content
Daxili Mühitin Təhlili
Bu təhlil müəssisənizin xüsusiyyətlərinin obyektiv şəkildə yoxlanılması nəticəsində rəqiblər ilə müqayisədə və müxtəlif bazarlar kontekstində müəssisənin güclü və zəif tərəflərinin müəyyən olunmasını nəzərdə tutur.

Klassik "SWOT (GZİT) Təhlili"nin tərkibinə müəssisə və ya təşkilat daxilində Güclü və Zəif Tərəflərin qiymətləndirilməsi, daha dəqiq desək, "Daxili Mühitin Təhlili" daxildir.

Güclü və Zəif Tərəflər və ya Xüsusiyyətlər

Əsas diqqəti güclü tərəflərə, xüsusilə rəqiblərin malik olmadığı güclü tərəflərə yönəltməklə, müəssisənizin güclü və zəif tərəflərinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müvafiq güclü tərəflər Rəqabət Üstünlüyünüzün əsas tərkib hissəsi hesab olunur.

Güclü Tərəflərinizdən faydalanın

Güclü və Zəif Tərəflərin öyrənilməsi ilə nəticələnən "Daxili Mühitin Təhlili"nə dair digər yanaşma daha neytral ola bilər. O, sizin, eləcə də müəssisənizin "xüsusiyyətlər"indən ibarət siyahıdan istifadəni nəzərdə tutur. Bu xüsusiyyətlərin hansı yaradıcı sahələrdə, hansı biznes vəziyyətlərdə və ya hansı konkret müştərilər ilə münasibətdə güclü tərəflərə çevrildiyini düşünə bilərsiniz. Biznes strategiyası anlayışına xüsusiyyətlərinizin rəqabət baxımından güclü tərəflərə çevrildiyi bazarlarda və digər vəziyyətlərdə onların inkişaf etdirilməsi daxildir.

Sadəcə olaraq, bütün güclü və zəif tərəfləri yazmağa çalışmaq əvəzinə, boş kağız parçası üzərində də düşünmək olar. Aşağıda PRIMEFACT Yoxlama Siyahısı hərtərəfli təhlil üçün faydalı struktur təqdim edir.

"Özümüzü tanımaq" üçün biz cari vəziyyətimizi mümkün qədər obyektiv şəkildə qiymətləndirməliyik. Bu işdə digərlərindən kömək istəmək olduqca faydalıdır, belə ki, onlar məsələlərə müxtəlif nöqteyi-nəzərlərdən yanaşa bilirlər.

Sözügedən yoxlama siyahısı xüsusi olaraq, yaradıcılıq və mədəniyyət müəssisələri üçün hazırlanmış və yaradıcılıq müəssisələri və mədəniyyət təşkilatları da daxil olmaqla, bir sıra müştərilər üçün uğurla istifadə olunmuşdur.

PRIMEFACT yoxlama siyahısı

İnsanlar.

Nümayəndələrinizin güclü və zəif tərəfləri hansılardır? Əməkdaşlar, direktorlar, üzvlər, iştirakçılar, məsləhətçilər və digər maraqlı tərəflər.

Nüfuz (və ya Brend).

Hədəf müştərilərimiz qarşısında nüfuzumuzu təmin edən amillər hansılardır? Brend və ya brendlərinizin güclü yaxud zəif tərəfləri hansılardır?

Əqli Mülkiyyət.

Biz hansı əqli mülkiyyət obyektinə malikik? O necə qorunur? O necə asanlıqla gəlir mənbəyinə çevrilə bilər?

Bazarın Tədqiqi/Bazar haqqında Məlumat.

Bazar seqmentləri və tendensiyaları haqqında hansı məlumatlara sahibik? Fərdi müştərilər və onların xüsusi ehtiyacları barəsində nə bilirik?

İdeallar (və ya Dəyərlər yaxud Mədəniyyət).

İdeallarımız, dəyərlərimiz və təşkilati mədəniyyətimiz dedikdə nə nəzərdə tutulur? Bütün maraqlı tərəflər bu ideallara tərəfdardırmı?

Maliyyə, yəni pul.

Gəlirliliyin, pul vasitələri axınının və aktivlərin cari vəziyyəti necədir? Hansı məbləğdə sərmayə yatırmalıyıq və ya borc şəklində götürə biləcəyimiz vəsaitin məbləği nə qədər olmalıdır?

Çeviklik (və ya cəldlik yaxud dəyişkənlik).

Yeni imkanlardan yararlanmaq üçün kifayət qədər çevikikmi? İnsanlar dəyişməyə və dəyişikliklərə hazırdırlarmı? Yoxsa biz dəyişiklik etmək iqtidarında deyilik?

Həmkarlar (İttifaqlar, Tərəfdaşlıqlar və Şəbəkələr).

Digər müəssisə və təşkilatlar (o cümlədən, hökumət) ilə qurulan qarşılıqlı əlaqələrin mənfi və müsbət tərəfləri hansılardır?

İstedadlar (Səriştə və bacarıqlar).

Əsas qabiliyyətlərimiz hansılardır? Hansı bacarıqlar bizim üçün əlçatandır və bu məsələdə hansı boşluqlar var? Yeni bacarıqlar öyrənə bilərikmi?

Zəif tərəfləriniz barəsində də açıq və səmimi olun. Lakin bütün zəif tərəflərin aradan qaldırılması üçün heç bir zərurətin olmadığını unutmayın. Bəlkə də, bazarda zəif tərəflərinizin bu dərəcədə ciddi əhəmiyyət kəsb etmədiyi yeni mövqe tapa bilərsiniz.

Bunun üçün ilk növbədə rəqibləriniz ilə müqayisədə, güclü və zəif tərəflərinizi qiymətləndirməlisiniz. Xüsusi gücə malik ola bilərsiniz, lakin rəqibləriniz də sizin qədər yaxud sizdən daha güclüdürsə, o zaman bu güc sizə Rəqabət Üstünlüyü qazandırmır. 

Dostlara bildirmək