən ilhamlanan rəssamların özləri isə bunu sonradan öz işlərində əks etdirə də bilərlər. Biz Azərbaycanlı rəssamları Ukraynaya və ya hər hansı başqa ölkəyə göndərəndə də analoji proses baş verir. Bu zaman isə yardım artıq həmin ölkədəki “Arts Council” tərəfindən edilir. Nəticədə ölkələr arasında mədəni mübadilə baş verir, rəssamların öz ölkələrinin sənətini xaricdə təbliğ etmək imkanları genişlənir. Yeri gəlmişkən, bizim “Arts Council” şəbəkəmizə artıq Baltikyanı ölkələr – Latviya və Litva da qoşulublar.

Rəqəmsal texnologiyalar və sosial şəbəkələr 

Auditoriyanın platformamıza cəlb edilməsində əsas rolu bu gün rəqəmsal texnologiyalar və sosial şəbəkələr oynayır. Biz, əsasən, Facebook vasitəsilə işləyirik, çünki, bu, çox sürətli və rahatdır. Eləcə də biz KİV və diplomatik idarələrlə fəal əməkdaşlıq edirik. Biz tez-tez beynəlxalq sərgilər təşkil etdiyimizdən rəssamın təmsil etdiyi ölkənin diplomatlarının həmin sərgidə iştirakı çox vacib və zəruridir. Hazırda qarşımızda “Arts Council” şəbəkəsini dünya üzrə daha da genişləndirmək, başqa ölkələrin mədəni və yaradıcı istehsal nümayəndələri ilə sıx əməkdaşlıq etmək məqsədi durur. Ümid edirəm ki, bu cür açıq sessiyaların keçirilməsi imkanlarımızı reallaşdırmağımıza yardım edəcəkdir. 

Other interesting stories: