Bakıda Aİ və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində mədəni və kreativ sahələrin inkişaf məsələləri və istiqamətləri müzakirə olunub

Aİ və Şərq Tərəfdaşlığının “Mədəniyyət və kreativlik” Proqramının dekabrın 8-də Bakıda keçirilən açıq sessiyasında mədəni və kreativ sahələrin inkişaf perspektivləri, onların ictimai proseslərin formalaşdırılmasındakı rolu, həmçinin rəqəmsal texnologiyaların mədəniyyət sahəsində getdikcə daha çox yayılması və digər məsələlər geniş müzakirə olunub. Milli İncəsənət Muzeyində keçirilən tədbirdə həm mədəni və kreativ sahələrin ekspertləri, həm də Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət qurumlarının nümayəndələri iştirak ediblər

Sessiyanı British Council-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt açıb, o, qonaqpərvərliyə görə muzey rəhbərliyinə təşəkkür edib və region ölkələrinin yaxınlaşmasında və əməkdaşlığında mədəni təşəbbüslərin mühüm rolunu qeyd edib. Yeri gəlmişkən, bu proqram Soros Fondu - Moldova, Höte institutu və Polşanın Milli Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində British Council-ın yaxından iştirakı ilə keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Mədəniyyət dəyişikliklərin hərəkətverici qüvvəsi kimi” – proqram koordinatorlarından biri, Tim Vilyams, öz təqdimatını görüş iştirakçılarının diqqətinə məhz bu şüar altında çatdırıb. Onun sözlərinə görə, bu gün cəmiyyətə mədəni və kreativ sahələr, onların təsir gücü və imkanları haqqında məlumat çatdırılmasında rəqəmsal texnologiyalar getdikcə daha böyük rol oynayır. Bu, təkcə çap və rəqəmsal KİV vasitəsilə deyil, həm də dəb, memarlıq, dizayn və hətta kompüter oyunları vasitəsilə baş verir.

Oksford Universiteti kimi nüfuzlu institutlar tərəfindən işlənib hazırlanmış araşdırmalara istinad edən Tim Vilyams bir sıra sahələrin avtomatlaşdırılması ilə bağlı müəyyən narahatlığını ifadə edib. Biz informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. 20-30 il sonra mədəniyyət sahəsində nələr baş verəcək?! Avtomatlaşdırılmış rejimə keçidlə əlaqədar insan əməyinin getdikcə daha çox robotla əvəz edildiyi bir vaxtda mədəni təşəbbüslər və kreativ ideyaların gələcəyinin necə olacağı sualı daha da aktuallaşır. Onlara tələbat qalacaqmı?! Tədqiqatların nəticələri göstərir ki, insanın həyati fəaliyyətində bu cür proqnozların təhlükə yaratmadığı tək-tük sahələrdən biri məhz kreativlik və mədəniyyətdir. Kreativ ideyaların məhsuluna həmişə tələbat olacaq,- araşdırmaların gəldiyi nəticə belədir.

Proqramın imkanları haqqında məlumat verən Tim Vilyams Polşaya maarifləndirici səfər üzərində ətraflı dayanıb. Bu səfərdə mədəni istehsalat sahələrindən arzu edən hər kəs iştirak edə bilər. O fikrinin sonunda bildirib ki, bu, təkcə təlim və təcrübə mübadiləsi baxımından deyil, həm də Polşalı tərəfdaşlarla gələcək əməkdaşlıq nöqteyi-nəzərindən çox yaxşı imkandır.

Kommunikasiyalar üzrə proqramın meneceri Anastasiya Nurjinska isə öz çıxışında kommunikasiya məsələlərinə toxunub. Media ilə əməkdaşlıq sahəsində və mədəniyyət məhsullarının uğurla yayılması istiqamətindəki mədəni və kreativ sahələrin ekspertlərinin hər zaman qarşılaşdıqları problemlərin həlli məqsədilə ölkədə mədəni hadisələri işıqlandıran və mədəniyyət sahəsinə marağı olan jurnalistlərlə bir sıra ayrıca görüşlər və sessiyalar təşkil ediləcək.

Sessiyanın birinci hissədən daha canlı keçən ikinci hissəsində iştirakçılar mədəni sahəyə baxışlarını və bütünlükdə Azərbaycanda mədəniyyət sahəsindəki vəziyyəti müzakirə ediblər. Beləliklə, onların fikrinə görə, təkcə görüş təşkilatçılarının deyil, həmçinin bu proqramın həyata keçirildiyi dövlətlərin də nəzərə almalı olduğu bir sıra tövsiyələr səsləndirilib. Xüsusilə, aşağıdakı ideyalar irəli sürülüb:

  • Mədəniyyətin təhsilə ehtiyacı var, özü də mədəniyyət sahəsi ilə təmas uşaq yaşlarından başlamalıdır. Bunun olmaması, ölkədə mədəni və kreativ istehsalatın bəzi sahələrində yüksək ixtisaslı kadrların kəskin çatışmazlığına gətirib çıxarır. Məsələn, kino sənayesində peşəkar səs rejissoruna və ya işıqlandırma mütəxəssislərinə çox nadir hallarda rast gəlmək olar.
  • Dövlət alternativ sektora və kreativ ideyaların inkişafına dəstək üzrə məqsədyönlü siyasət həyata keçirməlidir, bu, kreativ liderlərin dəstəklənməsinə də aiddir.
  • Müəllif hüquqlarının qorunması üzrə mexanizmlərin təkmilləşdirilməsi mövzusunda müzakirələrə kəskin ehtiyac hiss olunur. İştirakçıların fikrincə, bu, ən ağrılı mövzulardan biridir. Mədəni və kreativ layihələrin yaradılması, inkişafı və dəstəklənməsinə gətirib çıxara biləcək qanunverici bazanın təkmilləşdirilməsi mexanizmlərinin işlənməsinə isə daha kəskin ehtiyac duyulur.
  • Mədəni və kreativ istehsalat menecerlərinin formalaşdırılması üzrə tədris işə salınmalıdır. Bu nöqteyi-nəzərdən müntəzəm master-klass (ustad dərsləri), treninq və seminarların keçirilməsi müvafiq boşluğu doldura bilərdi.
  • Mədəni və kreativ sahələrin qarşılıqlı səmərəyə əsaslanan əməkdaşlıq əsasında bazara çıxışını təmin edən mexanizmlərin işlənib hazırlanması.
  • Şərq Tərəfdaşlığı proqramı çərçivəsində müştərək mədəni və kreativ təşəbbüslərə dəstək üçün qrantlar almaq imkanı.
  • İncəsənətə marağın artırılması üçün media-məkanın yaradılması. Digər, daha çox inkişaf etmiş ölkələrdə mədəniyyət sahəsinin tətbiqi modellərinin araşdırılması və milli mədəniyyət nəzərə alınmaqla, onların Azərbaycanda tətbiqi.
  • Mədəni və kreativ sahələrdəki cari layihələrə aid bütün tövsiyələr nəzərə alınmaqla həyata keçiriləcək strateji planlaşdırma. 
Other interesting stories: