content
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
İstənilən təşviqat kampaniyasının hazırlamasının ilk mərhələsi əsas məsələnin müəyyən edilməsindən və onun köklərinin və səbəblərinin təhlil edilməsindən ibarətdir. Sözügedən mərhələ Problem və Məsələlərin təhlili mərhələsi adlanır və kampaniyanın hazırlanması prosesinin ən çətin hissəsi hesab olunur. Elə buna görə də, bu mərhələni bütün təfərrüatları ilə müzakirə edəcəyik.

İlk növbədə "əsas səbəblər" dedikdə nəyin nəzərdə tutulduğunu öyrənək.

Əsas səbəblər dedikdə həll etməyə çalışdığınız problemi və ya məsələni meydana gətirən ən vacib səbəblər nəzərdə tutulur. Əsas səbəbi müəyyən etməklə biz gələcək səylərimizin daha məqsədyönlü xarakter almasına nail oluruq, çünki bu addım nəticəsində biz resurslarımızı problemin əlamətlərini aradan qaldırmağa sərf etmək əvəzinə, hədəfə dəqiqliklə zərbə endiririk - "problemin kökü"nü tapıb həll edirik. Bu addım düzgün həllin tapılması prosesinin mühüm tərkib hissəsi hesab olunur və doğru cavabları müəyyən etməyə kömək edir.

"Bəs niyə?" metodu məsələnin əsasını təşkil edən səbəbləri yaxud ona təsir göstərən başlıca səbəbləri müəyyən etmək üçün istifadə olunan bir üsuldur.

O, problemi yaradan səbəbləri aşkar etmək üçün suallar verməklə problemi öyrənir. Hər dəfə suala cavab tapdıqdan sonra növbəti "Bəs niyə?" sualını cavablandırmağınız xahiş olunur.

Məsələn, əgər siz uzaq məsafədə yerləşən icmalarda insanların incəsənət təhsilinə çıxış imkanının olmadığını söyləyirsinizsə, o zaman özünüzə "bəs niyə?" sualını verməlisiniz. Bu suala cavab tapdıqdan sonra başqa bir "bəs niyə?" sualını cavablandırmağa cəhd edin. Problemin kökünü (əsas səbəbi) anlayana qədər bu prosesi davam etdirin.

Prosesi aşağıdakı nümunələr ilə izah edək:

Təxirəsalınmaz problem

Uşaqlar incəsənət məktəbinə getmir

Niyə deyə soruşun

Yaxın ətrafda siniflər əlçatan deyil.

Mümkün cavab: burada müəllim və yer yoxdur

Niyə deyə soruşun

Yerli məktəbin imkanları və maliyyə vəsaitləri yoxdur.

Mümkün cavab: müəllimləri məktəbə cəlb etmək və onu maliyyə vəsaitləri ilə təmin etmək

Niyə deyə soruşun

Yerli hökumət maliyyə vəsaitlərinin təmin olunacağını və incəsənət müəllimi vəzifəsinə namizədlərin seçiləcəyini bildirsə də, bu baş vermədi

Mümkün cavab: maliyyə vəsaitlərinin təmin edilməsi məqsədilə sponsorları cəlb etmək və yerli hökumətə təsir göstərmək

Niyə deyə soruşun

Mərkəzi hökumət vəd etdiyi həcmdə maliyyə vəsaitləri ayırmayıb

Mümkün cavab: maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək məqsədilə sponsorları cəlb etmək və mərkəzi hökumətə təsir göstərmək

Niyə deyə soruşun

Mərkəzi hökumət incəsənət təhsilinin maliyyələşdirilməsi üzrə məbləği büdcəyə daxil etməyib

Mümkün cavab: maliyyələşdirilmə məbləğinin gələn dəfə büdcəyə daxil edilməsini təmin etmək məqsədilə sponsorları cəlb etmək və büdcə üzrə parlament komitəsinə təsir göstərmək

Problemə aid olan çoxsaylı səbəblər və həllər mövcud ola bilər, bu səbəbdən onların sırasından olduqca əhəmiyyətli görünən və təşkilata onlarla məşğul olmaq imkanı verən tərkib hissələri seçmək bizim qərarımızdan asılıdır. "Bəs niyə?" təhlilində problemin müxtəlif səbəbləri və problemin həllində istifadə olunan bir sıra üsullar xüsusi olaraq nəzərə çarpdırılır.

Bir halda ki, qarşılaşdığımız problemlərin əsas səbəbini bilirik, o zaman baxış konsepsiyasını işləyib hazırlamalı və həmin problemlərin həlli yollarını seçməliyik. Artıq haradan başlamaq lazım olduğunu bilirik - əsas məsələ hara getdiyimizi bilməkdir.

Vizualizasiya mərhələsinin icrası zəruri hesab olunur. Əsas etibarilə, aşağıda göstərilmiş bir neçə mühüm sualı cavablandırmalıyıq

  • Necə bir cəmiyyətdə/ölkədə yaşamaq istərdik?

  • Hansı konkret xüsusiyyətlər ideal cəmiyyətin göstəriciləri qismində çıxış edir?

  • Bu məqsədə nail olmaq üçün hansı dəyişikliklər edilməlidir?

  • Bu prosesin gedişatını əngəlləyən maneələr hansılardır?

Tələb edilən dəyişiklik artıq daha konkret xarakter daşıyır və biz ideal dünyamızın burada və indi reallığa çevrilməsinin qarşısını alan praktik strateji məsələni seçə bilərik.

Təşkilatımızın miqyasından və təşəbbüslərindən asılı olaraq, biz müəyyən edilmiş məsələni həll etməklə, BAXIŞımıza uyğun olaraq, insanların həyat şəraitinin yaxşılaşdırılmasının EFFEKTİV yolunu seçə bilərik.

Məsələnin Seçilməsi prosesi və ya MƏSƏLƏNİN TƏHLİLİ onun mürəkkəbliyi baxımından səriştə, potensial və təcrübənin səviyyəsinin ölçülməsi prosesidir. Başqa sözlə desək, qarşılaşdığımız məsələnin səfərbər edə biləcəyimiz resursların köməyilə həll oluna biləcəyindən əmin olmalıyıq. Digər vacib məqam ondan ibarətdir ki, məsələ üçün həqiqətən də həll yolunun mövcud olduğunu və lazımi dəyişikliklərin edilməsi üçün praktik imkanların/şəraitlərin olduğunu görməliyik. Yekun olaraq, bu proseslə bağlı riskləri idarə etməyin mümkün olduğundan əmin olmaq üçün onların qiymətləndirilməsinə ehtiyac vardır.

Son olaraq qeyd etmək lazımdır ki, bu video dərsdə biz problemin əsas səbəbini müəyyən etməyin qaydasını öyrəndik və arzuolunan həllə aparan xəyali yolu tərtib etməyin üsullarını daha dərindən dərk etdik.

Növbəti video dərsimizdə isə müttəfiq və rəqiblərimizi xəritə vasitəsilə təsvir edəcək və təşviqat kampaniyamız üçün güclərin bərabərliyi xəritəsini tərtib edəcəyik.

Dostlara bildirmək