Murad Məmmədov: Fiziki imkanlarından asılı olmayaraq hər bir kəs öz həyatını yaxşılığa doğru dəyişə bilər

Motivasiya üzrə spiker öz məqaləsində təhsil almaq istəyən əlilliyi olan insanların qarşılaşdığı problemlərdən və onlayn kursların alternativ və əlavə bilik mənbəyi ola biləcəyindən danışır.

Problem haqqında

Beynəlxalq təşkilatların qəbul etdiyi müxtəlif növ konvensiyalar hər bir insanın təhsil almaq hüququnu bəyan etsə də, bəzi ölkələrdə bu hüquq  qismən həyata keçirilir, bəzilərində isə ümumiyyətlə yerinə yetirilmir.

Azərbaycan təhsilin əlçatanlığı bu hüququn qismən təmin edildiyi ölkələr sırasındadır. Məsələn, əlilliyi olan insanlar öz təhsil hüququndan hətta paytaxtda da istifadə edə bilmir və bu sahədə ciddi əngəllərlə qarşılaşır. İlk növbədə təhsil müəssisələrində müvafiq infrasturkturun, xüsusilə əlil arabasında hərəkət üçün əlverişli şəraitin olmaması səbəbindən.  Binaların əksəriyyəti bir çox illər əvvəl, əlçatanlıq probleminə lazımi qədər diqqət yetirilmədiyi vaxtlarda tikilmişdir. Təəssüf ki, hazırda köhnə binaların təmiri və yeni qurğuların tikintisi zamanı heç də hər yerdə məhdudiyyəti olan şəxslərin əlçatanlığı nəzərə alınmır.

Mümkün alternativlər barədə

2004-cü ildən bəri ölkəmizdə Məsafədən təhsil proqramı fəaliyyət göstərir. Lakin orta təhsil müəssisələrinin təhsil proqramı tələbələri müasir tələblərə cavab verən biliklərlə təmin etmir. Buna görə də məhdudiyyəti olan şəxslər müasir bilik aləmində zəruri və faydalı olan biliklər əldə etmək üçün alternativ təhsil mənbələrinə müraciət etməli olurlar.

Şəxsi təcrübə

Bunun mənim üçün vacib olduğunu və bənzər problemləri olan insanlara faydalı ola biləcəyini nəzərə alaraq təhsil almaq üçün şəraitin olmaması və mümkün alternativlər barədə yazmağa qərar verdim.

Mən əlilliyimə görə məktəbə getməmiş və təhsil ala bilməmişəm, çünki yaşadığım yerdə zəruri infrastrukturu olan məktəb yox idi. Lakin bu gün yeni təhsil formaları və alternativ təhsil proqramlarını təklif edən təşkilatlar mövcuddur.

Dörd ildən artıqdır ki, mən British Council Azerbaycan-ın həyata keçirdiyi müxtəlif layihələrdə iştirak edirəm. Bu yaxınlarda "Mədəniyyət və Yaradıcılıq" Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı ilə tanış oldum. Bu proqram mənə evdən çıxmadan onlayn kursları dinləmək və sertifikat almaq imkanı yaratdı.

"Mədəniyyət və Yaradıcılıq" saytında kurslar haqqında

Marketinq üzrə kursu seçərək mən 15 dəqiqəlik məruzəyə diqqətlə qulaq asdım və kursu bitirməyim barədə sertifikat əldə etdim. Bu onlayn kurslar öz analoqlarından fərqlənir. Birincisi, məruzəçilər beynəlxalq ekspertlərdir. İkincisi saytda geniş mövzu seçimi var: səkkiz kurs.

Onların hər birini tamamladıqdan sonra sizin adınıza elektron poçt vasitəsilə sertifikat gəlir. Ən əsası isə bu, əlilliyi olan şəxslərin və digər səbəblərdən evdən çıxa bilməyən insanların təhsil səviyyəsini artırmaq üçün gözəl fürsətdir.

Onlayn təhsilin üstünlükləri barədə

Onlayn kurslar - ölkəmizdəki əlilliyi olan insanların təhsil müəssisələrinə getməsi çətin olduğu bir şəraitdə yeni biliklər əldə etməyin alternativ imkanıdır.  Lakin bundan başqa onların bir sıra başqa üstünlükləri də var: öz ritmində təhsil almaq, bütün dünyadan olan müəllimlərin məruzələrinə qulaq asmaq, yaxınlıqdakı kollec və universitetlərdə tədris edilməyən peşələr haqqında daha çox məlumat almaq imkanı.

"Mədəniyyət və Yaradıcılıq" proqramının kursları haqqında danışarkən belə layihələrin uzunmüddətli olmasını, mövzuların artırılmasını və artıq mövcud olan mövzuları dərindən öyrədən kursların əlavə edilməsini arzu edərdim. Kursların ən dəyərli cəhəti - karyera inkişafına və biznes layihələrin həyata keçirilməsinə yardım edən praktiki biliklərdir.

Other interesting stories: