content
IV Mühazirə. Qeydiyyat
Salam. Adım Yvelin Karu-Veskioja-dır və Estoniyada yerləşən Mədəniyyət Bürosunun Direktoruyam.

Təşkilatın iştirakçı portalında qeydiyyatı

Təşkilatlar Yaradıcı Avropa proqramı üçün müraciət etmək məqsədilə iştirakçı portalında qeydiyyatdan keçməli və İştirakçının İdentifikasiya Kodunu əldə etməlidirlər. İştirakçının İdentifikasiya Kodu doqquz rəqəmdən ibarətdir. Təşkilatın iştirakçı portalında qeydiyyatdan keçmə prosesi olduqca asandır. Sözügedən proses cəmi bir neçə dəqiqə vaxt aparır. Təşkilatı istənilən vaxtda portalda qeydiyyatdan keçirə bilərsiniz və ərizələrin təqdim edilməsi mərhələsinin başlamasını gözləməyinizə ehtiyac yoxdur. Əgər təşkilatınız iştirakçı portalında Erasmus+ yaxud Horizon 2020 kimi digər proqramlar üçün artıq qeydiyyatdan keçibsə, o zaman bu prosesi yenidən təkrarlamağınıza ehtiyac yoxdur. Eynilə, əgər təşkilatınızı Yaradıcı Avropa Proqramı üçün qeydiyyatdan keçirmisinizsə, o zaman İştirakçının İdentifikasiya Kodu icraçı qurum tərəfindən idarə olunan digər proqramlar üçün də etibarlı hesab olunur. Bu növbəti bürokratik bir addım deyil. O həqiqətən də sonrakı ərizələri sizin üçün daha da asanlaşdırır. Ərizə formasına İştirakçının İdentifikasiya Kodunu daxil edərkən, təşkilatın məlumatları avtomatik olaraq görünür. Sizdən tələb olunan sadəcə olaraq məlumatın dəqiqliyini yoxlamaqdır. Eyni zamanda, hər dəfə yeni ərizə ilə müraciət edərkən təşkilatınız barəsində bütün ümumi sənədləri təkrarən göndərməyinizə ehtiyac yoxdur.

İştirakçı Portalında qeydiyyatdan keçmə prosesi 3 mərhələdən ibarətdir.

İlk növbədə, təşkilatı qeydiyyatdan keçirmək istəyən şəxs Avropa Komissiyasının Əsliliyi Yoxlama Xidmətində fiziki şəxs qismində şəxsi hesabını yaratmalıdır. Nəzərə alın ki, bununla təşkilatın qeydiyyatı başa çatmış hesab olunmur. Avropa Komissiyasının Əsliliyi Yoxlama Xidmətində şəxsi hesab yaratmaq cəmi bir neçə dəqiqə vaxt aparır, lakin bu addım olmadan siz prosesi davam etdirə bilməzsiniz. Prosesin birinci mərhələsi tamamlandıqdan sonra sizə təsdiq e-maili göndəriləcəkdir.

İkinci mərhələdə siz təşkilatın iştirakçı portalında qeydiyyatına başlaya bilərsiniz. Bu proses də 10 - 15 dəqiqə vaxt aparır. Bu müddət ərzində bütün məlumatlar hazırlanır və əlçatan olur. Bu səbəbdən telefon nömrələri, ünvan, poçt indeksləri, ƏDV nömrəsi və qeydiyyat nömrəsi kimi bütün məlumatları prosesə başlamazdan əvvəl toplamağınızı tövsiyə edirəm. Prosesin ikinci mərhələsi tamamlandıqdan sonra sizə yenidən təsdiq e-maili göndəriləcəkdir.

Üçüncü mərhələdə siz şirkətin nizamnamələri, ƏDV ödəyicisinin qeydiyyatı və təsdiq e-mailinizdə istinad etdiyiniz sənədlər kimi bütün əlavə sənədləri yükləməlisiniz.

Daha əvvəl də qeyd etdiyim kimi, qeydiyyat prosesi olduqca sadədir və prosesin hər bir mərhələsi bitdikdən sonra sizə təsdiq e-maili göndəriləcəkdir, bu səbəbdən növbəti mərhələyə keçməzdən öncə bir qədər gözləyin. Təşkilatınızı portalda qeydiyyatdan keçirdikdən sonra zərurət olduğu təqdirdə (məsələn, əgər başqa yerə köçmüsünüzsə və artıq yeni ünvanınız varsa), məlumatda dəyişiklik edə və onu yeniləyə bilərsiniz.

Ərizənizə Yaradıcı Avropa proqramı tərəfindən müsbət cavab verildikdə təşkilatınızı portalda təkrarən qeydiyyatdan keçirmənizə ehtiyac yoxdur. Şifrənin itirilməsi yaxud şəxsin təşkilatdakı vəzifəsindən uzaqlaşdırılması hallarında təşkilatınızın müraciəti ilə məşğul olan birdən çox insanın olmasını tövsiyə edirəm.

 

Bu proses mürəkkəb olmasa da, bir az vaxt aparır. Bu səbəbdən qeydiyyat prosesinə elə indicə başlamağınızı tövsiyə edirəm. Uğurlar. 

Dostlara bildirmək