Açıq Müsabiqə: Aİ - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı - Kreativ Şəhərlər və Regionlar Təşəbbüsü üçün seçilmiş pilot şəhərlər və regionlar

Avropa İttifaqı - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı “ŞT” proqramına üzv olan Azərbaycan və digər 5 ölkənin kiçik və orta ölçülü şəhərlərini Kreativ Şəhərlər və Regionlar Təşəbbüsünün həyata keçirilməsinə maraq göstərməyə çağırır.

Qısa Məlumat:

Kreativ Şəhərlər və Regionlar Təşəbbüsü kiçik və orta ölçülü şəhər və regionlarda mədəniyyət və yaradıcılığın əhəmiyyətini vurğulayır. Təşəbbüs sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə yerli mədəniyyət və yaradıcılıq potensialından istifadə etmələri üçün Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin şəhər və regionlarına praktik yanaşma təklif edəcəkdir. Başlıca məqsəd bütün əsas maraqlı tərəflərin mədəniyyət və yaradıcılıq sektorlarının potensialı haqqında məlumatlılığının artırılmasından, yerli mədəniyyət və yaradıcılıq resursları barədə məlumatların toplanılmasından, mədəniyyət və yaradıcılıq sahələrinin potensialının inkişaf etdirilməsi, o cümlədən, yerli mədəni mühitin təkmilləşdirilməsi, yerli müəssisələri əhatə edən klasterlərin yaradılması, turizm sektorunda təklifin keyfiyyətinin yüksəldilməsi üçün konkret tədbirlər planının təklif edilməsindən və digər ölkələrdəki bənzər şəhər və regionlar ilə daha möhkəm əlaqələrin qurulmasından ibarətdir.  

Üstünlüklər və Tələblər:

Seçilmiş altı pilot şəhər/region (hər Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən bir şəhər/region seçilməklə) ən müasir metodologiyaya əsaslanan və ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən həyata keçirilən xəritələşdirmə işlərinin aparıldığı məkana çevriləcəkdir. Seçilmiş şəhərlər və ya regionlar bu prosesin nəticəsində aşağıdakıları qazanacaqdır:

  1. cari mədəniyyət və yaradıcılıq resurslarının təhlili;

  2. mədəniyyət və yaradıcılıq sektorlarının gələcək inkişafı üçün xüsusi olaraq işlənib hazırlanmış tədbirlər planı;

  3. Şərq Tərəfdaşlığı regionunda KİV-in əhatə və təsir dairəsi, habelə, seçilmiş şəhərlərin/regionların qabaqcıl təcrübələrinin təbliği;  

  4. şəhər/region ictimaiyyətinin nümayəndələrinin və onların icmalarının potensialın gücləndirilməsi mənbələrinə çıxış imkanı ilə təmin edilməsi və onlara ixtisaslaşdırılmış mütəxəssislərlə işləmək fürsətinin verilməsi;

  5. digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən, habelə, Avropa İttifaqı ölkələrindən olan beynəlxalq tərəfdaşlar ilə həm onlayn, həm də əyani şəkildə əməkdaşlığın qurulması imkanları.

Maraqların ifadə olunması ilə bağlı müsabiqə Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kiçik və orta ölçülü şəhər və regionları üçün açıq elan olunur. Yerli adət-ənənələrdən və əhalinin ümumi sayından asılı olaraq, müxtəlif ölkələrdə kiçik və orta ölçülü məkanlar anlayışı fərqli şəkildə izah olunduğundan, mənsub olduqları ölkələrdə "paytaxt" statusu almayan və böyük şəhər massivinə malik əsas sənaye mərkəzləri hesab olunmayan şəhər və regionlar da müsabiqədə iştirak edə bilər. İddiaçıların sayı (ölkə ərazisinin böyüklüyündən asılı olaraq) 15,000-250,000 nəfər arasında dəyişməlidir.

Təşəbbüsün Əsas Mərhələsi:

  1. Açıq müsabiqə: mədəniyyət və yaradıcılıq potensialına malik olan, mənsub olduğu ölkədə Təşəbbüsü həyata keçirməyə hazır olan altı kiçik və orta ölçülü şəhərin və ya regionun müəyyən edilməsi;

  2. Metodologiyanın işlənib hazırlanması: yerli kontekstdə qiymətləndirmə metodologiyasının işlənib hazırlanması;  

  3. Altı müfəssəl hesabatın hazırlanması: yerli mədəniyyət və yaradıcılıq resurslarının xəritələşdirilməsini həyata keçirən və ərazinin mədəniyyət və yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün tədbirlər planı təklif edən əsas yerli maraqlı tərəflər ilə əməkdaşlıq şəraitində;  

  4. Kreativ şəhər və regionlar arasında uzunmüddətli əməkdaşlığın qurulması: təcrübə və biliklərin, o cümlədən, peşəkarların mübadiləsi, habelə, region daxilində və Avropa İttifaqı ölkələrinin digər kreativ şəhər və regionları ilə birgə layihələrin həyata keçirilməsinə başlanılması nöqteyi-nəzərindən əlavə dəyərin yaradılması.

İșlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki:

  • Pilot şəhərlər/regionlar üçün açıq müsabiqə: Noyabr 2016-cı il - Yanvar 2017-ci il

  • Altı ölkənin ərazisində aparılacaq xəritələşdirmə işləri: Mart-İyun 2017-ci il

  • 2017-ci ilin sentyabr ayında təqdim olunacaq nəticələr və iş planları

Müraciət Qaydası:

Yaşadığınız şəhərin və ya regionun Təşəbbüs üçün pilot ərazi qismində seçilməsində maraqlı olduğunu bildirmək üçün Marağın ifadə olunmasına dair məktubu bizə göndərməyinizi xahiş edirik. Sözügedən məktub yerli hakimiyyət orqanının nümayəndəsi tərəfindən imzalanmalı və aşağıdakılardan təşkil olunmalıdır:

  1. şəhərin/regionun Təşəbbüsə qoşulmaq istəməsi səbəbinin aydın şəkildə əsaslandırılması (maksimum 1 səhifə);

  2. şəhər və ya regiondakı mədəniyyət və yaradıcılıq təşkilatları, məkanlar və fəaliyyətlər nöqteyi-nəzərindən "status-kvo" vəziyyətinin icmalı (maksimum 2 səhifə);

  3. yerli maraqlı tərəflərin prosesə cəlb edilmə qaydasının təsviri (maksimum 1 səhifə, müvafiq təşkilatların, müəssisələrin və ya ekspertlərin adları qeyd olunmaqla);

  4. mədəniyyət və yaradıcılıq layihələri, təşəbbüslər və şəhərlərdəki dəyişikliklər ilə bağlı nümunələrin göstərilməsi məqsədilə iddiaçıların veb saytlara keçidlərə və ya vizual materiallara (videolar, şəkillər) yer verməsi tövsiyyə olunur. 

Marağın ifadə olunmasına dair məktub dövlət dilində (və ya alternativ olaraq ingilis yaxud rus dilində) yazıla bilər. Gələcəkdə qarşılıqlı əlaqənin qurulması üçün məktubda əlaqələndirici şəxsin adını, telefon nömrəsini və elektron poçt ünvanını qeyd etməyiniz xahiş olunur.

Marağın ifadə olunmasına dair məktubu göndərməyinizi xahiş edirik (Ölkə Koordinatorunun əlaqə məlumatları: Sevinc Ağazadə , +99 412 4971593/ 4972013, azerbaijan@culturepartnership.eu)  

Son tarix:

İştirak etməkdə maraqlı olduğunuzu bildirmək üçün nəzərdə tutulmuş son tarix 2017-ci ilin yanvar ayının 31-dir.  

Seçim komissiyası və seçim meyarları:

Pilot şəhərlər və regionlar Təşəbbüsün Eksperti, Aİ - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Ölkə Koordinatoru və Mədəniyyət Nazirliyinin nümayəndəsindən ibarət komissiya tərəfindən seçiləcəkdir. Qərarlar 2017-ci ilin fevral ayının sonuna kimi elan olunacaqdır.

Seçim prosesi aşağıdakı aspektlər əsasında həyata keçiriləcəkdir:

  • Namizəd şəhərin/regionun təşəbbüsdə iştirakının stimullaşdırılması;

  • Mədəniyyət və yaradıcılığa xüsusi diqqət yetirilməsi nəticəsində şəhərin/regionun yerli sosial-iqtisadi inkişafı üçün əlavə dəyərin yaradılması qaydasını dərk etmək;

  • Dövlət və özəl sektordan olan əsas maraqlı tərəflərin iştirak səviyyəsi.

Əlavə Məlumat və Suallar:

Kreativ Şəhərlər və Regionlar Təşəbbüsü ilə bağlı suallar yarandığı təqdirdə, Ölkə Koordinatoru Sevinc Ağazadə ilə əlaqə saxlayın  

Aİ - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı haqqında əlavə məlumat: www.culturepartnership.eu/en

Other interesting stories: