content
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
Bu videoda yeni incəsənət müəssisəsinin yaradılması prosesinin iki əsas mərhələsini nəzərdən keçirəcəyik: biznes-modelin işlənib hazırlanması və xarici maliyyə mənbəyinin axtarılması.

İlkin istiqamətdə incəsənət sahəsində həyata keçirilən sahibkarlıq prosesinin mərhələləri incəsənət qayda-qanunlarına, startap layihəsinin mahiyyətinə və başqa faktorlara əsasən müxtəlif olur. Ancaq bu faktorların sayı adətən 5 olur:

  1. İlkin hazırlıq və innovativ ideyaların yaradılması

  2. Filterləmə əməliyyatı: bu ideyaların əvvəlcədən təyin edilmiş spesifik kriteriyalar əsasında qiymətləndirilməsi

  3. İdeyanın intellektual mülkiyyət hüququ vasitəsilə mühafizə edilməsi

  4. Biznes-modelin və biznes-planın işlənib hazırlanması

  5. Əməkdaşlıq rejimində ilkin maliyyələşdirmə mənbəyinin axtarılması və təmin edilməsi, keçidin strateji strukturunun nəzərə alınması

Biznes-model nədir?

Biznes-model şirkət tərəfindən əməliyyatlar nəticəsində gəlir əldə etmək üçün həyata keçirilən plandır. Biznes-model eyni zamanda dəyər yaratma prosesində iştirak edən əlaqələr ardıcıllığı kimi də başa düşülə bilər. Əsasən bazar yönümlü fəaliyyət göstərən biznes-modelləri eyni zamanda ictimai və mədəni məqsədlərə də xidmət edən biznes-modellərdən dəyər yaratma, müştərilərə və sifarişçilərə diqqət yetirmə kimi xüsusiyyətlər fərqləndirir.

Xarici maliyyələşdirmə mənbəyi axtarmadan əvvəl əsas biznes-modelin yaradılması başlıca məsələdir. Biznes-model aşağıdakı məsələləri yazılı və / və ya qrafik yolla təsvir edir:

  1. Gələcək incəsənət müəssisəsi öz məhsul və xidmətlərini necə satacaq və dəyər yarada biləcək?

  2. Sifarişçi və müştəriləri kimlərdir?

  3. Haradan gəlir əldə edəcək?

  4. Strateji məqsədlərinə hansı yolla nail olacaq?

İncəsənət müəssisəsinin yaradılması üçün müxtəlif biznes-model tipləri var və bu modellərin hər biri unikaldır. Bəzi biznes-modellər biznesin fiziki mənada iştirak etməsi ilə ənənəvi biznes-modellər (rəqs ansamblı, teatr və ya kommersiya məqsədli qalereya) adlanır. Bu biznes-modellər biznes fəaliyyətinin yerləşdiyi, eləcə də sifarişçi və ya müştərilərlə qarşılıqlı əlaqənin baş tutduğu bina və ya başqa strukturun fiziki iştirakına əsaslanır. "Oflayn" modellərə eyni zamanda aşağıdakılar da daxildir:

  1. normanı aşan xərcləri azaltmaq üçün resursları paylaşan sənətkarlar arasında populyar olan kollektiv biznes-modellər

  2. sənətkarların ənənəvi yayım kanallarına etibar etmədiyi və vasitəçidən (agent, prodüser, topdan satış həyata keçirən ticarətçi, broker) imtina etdiyi vasitəçisiz modellər

Digər modellər isə onlayn və mobil texnologiyalara əsaslanır. Bu modellər aşağıdakılardır:

  1. incəsənət əsərlərinin satılması üçün onlayn platforma

  2. abunə modeli

  3. səhnədəki çıxışların canlı yayımlanması

  4. ödənişsiz və əlavə olaraq ödənişli əsaslarla əsas onlayn xidmətlər təklif edən frimium model

Nəzərə alın ki, onlayn modellərdə sahibkar və onlayn istifadəçilər arasında canlı qarşılıqlı əlaqə olmur və odur ki, onlar ümumi marketinq və kommunikasiya strategiyasına mütləq şəkildə təsir edirlər.

Biznes-modellər sahibkarın ilkin ideyasından, resursların varlığından və gələcək inkişaf planından asılı olaraq sadə və mürəkkəb ola bilər. Unutmayın ki, biznes-model və biznes-planın hər ikisinin iki mühüm mərkəzi nöqtəsi var: gəlirin planlaşdırılması və itkisizlik nöqtəsi.

  • Biznes gəlirlərinin proqnozlaşdırılması həlledici məsələdir. Bir çox sahibkar proqnozların müəyyən dəqiqlik dərəcəsi ilə tərtib edilməsi üçün çox vaxt tələb olunduğundan şikayətlənir. Ancaq bir vacib məsələni yadda saxlamaq lazımdır: əgər ətraflı şəkildə düşünülmüş proqnozlar təqdim etməsəniz investorlar biznesinizə vəsait qoymayacaqlar. Həm də düzgün maliyyə proqnozu biznesinizin uğurla nəticələnməsində sizə kömək edəcək idarəetmə və kadr qəbulu planlarını yaratmağınıza imkan verəcək.

  • Sadə şəkildə desək, itkisizlik nöqtəsi xərclərlə gəlirlərin bərabər olduğu nöqtədir. İtkisizlik nöqtəsinin təyin edilməsi müəssisələrə gəlirli olmağını istədiyi istehsal səviyyələri üçün plan tərtib etməkdə kömək edir.

Xarici maliyyə mənbəyi axtarmadan əvvəl aşağıdakı əsas suallara cavab tapmalıyıq:

  • İşə başlamaq üçün nə qədər pul tələb olunur və ilkin investisiya xərcləri nə qədərdir?

  • Gələcək incəsənət biznesimiz üçün öz investisiyamızla xarici maliyyələşdirmə arasında planlaşdırılan nisbət necədir?

  • Bu yeni incəsənət müəssisəmizin böyümə potensialı necədir?

  • Xarici maliyyələşdirmənin haradan olması təhlükəsiz olar - fərdi maliyyələşdirmə mənbəyi yoxsa təşkilati maliyyələşdirmə mənbəyi?

Xarici maliyyələşdirmə fərdlər (ailə üzvləri, dostlar, donorlar, biznes-mələklər və kraudfandinq) və müəssisələr (banklar, fondlar, hökumət təşkilatları və ya başqa təşkilatlar) vasitəsilə təmin edilir.

  • Startap müəssisələri üçün iki əsas maliyyələşdirmə tipi mövcuddur - borc və aksiyalarla maliyyələşdirmə.

  • Borc instrumentləri ödənilməli olan borc olaraq götürülmüş (əsasən kredit şəklində) pul deməkdir. Onlar aylıq ödənişlər tələb etsə də, sahibkarlığı zəiflətmir.

  • Aksiyalarla maliyyələşdirmə vasitələri gələcək şirkətin bir hissəsini xarici investora satmaq və ya güzəştə getməklə maliyyə vəsaitləri cəlb etməyə əsaslanır. Onlar sahibkarlığı zəiflədir və hətta idarəetməni itirməklə də nəticələnə bilər.

Odur ki, startap sahibkarları aksiyalarla maliyyələşdirmədənsə borca üstünlük verirlər.

  • Kraudfandinq startap layihəsi və ya müəssisəsi üçün çox sayda şəxsdən maliyyə vəsaitlərinin cəlb edilməsi deməkdir. Bu, adətən onlayn rejimdə baş verir və şəxslərə, ictimaiyyətə, eləcə də şirkətlərə təşəbbüsün həyata keçirilməsinə istədikləri məbləğdə dəstək olmaq imkanı verir. Kraudfandinq üsullarından bəziləri aşağıdakılardır:

  • Bağışlama üsulu - mühüm sosial dəyərlərə, mənəvi və etik təsirə malik olan layihə və ya startap müəssisəsini dəstəkləmək üçün çox sayda insanın kiçik məbləğdə pul bağışlamasıdır.

  • Əvvəlcədən sifariş etmə üsulu - sifarişçi və ya müştərilər istehsal prosesini dəstəkləmək üçün hələ istehsal edilməmiş məhsulun haqqını əvvəlcədən ödəyirlər.

  • Aksiyalara əsaslanan üsul - çox sayda insana malların istehsalının və ya layihənin icrasının başlanğıcında aksiya investorları kimi kiçik məbləğdə investisiya qoymaq imkanı verir.

  • Biznes mələklər başqa bir xarici maliyyələşdirmə variantıdır. Biznes mələklər aksiyalarla sahibkarlıq maraqları ilə əlaqədar mübadilə aparan fərdlərdir. Onlar adətən müvafiq biznes sahəsinə yaxşı bələd olan və uzun müddət sahibkar və ya rəhbər kimi fəaliyyət göstərdikdən sonra təqaüdə çıxmış peşəkarlar olur.

  • Xarici investorlar tərəfindən yüksək inkişaf potensialına malik startap şirkətləri üçün vençur kapitalı təmin edilir. O, investor üçün yüksək risk təşkil edir, ancaq digər tərəfdən də, investisiyanın qaytarılması potensialı çox yüksəkdir - bəzən 30-50 %-ə qədər çatır. Bu cür investisiyalar yüksək texnologiyalar sahəsində və böyük inkişaf potensialına malik olan başqa sahələrdə tətbiq olunur və odur ki, incəsənət sahəsindəki startap layihələri nadir hallarda bu imkandan faydalanmaq imkanı əldə edirlər.

Əsas biznes-modelləri və potensial xarici maliyyələşdirmə mənbələrini öyrəndikdən sonra növbəti videoda keçid və birgəlik mühitində, eləcə də strateji mühitdə biznes-planın işlənib hazırlanmasını müzakirə edəcəyik.

Dostlara bildirmək