content
Mühazirə 1. "Marketinq" nədir?
"Marketinq" sözü müxtəlif insanlar üçün müxtəlif mənalar ifadə etdiyinə görə aydın şəkildə təyin edilməlidir.

Bəzi insanlar "marketinq" sözünü "satış" sözünün dəbdəbəli forması kimi istifadə edirlər. Təbii ki, satış marketinq prosesinin bir hissəsidir, ancaq marketinq bundan daha geniş bir anlayışdır. Yaxud da insanlar bu sözü bütün növ reklam fəaliyyətləri üçün istifadə edirlər. Reklam fəaliyyətləri də marketinq prosesinin bir hissəsidir, ancaq tam olaraq marketinq demək deyil.
Faktiki olaraq, marketinq reklam və satışdan daha böyük və geniş anlayışdır. Müfəssəl mənada marketinq müəssisənin bazardakı rəqibləri arasındakı mövqeyini, rəqabət üstünlüyünü və xidmət göstərəcəyi dayanıqlı bazar seqmentlərini seçməsini əhatə edən ümumi anlayışdır.
Müəyyən bazar seqmentləri seçildikdən (və qəti şəkildə başqa bazar seqmentləri ilə işləməmək nəzərdə tutulduqdan) sonra marketinq bu seçilmiş bazarlarda müştərilərlə kommunikasiyanı da əhatə edir.
Bu kommunikasiya monoloq yox, dialoqdur. Başqa sözlə desək, marketinq müştəriləri dinləməyi və ya bazar araşdırması aparmağı da əhatə etməlidir.
Yalnız bundan sonra müxtəlif tip müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış dəqiq mesajların hazırlanması prosesinə keçə bilərik. Bu mesajların hər biri mövcud vəziyyətdə ən münasib mühitdən istifadə etməklə ötürülür.
Bu dəqiq marketinq mesajları "Marketinqin 3 M faktoru" adlanan texnika əsasında hazırlanır və ötürülür.
Beləliklə, marketinqin reklam və satışdan daha geniş məsələləri əhatə etdiyini anlamış olduq. O, bütövlükdə biznesə bazarlar nöqteyi-nəzərindən baxmaq üsuludur. Çox sayda marketinq vasitəsindən istifadə etməklə rəqiblər arasında effektiv manevrlər edərək və seçilmiş müştərilərimizə xidmət göstərərək müvəffəqiyyət əldə edə bilərik.
Müəssisəmizdə müvəffəqiyyət əldə etmək üçün marketinqin bütün aspektlərindən istifadə etməliyik: strateji marketinq, rəqiblərin analizi, bazarda mövqeyin təyin edilməsi, bazar araşdırması və nəhayət, marketinq mesajlarının ötürülməsi.
Marketinqin əhatə etdiyi məsələlər bunlardır.
Gəlin, yaradıcılıq sahəsində fəaliyyət göstərən müəssisələrimizi daha müvəffəqiyyətlə inkişaf etdirmək üçün marketinqin bizə təklif etdiyi imkanlardan maksimal dərəcədə faydalanaq.

Dostlara bildirmək