Köhnə binaları mədəniyyət məkanlarına çevirmək haqqında artıq ana dilinizdə oxuya bilərsiniz
Kitabın müəllifi Peter Leniy (Peter Lényi) layihələrin həyata keçirilməsinin çətinlikləri və yaradıcılıq mərkəzlərinin sakinlərə ictimai faydaları haqqında 123 hekayət toplayıb. Kitab Aİ və "Şərq Tərəfdaşlığı"nın "Mədəniyyət və Yaradıcılıq" Proqramı çərçivəsində altı ölkənin (Azərbaycan, Belorus, Ermənistan, Gürcüstan, Rumıniya, Ukrayna) dilinə tərcümə edilib. Kitabı saytımızdan yükləyə və ya yaxın gələcəkdə əlaqələndiricilərimizə bir nüsxəsini sifariş verə bilərsiniz.
"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabından ölkəmizdə istifadə edilə biləcək beş uğurlu nümunə:
Biznes-model
Lodzda "Art Factory" mərkəzi özəl sektor-dövlət tərəfdaşlığı formasını seçib. Bu layihə iki QHT və Lodz şəhəri arasında razılaşmanın nəticəsidir. Onlar mədəniyyətlə əlaqəsi olmayan sektorların özünüidarə prinsiplərini uyğunlaşdırıblar. Onlar Aİ-nin sahibkarlığın möhkəmləndirilməsinə ayırdığı vəsaitdən istifadə ediblər. Bu, mədəniyyət müəssisəsi üçün biznes-model yaradılmasına çox nadir nümunədir. "Art Factory" haqlı olaraq qrant alan təşkilat modelini gəlir gətirən təşkilata çevirmək üzrə uğurlu cəhd hesab oluna bilər.
İkinci həyat
"UfaFabrik" mədəniyyət mərkəzini yaradarkən berlinli fəallar çox çətin vəzifə ilə qarşılaşıblar. Məsələ ondadır ki, UFA əvvəllər nasist təbliğatı etmiş kino şirkəti idi. Mədəniyyət məkanının yaradılması ilə bağlı əsas çətinlik həmin dövrdə bu cür binaların sökülməsi idi. Fəallar binanı dağılmaqdan qoruyub ələ keçirdikdə, bunu "UFA xəyalətlərinin qovulması" mərasimi ilə qeyd etdilər və bu yerə yeni can verməyə çalışdılar. Onların səyi mərkəzi dağılmaqdan xilas etdi və indi bu 18 566 kvadrat metrlik mərkəzdə mədəniyyət tədbirləri keçirilir.
Nadir yer
A38 Mədəniyyət Mərkəzi bir gəmidir. O, Dunayda, Budapeştin mərkəzində yerləşir. Layihə müəllifləri əmindirlər ki, bu nadir mədəniyyət məkanı böyük üstünlüklərə malikdir. Dalğalar gəmini yırğaladıqca, bu, tamaşaçılara güclü təəssürat bağışlayır, onları macəralar aləminə götürür. Memarlar bu mədəniyyət məkanının layihəsini üç ilə hazırlayıblar. Bu, təşkilatçılar üçün çoxlu pul və vaxt itkisi demək idi. Bu gün gəmi beş barı, damda iki terrası və 700 nəfərlik konsert zalı olan əyləncə kompleksidir.
Yolda
Daha bir qeyri-adi yer Slovakiyada Jilina-Zareçye dəmiryolu stansiyasıdır (Stanica Žilina-Záriečie). Binanı ucuz qiymətə kirayə götürmək üçün düz iki il danışıqlar aparılıb. Əvvəlcə fəallar yalnız bir otağı təmir edə biliblər. Amma sonradan onlar növbəti 30 ildə binada işləmək üçün müqavilə bağlayıblar. Bu gün onun təhlükəsizliyi və təmizliyi təkcə mədəniyyət mərkəzinin ziyarətçilərinə deyil, hər gün yolu stansiyadan keçənlərə də xoş təəssürat bağışlayır.
Səhvlər və ikinci cəhd
İtaliyada OZU Mədəniyyət və İncəsənət Mərkəzinin yerində əvvəllər fabrik var idi. Əvvəlcə onun binasında mətbəə yerləşirdi; sonradan orada qənnadı fabriki quruldu. Amma layihəsində olan səhvlərlə əlaqədar bina sənaye məqsədləri üçün yararsız oldu. Onda mədəniyyət mərkəzi yaratmağa qərar verən fəallar təmir zamanı daha çox nöqsan aşkar etdilər. Məkanı 18 ton konfetdən təmizləmək və işləməyən boruları və bağlanmayan pəncərələri qaydaya salmaq kifayət qədər çətin idi, amma bu gün burada mədəniyyət və incəsənət sahəsində innovasiyalar mərkəzi öz qapılarını ziyarətçilərin üzünə açıb.