FİKRİN BƏKTAŞİ: "MİLLİ KİNO SƏNAYESİNDƏ İSLAHATLAR – ONLARA EHTİYAC VARMI?"

Ekspert, nazirliyin kinematoqrafiya sahəsində qanunvericilik üzrə işçi qrupun üzvü, hesab edir ki, milli kinematoqrafiyanın əsas hədəfi prokat sistemində milli filmlərin payının artırılması olmalıdır.

Bu məqsədə nail olmaq üçün biz bir neçə istiqamətdə islahatlar həyata keçirməliyik. Bu islahatların bir hissəsi Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramında əksini tapmışdır.

İlk növbədə hüquqi islahatlar keçirilməlidir:

AR-nın Kinematoqrafiya haqqında Qanunu 1998-ci ildə qəbul edilib və bu gün, o, kinematoqrafiyanın inkişafına kifayət qədər dəstək müəyyən etmir, kino istehsalının hər bir mərhələsində əsas hüquqi münasibətləri əks etdirmir və tənzimləmir, beynəlxalq milli film müəyyən etmə mexanizmlərini əks etdirmir, kinematoqrafiyaya, prokat sisteminə və s. sərmayə qoyuluşlarına təkan verilməsi üçün əsas beynəlxalq mexanizmləri əks etdirmir.

Dövlət proqramında hüquqi islahatların hələ 2008-2009-cu illərdə keçirilməsi nəzərdə tutulsa da, qanun layihəsi üzərində iş 2 il bundan əvvəl tamamlanmış və 2016-cı ildə Milli Məclisin Mədəniyyət komitəsində layihənin 2 müzakirəsi keçirilmişdir.

Milli qanunvericilikdə kinematoqrafiyaya dair dəyişikliklər qanunvericiliyin kinematoqrafiya sahəsində Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına istiqamətlənmişdir.  Milli kinematoqrafiyanın inkişafını stimullaşdıran müasir terminlərin, yeni konsepsiyaların və alətlərin tətbiq edilməsi gözlənilir.

Başlanğıc üçün "milli film" konsepsiyasını yeniləmək, qanunvericiliyə milli filmlərə tətbiq edilən güzəştlər daxil etmək lazımdır. Avropa ölkələrində milli filmlərə həm filmin istehsalı, həm də prokatı mərhələsində müəyyən güzəştlər tətbiq edilir. Güzəştlər sayəsində filmə daha çox maliyyə cəlb etmək, filmin istehsal xərclərinin qarşılanması (filmin istehsalına xərclənən vəsaitin qaytarılması) ilə bağlı riskləri azaltmaq, filmin həm kinoteatrda, həm də TV-də (o cümlədən rəqəmsal) daha geniş prokatını təmin etmək olar.  

Avropa kino istehsalı standartlarına uyğun olaraq, əcnəbi prodüserlərin istehsal etdiyi filmlər birgə istehsalda iştirak edən ölkələrdə bərabər olaraq “milli” hesab edilə bilər. Bu da filmin hər iki ölkənin prokat sisteminə maneəsiz çıxış əldə etməsinə imkan verir. Müqayisə üçün göstərə bilərik ki, Kinematoqrafiya haqqında qüvvədə olan qanununda filmin milliliyi beynəlxalq prinsiplərə zidd olan sistem ilə müəyyən edilir. "Milli film" statusu milli film istehsalçıları üçün güzəştlər nəzərdə tutmur və birgə istehsalın imkanlarını məhdudlaşdırır ("xarici iştirakın payı 30%-dən çox ola bilməz" – AR-nın "Kinematoqrafiya haqqında" qanunu, Maddə 4).

Hüquqi islahatların davamı kimi kino sahəsində beynəlxalq təşkilatlarla birləşmə, birgə istehsal haqqında çoxtərəfli razılaşmaların imzalanması, eləcə də mövcud müqavilələrin yerinə yetirilməsi üçün monitorinqin təkmilləşdirilməsi, milli kino şirkətlərinə xarici şirkətlərlə əlaqələrin qurulmasında yardım və birgə istehsalın stimullaşdırılması üzrə dövlət mexanizmlərinin genişləndirilməsinin vacibliyini qeyd etmək istərdim.

Kinematoqrafiyanın inkişafı üçün vergi və maliyyə islahatlarına da ehtiyac var:

Günümüzdə kino şirkətlərinin əksəriyyəti kino layihələrinə vəsait cəlb edilməsində çətinliklərlə qarşılaşır. Yüksək vergi dərəcələri kino istehsalçılarını çəkilişləri nağdsız ödəniş hesabına aparmağa vadar edir. Yüksək gömrük rüsumları isə kino avadanlığı və texnikasının yenilənməsi imkanlarını məhdudlaşdırır.   Nəticədə, ölkəmizdə rəsmi mənfəəti olmayan, kino avadanlığı köhnəlmiş, 3-4 ildə 1 film istehsal etmək imkanı olan bir çox şirkətlər var.

Kinematoqrafiya sahəsində vergi islahatları milli filmlərin istehsalı və prokatı ilə bağlı mənfəət vergisindən, ƏDV-dən və digər vergilərdən müvəqqəti azad olmanı əhatə etməlidir. Bu, həm də kinematoqrafiyaya investisiya qoyuluşlarının stimullaşdırılması, xarici kino istehsalçılarının Azərbaycan ərazisində çəkilişlərin aparılması ya "post-production"a cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sektorunda şəffaflığın və gəlirliliyin təmin edilməsi üçün zəruridir.   

Bu sahədə müddətli vergi güzəştlərinin tərbiq edilməsi, kino sahəsinin inkişafına yardım etmiş olardı. Misal kimi, şəxslərə kino istehsalına sərmayə şəklində qoyduqları gəlirlərin bir hissəsinin vergidən azad edilməsini qeyd etmək olar.

Vergi güzəştləri həm birgə kino istehsalında, həm də milli kino istehsalına sərmayə qoyuluşunda maraqlı olan xarici investorlar və prodüserlər üçün sadələşdirilmiş vergi rejimi şəklində ola bilər. Həmçinin çəkiliş avadanlığını və texnikasını idxal edən kino şirkətləri üçün vergi və rüsumlar üzrə güzəştli müddət də tətbiq etmək olardı. Bu, kino infrastrukturunu təkmilləşdirmək, kino şirkətlərinin maddi-texniki təchizatını yaxşılaşdırmaq imkanı yaradacaqdır. Bu islahatlar sayəsində yerli kino sahəsində keyfiyyət və kəmiyyət dəyişikliklərinə nail olmaq mümkündür.   Eyni zamanda, kino sənayesinin güzəştli kreditləşməsi mexanizmini işə salmaq və kino istehsalını lizinqli maliyyələşməyə daxil etmək məqsədəuyğundur. Beləliklə, kino istehsalçıları güzəştli maliyyə vəsaitlərinə birbaşa çıxış əldə etməklə keyfiyyətcə yeni və rəqabətdavamlı kino istehsalına keçidi təmin edə biləcəklər.

Son zamanlar ölkə rəhbərliyi tərəfindən "xüsusi zonalar", "texnoparklar" və s. yaradılır, hansılar ki özündə güzəştli vergi rejimlərini əks edir. Milli kinonun inkişaf etdirilməsi üçün Bakıda və bölgələrdə bir neçə "kino parkının" yaradılması zəruridir. Bu, qısa zamanda aşağıdakıları təmin edə bilər:

a. qabaqcıl kino texnologiyalarının cəlb edilməsi;

b. xarici kapitalın müasir kino pavilyonların tikintisinə, çəkiliş texnikasının, montaj və səsyazma studiyalarının, qrafik studiyaların və animasiya studiyalarının və s. yenilənməsinə cəlb edilməsi;

c. yeni iş yerlərinin yaradılması;

d. kino personalının ixtisas səviyyəsinin artırılması;

e. kino istehsalı xərclərinin azaldılması, bununla da kinofilmlərin sayının artması;

f.  bölgələrin sürətləndirilmiş inkişafı;

g. büdcələri 10 milyondan artıq olan filmlərin istehsalı sahəsində dünya təcrübəsinin əldə edilməsi.

Lakin maliyyə islahatları bununla bitmir. Bölgələrin inkişafı, sosial-iqtisadi inkişafı proqramları, turizmin və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı proqramları çərçivəsində fəaliyyət planına kinematoqrafiyanın dəstəklənməsinə yönəldilmiş tədbirlərin, o cümlədən aşağıdakıların daxil edilməsi məqsədəuyğun olardı:

·  regional filmlərin maliyyələşdirilməsi (3 və daha çox bölgənin iştirakı ilə);

·  yeni kinoteatrların tikintisinin və mövcud kinoteatrların modernizasiyasının maliyyələşdirilməsi;

·  istedadların aşkar edilməsi üçün tədbirlərin, müsabiqələrin keçirilməsi, bölgə, sektor haqqında ən yaxşı hekayə, ssenari və s. müsabiqələrinin keçirilməsi.

Maliyyə islahatlarının davamı olaraq kinoya dəstək fondlarının yaradılmasını da qeyd etmək olardı. Bu məsələ kinematoqrafçılar arasında fəal müzakirə edilir (http://www.kaspi.az/az/musfiq-hetemov-azerbaycan-kinosu-byuk-islahatlar-erefesindedir-son-sz-milli-meclisindir/, http://www.1news.az/interview/creativity/20170123041858157.html) və mətbuatda müvafiq bəyanatlar verilir.

Qeyd etmək istərdik ki, belə fondlar Avropanın, demək olar ki, bütün ölkələrində və bəzi Afrika, Asiya ölkələrində mövcuddur. Onların əsas fəaliyyət istiqamətlərini filmlərin (televiziya və animasiya filmlərinin, bədii filmlərin) bütün istehsal mərhələlərində (ssenarilərin hazırlanması, layihənin işlənib hazırlanması, "production" və "post-production", o cümlədən dünya distribusiyasının dəstəklənməsi) dəstəklənməsi təşkil edir.  

Məlumat üçün qeyd edə bilərik ki, fondun ən populyar modeli 22 oktyabr 1946-cı il tarixli qanuna uyğun olaraq əsası qoyulmuş Fransa Kino Mərkəzidir (http://www.cnc.fr/web/en).   

Fransa Kino Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- hüquqi-normativ;

- filmlərin, yayımların, videoların, multimedianın və texniki sənayenin dəstəklənməsi;

- hər tamaşaçı üçün filmlərin və televiziya proqramlarının distribusiyasına dəstəyin verilməsi;

- kino irsinin bərpa edilməsi və inkişafı.

Demək olar ki, bütün fondlar qonşu ölkələrin təcrübəsini öyrənir, birgə istehsalı dəstəkləyir və gənc istedadlara çox böyük imkanlar təqdim edirlər. Belə fondların xarici fəaliyyət istiqamətlərindən biri  inkişaf etməkdə olan ölkələrin mədəniyyət nazirlikləri ilə mədəni (çoxtərəfli) münasibətlər qurmaq, bununla da prodüserlər üçün yalnız xarici maliyyə mənbələrinə deyil, həm də kino bazarlarına birbaşa və sadələşdirilmiş çıxış yaratmaqdır.

Mədəniyyət və Turizm Nazirliyi analoji Avropa fondlarının fəaliyyətinin öyrənilməsi istiqamətində işlər görür, belə fondlar və Nazirlik arasında ikitərəfli əlaqələrin qurulması üçün dialoqlar aparır.

Fondlarla beynəlxalq əməkdaşlıq mövzusunu davam etdirərək, EURIMAGE-i (Avropa kinoya dəstək fondu) http://www.coe.int/t/dg4/eurimages/About/default_en.asp qeyd etmək istərdik. Bu gün bu quruma 47 Avropa ölkəsindən 37-si daxildir. Fonda üzvlük pulludur, fondun illik ümumi büdcəsi 25 milyon Avro təşkil edir. Bu vəsait üzvlük haqları, Aİ tərəfindən subsidiyalar, fondun kommersiya fəaliyyəti hesabına formalaşır.

Fond kinoya dəstəyi 3 istiqamətdə həyata keçirir:

- birgə istehsal;

- filmlərin distribusiyası;

- sərgilər.

Müraciətlərin verilməsi proseduru fondun saytında yerləşdirilmişdir. Fond ildə 4 dəfə iştirakçı-ölkələrdən olan prodüserlərə layihələrin maliyyələşdirilməsi üçün sorğu təqdim etmək imkanı verir. Azərbaycan Respublikasının iştirakı müzakirələrin mövzusudur.

Yuxarıda deyilənlərə kinonun alternativ maliyyələşdirilməsi üzrə 2 mövcud mexanizmi də əlavə etmək istərdik. Bu MDB-nin birgə istehsal haqqında Razılaşması (30.09.2009 tarixində ratifikasiya edilmişdir) və Birgə Kino İstehsalı haqqında Avropa Konvensiyasıdır (28.10.1999 tarixində ratifikasiya edilmişdir). Hər iki razılaşma kino şirkətlərinə geniş imkanlar yaradır. Təəssüf ki, iştirakçı-ölkələrin prodüserləri arasında mövcud olan texniki və yaradıcı maneələr və dil maneələri səbəbindən razılaşmalar çərçivəsində azərbaycanlı film istehsalşılarının iştirakı ilə heç bir birgə kino layihəsi həyata keçirilməmişdir.

Other interesting stories: