content
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
Gəlin, yaradıcı iqtisadiyyat sahəsi üçün səciyyəvi olan dəyər zəncirlərindən bəzilərinə nəzər salaq. Məsələn, nəşriyyat, kitab sahəsinə baxaq. Dəyər zəncirinə kimlər qoşulur? Dəyər zəncirində halqalar hansılardır?

Birinci növbədə, təbii ki, müəlliflər gəlir. Kitabları yaradanlar, kitabları yazanlar, bazara çıxarmaq üçün bu yaradıcı resursa sahib olanlar. Yaradıcılar.

İkinci yerdə redaktorlar var. Əlyazmanı, kitabı yoxlayan, müəllifə sadəcə yaradıcılığının yazı ilə ifadə edilməsindən nəşr edilə, təkrarən yoxlanıla, təshih edilə biləcək bir materiala keçməkdə kömək edən şəxslər.

Bundan sonra dəyər zəncirinin üçüncü əlaqəsinə keçirik: bunlar naşirlər, nəşriyyatlardır. Onlar nə ilə məşğul olur? Naşirlər, təbii ki, bu əlyazmanı kitaba çevirir, yəni illüstrasiyalar, hətta çox vaxt bizim görmədiyimiz kiçik şriftlərlə işləyirlər. Daha sonra onlar kitabı çap edilmiş formada, kağız formasında təqdim edə bilmək üçün çap evləri ilə, yaxud da eyni kitabın elektron versiyasının, elektron kitabların hazırlanması üçün İT şirkətləri ilə işləyirlər.

Ancaq iş bununla da bitmir. Bundan əlavə, topdansatış prosesini həyata keçirən ticarətçilər də zəncirə daxildir. Belə ki, topdansatış prosesini həyata keçirən ticarətçilər kitabı, məsələn, regional bazar üçün bu naşirdən və ya digər naşirlərdən toplayan şəxslər ola bilər. Yaxud da bu sahədə fəaliyyət göstərən, kitabların müştərilərə çatdırılması üçün böyük anbara, böyük imkanlara, logistika zəncirlərinə, eləcə də əməliyyatlara malik olan Amazon.com ola bilər.

Daha bir iştirakçı, daha bir əlaqə mövcud ola bilər. Bu, kitab mağazalarıdır. Fərdi kitab mağazaları - bəli, onlar hələ də qalmaqdadır və nəşriyyatlar, eləcə də müəlliflər üçün çox mühüm əhəmiyyət kəsb edirlər. Biz hələ də müştərilər olaraq kağız kitabları almaq istəyirik və elektron formatların getdikcə ənənəvi kağız formatını əvəz etməsinə baxmayaraq, bu bazar böyüməyə davam edir.

Və nəhayət, dəyər zəncirinin altıncı əlaqəsi də mövcuddur. Bu isə müştərilərdir. Yəni, biz - kitabı alan oxucular. Beləliklə, nəşriyyat sahəsində dəyər zəncirinin altı əlaqəsi mövcuddur.

İndi isə digər bir misala - musiqi sənayesinə nəzərə salaq. Musiqi sənayesində dəyər zəncirinin birinci əlaqəsi, təbii ki, sənətkar, bəstəkar, yaradıcı resursu yaradan, musiqi yazan insan və ya insanlardır.

Ancaq musiqinin müştəriyə çatması üçün dəyər zəncirinin ikinci əlaqəsi prodüser və ya agent olmalıdır. O, musiqinin arenjemanını həyata keçirən, sənətkarın musiqisinin bazara çıxmasını təmin edən, sənətkarı təmsil edən şirkət və ya şəxsdir.

Prodüser və agent, faktiki olaraq, zəncirin üçüncü əlaqəsi olan studiya ilə işləyir. Möcüzənin yarandığı, musiqinin həqiqi mənada yarandığı, qeydə alındığı yer studiyadır.

Fayl formatında və ya digər formatda, yaxud da video formatında olan musiqi yayılmalı, məsələn, onlayn radio və ya ənənəvi FM radio stansiyaları vasitəsilə yayımlanmalı olduğu üçün dəyər zəncirinin üçüncü əlaqəsi distributor və ya yayım şirkəti olmalıdır. Musiqi hətta kinoya da yol tapa bilər. Onlayn yayımlanma və s. daxil olmaqla musiqinin auditoriyaya çatdırılması üçün müxtəlif yeni formatlar və bunu etmək üçün platformalar - distributorlar mövcuddur.

Və nəhayət, son təyinat nöqtəsi və dəyər zəncirinin beşinci əlaqəsi müştərilərdir. Yəni, musiqi dinləyiciləri və ya alıcıları, yaxud da canlı musiqi dinləmək üçün konsertlərə gedən insanlar.

Beləliklə, musiqi sənayesi üçün dəyər zəncirinə də nəzər saldıq. Yaradıcı iqtisadiyyat sahəsində müxtəlif dəyər zənciri misallarını nəzərdən keçirə bilərik. Ancaq Kurt Salmonun araşdırmasına əsasən (konsaltinq şirkəti olaraq 2013-cü ildə dəyər zənciri ilə əlaqədar böyük bir araşdırma aparıblar) dəyər zəncirləri üçün dörd ümumi əlaqə təyin edilib.

Birinci əlaqə sənətkardır. Belə ki, ilk növbədə yaradıcı resursu yaradan, hazırlayan şəxs olmalıdır. İkinci əlaqə isə industrialist olmalıdır. İndustrialist sənətkarın yaratdığı yaradıcı resursu sonradan dəyər zəncirinin üçüncü ümumi əlaqəsinə - operatora təqdim edilə biləcək müəyyən formata salan təşkilat, şirkət və ya hətta frilanser ola bilər. Operator isə sənətkar tərəfindən yaradılmış və industrialist tərəfindən istehsal edilmiş məhsulu yayan və bazara çıxaran şəxs hesab edilir. Dəyər zəncirinin sonuncu, dördüncü əlaqəsi isə müştəridir. Belə ki, müştərilər mədəniyyət məhsullarını istehlak edən şəxslərdir.

Beləliklə, bu, dəyər zənciri üçün ümumi konsepsiyadır və mədəniyyət təşkilatlarının bu konsepsiyanı anlaması vacib məsələdir. Niyə? Çünki, təşkilatımızın harada, hansı bazarlarda fəaliyyət göstərdiyini (bu barədə əvvəlki mühazirədə danışmışdıq) anladıqda öz sahəmizdə, öz bazarımızda dəyər zəncirinin necə olduğunu başa düşə, əslində çox az sahəni əhatə etdiyimiz üçün kifayət qədər resursa malik olmadan dəyər zəncirinə mümkün olan qədər çox əlaqə daxil etməyə çalışdığımızı və ya əslində dəyər zəncirimizin natamam olduğunu anlaya bilərik.

Nə demək istəyirəm? Məsələn, bu yaxınlarda Mədəniyyət və Yaradıcılıq Proqramı üzrə təlimdə Ukraynanın kitab sənayesində dəyər zənciri məsələsini müzakirə etmişdik. Qrup iştirakçıları Ukraynanın kitab sənayesində istifadə edilən dəyər zəncirində iki çatışmazlıq təyin etdi. Olduqca aydın olan birinci çatışmazlıq distributor çatışmazlığı idi. Belə ki, kifayət qədər kitab mağazası mövcud deyil və onlayn mağazalarımız o qədər də tanınmadıqları üçün çox sayda müştəri cəlb edə bilmirlər. Odur ki, nəşriyyatlarımız məhsulları nə qədər gözəl olsa da, müştəri cəlb etmək baxımından problemlərlə qarşılaşırlar. Beləliklə, dəyər zəncirinin distributor əlaqəsi ilə əlaqədar çatışmazlıq mövcuddur.

Digər çatışmazlıq isə Ukraynada agentlərin, yox səviyyəsində olmasıdır. Söhbət möhtəşəm yaradıcı əlyazmaları ilə hələ kəşf edilməmiş yeni müəllifləri təqdim edən agentlərdən gedir. Bu, o deməkdir ki, Ukrayna bazarının uğursuzluqla üzləşməsi labüddür. Bu, o deməkdir ki, çox sayda gözəl müəllif məhz onlara kitablarını nəşr etdirməkdə, yaradıcılıqlarını bazara çıxarmaqda kömək edə biləcək agentlərin olmaması səbəbindən aşkar edilə bilmir və bestseller olmaq imkanından məhrum olur.

Odur ki, komandanızla oturub dəyər zəncirini təhlil edərək bazarda hansı çatışmazlıqların olduğunu müzakirə edin, bəlkə də, addım ataraq bu çatışmazlığı aradan qaldırmaq qərarına gələ bilərsiniz. Bəlkə də, dəyər zəncirinin natamamlığına uyğunlaşmaq üçün öz biznes modelinizi dəyişməli ola bilərsiniz. Beləliklə, mədəniyyət təşkilatları və yaradıcı müəssisələr üçün fəaliyyət göstərdikləri bazarın dəyər zəncirini təhlil etmək strategiyalarını və biznes modellərini tənzimləmək, eləcə də bazarın cari vəziyyətdə necə fəaliyyət göstərdiyini anlamaq baxımından faydalı ola bilər.

Həm də yuxarıda Kurt Salmonun 2013-cü ildə apardığı araşdırmanı qeyd etmişdim. Həmin araşdırma faylında Fransada kitab sənayesi və yaradıcı iqtisadiyyatın digər sahələri və sənayeləri üzrə 2012-ci ilə dair çox gözəl statistika mövcuddur. Araşdırma zamanı Fransa üzrə bu sahələrin, bazarların dəyər zəncirləri təhlil edilməklə onlara dair rəqəmlər zəncirlərin üzərində əks etdirilib. Nəticədə oxumaq baxımından maraqlı material alınıb. Məsələn, kitab sahəsini götürək. 2012-ci ildə Fransada çap edilmiş kitablar üçün orta qiymət 10.90 € olub. Bu 10.90 € dəyər zənciri üzrə necə bölüşdürülüb? Bu qiymətdən kim nə qədər əldə edib? Rəqəmlər kifayət qədər maraqlıdır. Sənətkarlar bu məbləğin 10 faizini əldə edib. 30 faiz prodüserlərə çatıb. Bu halda prodüserlər nəşriyyatlardır. Məbləğin 60 faizi isə vasitəçi və distributorlara çatır. Əslində məbləğin 50 faizi Amazon.com səbətində olmalıdır, o isə komissiya haqqını, eləcə də Amazon.com tərəfindən təşkil edilən logistika və çatdırma üzrə xərcləri də əhatə etməlidir. 

Beləliklə, gördüyünüz kimi, hətta dəyər zənciri olan halda da, məsələn, kitabın qiymətinin sadəcə 10 faizi müəllifə, yaradıcıya çatır, qalan vəsait isə müştərinin əldə etdiyi məhsula dəyər əlavə etmək üçün dəyər zəncirinə qoşulmuş şirkət və təşkilatlar tərəfindən əldə edilir.

Dostlara bildirmək