content
Strateji Planlaşdırma Kursu
Adım Devid Perrişdir. Xüsusilə yaradıcılıq və mədəniyyət müəssisələri üçün Strateji Planlaşdırma haqqında danışacağam.  

Baxış və Uğur

Strateji Baxış və Biznes Uğuru haqqında aydın Anlayış bütün yaradıcılıq və mədəniyyət müəssisələri üçün strateji planlaşdırmanın əsas elementləri hesab olunur.

Baxış yaradıcılıq və ya mədəniyyət müəssisəsinin gələcəyi üçün təşəbbüslər nümayiş etdirir. Sözügedən Baxış (və ya "Strateji Baxış") sanki gələcək haqqında qurulan "xəyal"a, sözlərlə boyanmış və insanların həm qəlbinə, həm də beyninə xitab etməklə onları ruhlandırmaq üçün nəzərdə tutulmuş rəsmə bənzəyir.

Stiven R. Kovi "Yüksək Məhsuldarlıq Nümayiş Etdirən İnsanların 7 Vərdişi" (The Seven Habits of Highly Effective People) adlı bestsellerində belə bir ifadəyə yer verir: " Hər hansı bir işə başlayarkən, onu sonunu təsəvvür edin "(Start with the end in mind).

Liderin əsas vəzifələrindən biri insanları Baxış istiqamətində ruhlandırmaqdan ibarətdir. Bu, "Ruhlandırıcı Liderlik" adlanır.

Strateji Baxış müəssisə və ya təşkilatda yalnızca lider, baş idarəetmə komandası və əsas heyət tərəfindən deyil, eyni zamanda hər kəs tərəfindən qəbul edilən və dəstəklənən Ortaq Baxış olmalıdır.

"Baxış təşkilatın irəliləməli olduğu istiqaməti müəyyənləşdirən bir anlayışdır."

- Jon P Kotter. Harvard Biznes İcmalı.

Uğurlu yaradıcılıq müəssisələri yaradıcı istedadları strateji biznes idarəetməsi ilə birləşdirməyə ehtiyac duyurlar ki, mən də bunu "Futbolkalar və Kostyumlar" yanaşması adlandırıram.

Bəzən bir şəxsdə bu elementlərin hər ikisi lazımi səviyyədə olur, lakin əksər hallarda, yaradıcılıq və biznesin vəhdəti iki insan və ya daha böyük komanda vasitəsilə qurulur.

Cəlb olunan tərəfdaşlar fərqli fərdi keyfiyyətlərə və müxtəlif bacarıqlara sahib olsalar belə, müəssisə üçün ortaq baxış formalaşdırılmalıdır.

Tərəfdaşlar risk, artım, maliyyə mükafatı və həyat tərzi kimi məsələlər haqqında müxtəlif nöqteyi-nəzərlərə malik ola bilərlər. Bu baxışlar vəhdət təşkil etmədikdə, müxtəlif istiqamətlərə aparan yol xəritəsində olduğu kimi, hər bir şəxs əsaslandırılmış lakin fərqli biznes strategiyasına malik ola bilər.

Bu səbəbdən ortaq baxış bir çox hallarda başlanğıc nöqtəsi hesab olunur. Əgər insanlar birlikdə gərgin əməklə çalışır lakin düşüncələrində fərqli məqsədlərə nail olmağı hədəf alırlarsa, o zaman konfliktin - və ya ən azı çıxılmaz vəziyyətin yaranması qaçılmazdır.

Jennifer Harris, "Management Today” jurnalındakı yazısında müxtəlif bacarıqların bir-birini tamamlayıcı şəkildə birləşdirilə bildiyini, lakin müxtəlif yanaşmaların bilmədiyini qeyd edir. Bu fikirlə razılaşıram.

Frederik Henri Roys Çarlz Stüart Rolls ilə 1904-cü ildə Mançester şəhərində tanış olmuşdur. O zamanlar Roys mühəndis, Rolls isə iş adamı idi. Onlar fərqli istedadlara, lakin ortaq baxışlara malik idilər. Onların əməkdaşlığı dünyaca məşhur "Rolls-Roys" şirkətinin yaradılması ilə nəticələndi.

Gələcək haqqında aydın Baxışa malik olmaq, sonra isə bu yekun məqsədə istiqamətlənərək işə başlamaq uğurlu yaradıcılıq müəssisələrinin əsas fəaliyyət xəttini təşkil edir.

Uğur

Uğur qazanmaq hər kəsin arzusudur, lakin "Uğur" haqqında bir-birindən fərqli anlayışlar mövcuddur. Uğur müxtəlif insanlar üçün fərqli mənalar ifadə edir, bu səbəbdən müəssisənizin "uğurlu" fəaliyyət göstərməsi ilə bağlı istəyinizlə birlikdə razılaşmaq kifayət deyil. Uğur haqqında müxtəlif anlayışlar istiqamətində işlədikdə problemlərin yaranması mütləqdir. Uğur anlayışı aydın şəkildə müəyyən edilməli və razılaşdırılmalıdır.

Uğur anlayışını digər insanların fikir, istək və gözləntiləri əsasında deyil, öz nöqteyi-nəzəriniz baxımından müəyyən edin.

Yaradıcılıq müəssisələrinə məsləhət verərkən, onlardan özləri üçün Uğur anlayışını konkret ifadələrlə müəyyən etməyi xahiş etdim. Bunu yalnızca xahiş deyil, həm də tələb etdim. Çünki əgər onlar hara getdiklərini bilmirlərsə, mən onlara yekun məqsədə çatmaqda kömək edə bilmərəm. Sözügedən Uğur anlayışı Baxışı daha da konkretləşdirir.

Maliyyə uğuru əksər müəssisələr üçün yeganə amil olmasa da, əsas amillərdən biridir. Yaradıcılıq müəssisələri məhsuldar işə, onlarla eyni sənaye sahəsində fəaliyyət göstərən analoji müəssisələri tanımaq, maraqlı layihələri, müstəqilliyi, əməkdaşlığı və ya tarazlaşmış iş/həyat balansını seçmək bacarığına sahib olmaq istədiklərini söyləyirlər. Hər unikal uğur reseptinin tərkibində bu və digər inqredientlər müxtəlif miqdarda birləşmişdir.

Biznesin inkişafı

Hansı istiqaməti inkişaf etdirmək istədiyinizi aydın şəkildə müəyyən edin. Biznesinizi düzgün istiqamət üzrə inkişaf etdirin. Lazımi işləri təkmilləşdirin. Kiçik müəssisələr böyük məbləğdə gəlir gətirir və güclü ictimai təsirə malik olur. Ölçü hər şey demək deyil.

Təşkilatın Baxışının və Uğur anlayışının aydınlaşdırılması istənilən biznes strategiyası yaxud biznes plan üçün mühüm başlanğıc nöqtəsi hesab olunur. Bu proses təşkilatın mahiyyətini, onun Missiyasını və Dəyərlərini öyrəndiyi kimi faydalıdır.

"Missiya və Fəlsəfə biznesin əsas başlanğıc nöqtəsidir. Müəssisəni xarakterizə edən onun adı, əsasnamələri və ya nizamnamələri deyildir. O, biznesin missiyası ilə səciyyələnir. Təşkilatın missiya və hədəfləri barəsində dəqiq anlayışın olması aydın və real biznes məqsədlərini həyata keçirməyə imkan verir."

- Piter Druker. (Piter Drukerin “Biznes Nəzəriyyəsinə” (Theory of the Business) də nəzər salın.)

Digər onlayn resurslarımızdan yararlanmaqla siz strateji planlaşdırma haqqında daha ətraflı məlumat əldə edə və onları müəssisənizdə tətbiq etməklə, fəaliyyətinizi daha uğurlu şəkildə davam etdirə bilərsiniz.

Dostlara bildirmək