content
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
Strateji məsələmizə təsir göstərən xarici qüvvələrin daha yaxşı dərk edildiyi təqdirdə, təşviqat cəhdi böyük ehtimalla arzuolunan nəticəni verəcəkdir.

Xarici qüvvələr haqqında düşünərkən, onların yalnızca sizə və təşkilatınıza göstərəcəyi təsiri deyil, eyni zamanda kampaniyanın benefisiarlarına, təşkilatın ianəçilərinə və bu sahədəki digər iştirakçılara necə təsir edə bildiyi faktını nəzərə alın. Kampaniyanın həyata keçirilməsinə başlamaqla aktivləşdirəcəyiniz xarici qüvvələr bu mühüm maraqlı tərəflərə necə təsir göstərəcəkdir və bu dəyişən xarici kontekst təsirə məruz qalan bütün iştirakçılar üçün hansı mənanı kəsb edəcəkdir?

Milli və ya regional səviyyə üzərində hakimiyyətə yaxud təsirə malik olan tipik qrupların tərkibinə aşağıdakılar daxildir:

  • Formal hökumətdə siyasətçilər və partiyalar (seçilmiş, təyin edilmiş)

  • Dövlət qulluqçuları

  • Dini təşkilatlar və dini liderlər

  • Biznes assosiasiyaları və böyük şirkətlər

  • Vəkillər, hakimlər, həkimlər, alimlər, müəllimlər və digər mütəxəssislər

  • KİV - o cümlədən, televiziya, radio, qəzet və jurnallar

  • İstehlakçı təşkilatları və istehlakçı qrupları

  • Qadınlardan ibarət qruplar

  • QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları

  • Regional müəssisələr - Aİ, regional ticarət qrupları və s.

  • Beynəlxalq təşkilatlar - Dünya Bankı / BVF, Ümumdünya Ticarət Təşkilatı, BMT agentlikləri və s.

Yuxarıda göstərilən siyahını əsas götürərək, biz məsələmizlə maraqlana bilən insanları müəyyən etməli, onların rolunu qiymətləndirməli, mənfi təsirə məruz qala bilən şəxsləri aşkar etməli və kampaniya barəsində məhdudiyyətlərə malik olan şəxsləri tapmalıyıq.

Təşviqat kampaniyasında iştirak edən maraqlı tərəflər adətən dörd qrupa bölünür:

Hədəf subyektləri:

  • qərar qəbuledicilər; lazımi dəyişiklikləri etmək səlahiyyətinə malik olan şəxslər;

  • qərar qəbuledicilər üzərində təsirə malik olan insanlar

Müştərilər:

  • birlikdə çalışdığınız və onlar üçün işlədiyiniz şəxslər;

  • təşviqatınızdan mənfəət götürəcəyi gözlənilən şəxslər

Müttəfiqlər:

  • məqsədlərinizi bölüşən və qərar qəbuledicilərə təsir və təzyiq göstərməkdə sizə kömək edən insanlar

Əleyhdarlar:

  • nail olmaq istədiyiniz məqsədə qarşı çıxan və görmək istədiyiniz dəyişikliklərin tətbiqinə mane olmağa çalışan şəxslər

Yekun olaraq, biz təşəbbüsə təsir edə bilən və həllə təsir göstərmək səlahiyyətinə malik olan şəxsləri təsirə məruz qoya bilən iştirakçıları müəyyən etməliyik.

Haqqında danışdığım son təhlil Güclərin bölgüsünün Xəritə şəklində təsviri adlanır. Güclərin bölgüsünün Xəritə şəklində təsviri bütün hadisələrin gedişatına təsir göstərmək üçün zəruri hesab olunan gücü aşkara çıxarır. Güclərin bölgüsünün Xəritə şəklində təsviri koalisiyanın yaradılması (hansı iştirakçı ilə münasibətlərimizi inkişaf etdirməliyik) və vətəndaş mobilizasiyası (insanların ümumi prosesə qoşulması üçün onlara təsir etmək üçün kimin köməyindən istifadə edə bilərik) baxımından xüsusilə faydalıdır. Məqsədimiz verilmiş kontekstdə münasibətlərin əhəmiyyətini dərk etmək üçün insanlar, təşkilatlar və müəssisələr arasındakı münasibətləri əyani olaraq xəritə şəklində təsvir etməkdir. Güclərin bölgüsünü xəritə şəklində təsvir edərkən, biz hadisələrin gedişatını arzu etdiyimiz şəkildə dəyişmək gücünə malik olan əsas insanları müəyyən edir və ümumi prosesi düzgün təşkil etmək hədəfinə necə və kimin vasitəsilə nail ola və ya təsir göstərə biləcəyimizi aydınlaşdırmaq üçün onların münasibətlərini nümayiş etdiririk. Bəzən güclərin bölgüsünün xəritə şəklində təsviri nəticəsində əvvəllər diqqət yetirmədiyiniz üçüncü tərəflər aşkar oluna bilər.

Fərz edək ki, yerli mer Mariyanı təsir göstərmək üçün əsas hədəf seçmişik. Onunla əlaqə yaratmaq üçün ağlınıza gələn bütün əlaqə vasitələrini xəritədə nümayiş etdirin və bu insanların və müəssisələrin bir-biri ilə necə əlaqə saxladığını görmək üçün prosesi kənardan izləyin. Təsəvvür edək ki, Mariyanın həyat yoldaşı, onun ən yaxşı dostu və bələdiyyə işçiləri xorda ifa edirlər. Mariya ifaçı olmasa da, yerli xor onun üzərində güclü təsirə malikdir. Yerli xorun dirijoru sizinlə və ya təşkilatınız ilə birbaşa əlaqə saxlaya bilər.

Xəritəni təhlil edin. Siz əsas diqqəti ən çoxsaylı əlaqələrə malik iştirakçılara yaxud hədəfiniz baxımından çox böyük əhəmiyyət kəsb edən şəxslərə yönəltmək istəyə bilərsiniz. Güc düyünlərini xüsusilə vurğulayın və onlara yaxınlaşmaq üçün strategiya düşünün. Bu addım sözügedən düyünləri əlavə etməklə xəritənizi genişləndirmək məqsədilə işləyib hazırladığınız strategiya üçün faydalı ola bilər.

Güclərin bölgüsü xəritəsi təşviqat fəaliyyəti ilə məşğul olan təşkilatın strategiyalarının müəyyənləşdirilməsi prosesinin ilk mərhələsidir. Xəritə tamamlandıqdan sonra ondan prosesə necə və haradan başlamaq barədə qərar qəbul etmək məqsədilə istifadə olunur. Bu məsələni növbəti video materialımızda müzakirə edəcəyik.

Dostlara bildirmək