Əminə Məlikova: "Biz Azərbaycan mədəniyyətinin çiçəklənmə dövrünü yaşayırıq"
Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları Bakı 2015 Azərbaycan və Avropa üçün əhəmiyyətli hadisə idi
Bu gün Azərbaycan ən müxtəlif mədəni hadisələrin, o cümlədən festival və sərgilərin beynəlxalq mərkəzinə çevrilmişdir. Deyərdim ki, biz mədəniyyətimizin çiçəklənmə dövrünü yaşayırıq və son illər bir çox muzey və qalereyaların açılması bunun daha bir sübutudur. Ölkəmizin mədəni həyatındakı əhəmiyyətli hadisələr sırasında mən bu yay tarixdə ilk dəfə keçirilən Avropa Oyunları Bakı 2015-i qeyd edərdim. Əslində, bu oyunlar Avropa xalqlarını təkcə idman deyil, həm də mədəniyyət sahəsində birləşdirməlidir.
İdman və İncəsənət – Azərbaycan və Avropa mədəniyyətlərinin birləşdirici elementi kimi
Mən bizim muzeydə bu oyunlara həsr olunmuş və misilsiz uğurla keçən "Sports and Arts" (İdman və İncəsənət) sərgisi haqqında xüsusi məlumat vermək istəyirəm. Şəhərimizin qonaqları - onların arasında həm idmançılar və onların ailə üzvləri, həm yüksək səviyyəli qonaqlar, həmçinin sadə turistlər də vardı – böyük məmnuniyyətlə bizim sərgini ziyarət edir və öz heyranlıqlarını, bəzən isə hətta heyrətlərini də bildirirdilər. Axı avropalıların bir çoxları ağıllarına da gətirmirdilər ki, ölkəmizin mədəniyyəti həm şərq, həm də qərb elementləri ilə birlikdə bu qədər çoxtərəfli və zəngin ola bilər.
Əminəm ki, yerli rəssamların Azərbaycanda idmanın inkişafı mövzusuna həsr edilmiş ekspozisiyaları mədəni mübadilə və zənginləşmə üçün platforma rolunu oynadı. Həmçinin, unikal və maraqlı xalça muzeyinə, açıq hava altında muzey olan köhnə Bakıya və digər diqqətəlayiq yerlərə ziyarət etmək onları bu istiqamətdə davamlı maariflənməyə və yeni kəşflər etməyə sövq etdi.
Keçən il muzeyimizdə "Azərbaycan incəsənəti minilliklər boyu" adlı daimi ekspozisiyanın açılmasını daha bir uğur adlandıra bilərəm. Bu, muzeyimizin incilərindən biridir. Düşünürəm ki, bu gün keçirilən mədəni tədbirlərin keyfiyyətinə və sayına görə Azərbaycanın regionda liderlik etdiyini desəm, heç də yanılmaram.
Zamanla ayaqlaşaraq
Hazırkı dövrdə, mədəniyyət sahəsinin müəyyən tərəddüdlər içində olduğu bir vaxtda kütlələrin mədəniyyətə cəlb edilməsi diapazonunu genişləndirmək çox vacibdir. Bir muzey kimi biz zamanla ayaqlaşmağa və bu nöqteyi-nəzərdən son informasiya texnologiyalarından istifadə etməklə əhali arasında mədəni dəyərlərin yayılması üsullarını təkmilləşdirməyə çalışırıq. Ən vacibi isə odur ki, biz açıq olmağa və interaktivlik siyasəti ilə ayaqlaşmağa çalışırıq. Burada söhbət, məsələn, yeni texnologiyalar və informasiya platformaları vasitəsilə muzeyin ziyarətçilərini daha çox maraqlandırmaqdan gedir. Nəticədə, sonradan onlar bura öz ailələri, tanışları, dostları ilə birlikdə qayıdırlar və beləliklə auditoriyamızı genişləndirirlər.
Yeni üfüqlər, yeni imkanlar
Aİ və Şərq tərəfdaşlığının "Mədəniyyət və yaradıcılıq" Proqramı mədəni və yaradıcı sahələrin hər istiqamətindən olan nümayəndələrin görüşməsi və bu sahədə həllini tələb edən problemlərin müzakirəsi üçün yaxşı meydandır. Ən vacibi isə odur ki, bu proqram cari və gələcək layihələr çərçivəsində yeni fikirlərin yaranması üçün platforma rolunu oynayır. Belə tədbirlər bizim üçün yeni üfüqlər açır, yeni imkanlar yaradır. Azərbaycan Milli İncəsənət Muzeyinin bir nümayəndəsi kimi bu proqramın bizim divarlar arasında keçirilməsi mənim üçün xüsusilə xoşdur. Bu, bizə yeni strategiyaların hazırlanması üçün əlavə stimul verir.