content
Mühazirə 4. Strateji kommunikasiya prosesinin əsas elementləri
Salam, əziz dostlar! Keçən dəfə dəyərlər və etibar haqqında danışdıq, həqiqi kommunikasiyanın bu əsas elementləri manipulyasiya və ya təbliğatla ziddiyyət təşkil edir.

İndi isə strateji kommunikasiya prosesinin əsas elementlərinə keçid edək. Bu prosesin ən əhəmiyyətli elementi hədəf auditoriyasıdır. Bundan əlavə, kontent (və ya mesaj), mesajı ötürən məruzəçi və kontenti ötürmək üçün istifadə etdiyiniz kanal elementləri də mövcuddur. Bəzi mütəxəssislər hazırkı günlərdə mühüm əhəmiyyət kəsb edən digər bir elementi - vaxt elementini də qeyd edirlər.

Beləliklə, bu elementlər aşağıdakı suallara cavab verir: Kiminlə danışırıq? Onlara nə demək istəyirik? Bunu kim deməlidir? Bunu necə deməliyik? Nə vaxt deməliyik?

Həmin elementlərin hər birinə ardıcıllıqla nəzər salaq.

Artıq öyrəndiyimiz kimi bu elementlərin ən vacibi hədəf auditoriyadır. Yalnız hədəf auditoriyanı təyin etdikdən sonra yuxarıda qeyd edilən sualların qalanlarını cavablandıra və qalan elementləri təyin edə biləcəyik.  Buna görə də, hədəf auditoriyamızla məşğul olmaq kommunikatorun ən vacib vəzifəsidir.

Bizim işimiz ən başlanğıcdan hədəf auditoriyamızı mümkün qədər dəqiqliklə təyin etməkdən ibarətdir. Söhbət genişlikdən gedə bilməz. Məqsədimizin "geniş ictimaiyyət" və ya müştərimizin "mədəni ehtiyaclara malik şəxs" olduğunu deyə bilmərik. Auditoriya mühitimizi mümkün qədər daraltmalıyıq. Məsələn, "paytaxtın üçüncü kursdan altıncı kursa qədər universitet tələbələri". Bundan əlavə, auditoriyamızı sosial kateqoriyalar - cins, yaş, təhsil, gəlir kateqoriyaları əsasında da mümkün qədər dəqiqliklə təyin etməliyik. Sözün əsl mənasında bu hədəf auditoriyanın portretini yaratmaq ən yaxşı yoldur: təxəyyülünüzdəki dəb jurnalından götürdüyünüz parçalardan istifadə etməklə kollaj yarada bilərsiniz. Bu, daxildə çəkilmiş portret olmalıdır. Bu tip vizuallaşdırma kommunikasiya planının hazırlanması zamanı çox faydalı olacaq. Daha sonra hədəf auditoriyamız təhlil edilməlidir. Biz aşağıdakı sualları ünvanlamalıyıq: Üzərində işlədiyimiz auditoriyanın hansı ehtiyacları var? Onun dəyərləri hansılardır? Həyatda və ya işdə onun üçün ən çox əhəmiyyət kəsb edən nədir? O, istənilən vəziyyətdə nəyi qurban verə biləcək? Dəyər strukturunu anlamaqla hədəf auditoriyamızı daha dərindən anlaya və kommunikasiya prosesimizi daha dəqiqliklə təşkil edə bilərik.

Daha sonra hədəf auditoriyamızın təhlilinə əsaslanmaqla mesajımızı, əslində demək istədiklərimizi formalaşdırırıq. Uğurlu mesaj üçün universal formul mülahizə + əsas + əyani hadisə şəklindədir. Lakin bu düstur müxtəlif şəkildə tətbiq edilə bilər. Əgər müraciət etdiyimiz şəxs ağıllı insandırsa, onda rəqəmlərdən, araşdırmalardan, statistikadan və mütəxəssislərin mülahizələrindən istifadə edirik. Əgər emosional təsir göstərməliyiksə (bütün hallarda bunu etməyə üstünlük verilir), təsirli imic yaradır, hədəf auditoriyamızla eyni qrupa mənsub olan şəxslərdən sitatlar gətiririk.

Strateji kommunikasiyanın planlaşdırılması zamanı mesajların yaradılması üçün sizə kömək edə biləcək bir neçə texnika mövcuddur. Birincisi, mesajlarımızın hər biri missiyamıza, layihə və ya təşkilatımızın ümumi məqsədinə istinad etməlidir. Məsələn, rəsm qalereyasının təşkilatçılarıyıqsa, missiyamız rəssamlıq sahəsində yeni adların aşkar edilməsi və şəhərimizə, yaxud da ümumilikdə ölkəmizə mədəni dəyər qazandırmaq ola bilər. Hətta yeni sərginin piyar kampaniyasını təşkil edərkən, yaxud Sotbidə təklif edilən son qiymətlərlə əlaqədar rəy bildirərkən də mesajlarımızın hər biri bu ideyaya əsaslanmalıdır. Bundan əlavə, aşağıdakı tapşırıq strateji mesajlarımızın hazırlanması baxımından faydalıdır. Aşağıdakı sualı aydın şəkildə cavablandırmağa çalışın: "(Tərəfdaşlarımızın, rəqiblərimizin, dəstəkçilərimizin və ya donorlarımızın, rəsmi nümayəndələrimizin, müəssisələrimizin...) haqqımızda nə demələrini istəyirik?" Bu sualların cavabları təklif etdiyiniz əsas xidmət və imkanlar olmalıdır. Və bu qrupların hər biri üçün bu cavablar əsasında mesajlar formalaşdırın. Mesajlar üçün əsas yaratmaq məqsədilə mövzular ağacı çəkmək məqsədəuyğundur. Burada ağacın gövdəsi missiyanız, yaxud layihə və ya təşkilatınızın ümumi məqsədi, budaqları isə eyni zamanda missiyanızla əlaqələndirilmiş mövzular olan imkan və xidmətlərinizdir. Yenidən rəsm qalereyasına nəzər saldıqda ağacın gövdəsi "rəssamlıq sahəsindəki yeni adlar", birləşmiş mövzular isə yeni rəssamlıq trendləri və ümumilikdə rəsm, mədəniyyət sahəsində idarəetmə, rəssamlıq biznes və investisiya sahəsi kimi, mədəniyyət siyasəti, muzeyşünaslıq və qalereyaşünaslıq, rəssamlıq və rəssamların sosial mövqeyi   və bir çox başqa mövzular olacaq. Eyni zamanda əgər sizin komandanız 3 nəfərdən daha çox şəxsi əhatə edirsə, hər bir mövzunun komandanızın bir üzvünə həvalə edilməsi və ya yaxın tərəfdaşlarınızın mövzu ilə əlaqədar rəy bildirmələri yaxşı olar. Mövzulara gəldikdə isə aşağıdakı məsələləri qeyd etməyiniz faydalı olacaqdır: hansı sahələri heç vaxt müzakirə etmirik və xüsusi ehtiyatlılıqla müzakirə edə biləcəyimiz sahələr hansılardır. Kommunikasiya prosesinin müsbət təsirinin mənfi ifadə və ya hərəkətin vurduğu zərərlə müqayisədə çox zəif olduğu vəziyyətlər ola bilər. Odur ki, ehtiyatlı davranmaq, davranış və kommunikasiya sahələrimizi ayırmaq daha yaxşı olar. İstənilən halda sistematik və inisiativ yanaşmadan istifadə edildiyi zaman bu sahə çox sayda kommunikasiya imkanları haqqında düşünəcək qədər genişdir.

Daha əvvəl məruzəçiləri qeyd etdiyimiz mövzular haqqında danışmağımızı xatırlayırsınız? Növbəti elementə - məruzəçilərə keçək. Məruzəçilər bizim mesajlarımızı səsləndirən şəxslərdir, daha dəqiq desək, mesajlarımızı insanlara onların dilindən çatdırırıq. Məruzəçilərin əsas xüsusiyyəti nədir? Hədəf auditoriyamız ona inanmalıdır. Odur ki, müraciət etdiyimiz insanların hörmət və etibar etdiyi şəxsi və ya şəxsləri seçməliyik. Bəzən işimizdə mütəxəssis olsaq da, öz mesajlarımızı səsləndirmək üçün lazımi xarizma və ya bacarıqlara sahib olmaya bilərik. Burada pis bir şey yoxdur. Yalnız bir sahədə bacarıqlı ola, bütün zövq və istəklərə uyğun gəlməyə bilmərik. Buna görə də, müvafiq inandırıcılıq və bacarıqlara sahib olan insanı tapmaq vacibdir. Bu şəxs hədəf auditoriyamız arasından bir nəfər, yaxud mütəxəssis, tərəfdaşlarımızdan biri, rəsmi şəxs və ya iş adamı, donor və ya sponsor, hətta tanınmış sima ola bilər. Belə ki, əsas məsələ etibardır!

Növbəti elementə keçək. Kanallar! Mesajımızı hədəf auditoriyamıza necə çatdırmaq niyyətindəyik? Kanalların ən mühüm xüsusiyyəti onların hədəf auditoriyamıza uyğunluğudur. Məsələn, Facebook vasitəsilə yaşlı insanlara yeni il oyuncaqları haqqında məlumat vermək çətin olar, elə deyil? Yaxud da, məsələn, ailə kanalında reklamlar yerləşdirməklə rep konserti haqqında məlumat vermək. Odur ki, auditoriyamızın informasiya əldə etmək üçün hansı kanallardan istifadə etdiyini və onlardan hansılarına daha çox etibar etdiyini bilməliyik. Mesajlarımızı çatdırmaq məqsədilə istifadə etmək üçün ehtiyacımız olan kanallar məhz bunlar olacaq. Bir daha qeyd etmək istəyirəm ki, digər elementlərdə olduğu kimi ehtiyacınız olan kanalları təyin etmək üçün də hədəf auditoriyanızı ətraflı şəkildə təhlil etməlisiniz.

Vaxt! Hər keçən saniyə ərzində çox sayda yeni informasiyanın əldə edildiyi bu günlərdə mesajı düzgün anda təqdim etmək həlledici məsələdir. Hətta antik yunanlar da bunu bilirdi. Onlar bununla əlaqədar xüsusi bir sözdən - an, düzgün an mənasını verən kairos sözündən istifadə edirdilər. Beləliklə, biz həmin kairos-ları hiss etməli və istifadə etməliyik. Bəs bunu necə etməliyik? Dünya xəbərlərini və yerli xəbərləri nəzərdən keçirməliyik. Bu, bizə trendə uyğunlaşmaq imkanı verəcək. Mövcud KİV yazılarını öz biznesinizin xarakteri perspektivindən nəzərdən keçirə bilərsiniz. Məsələn, seçki kampaniyası zamanı Namizədlərin mədəni və tarixi abidələrin mühafizə edilməsi məsələsinə necə yanaşdığını müzakirə etməyi və ekspert kimi bu məsələ ilə əlaqədar rəy bildirməyi tövsiyyə edə bilərsiniz. Və ya ötən iki ay ərzində namizədlərin baş çəkdiyi mədəni tədbirlər haqqında xəbər təklif edə bilərsiniz. Özünüz KİV tədbirləri (mətbuat konfransları, brifinqlər və s.) keçirməyi planlaşdırırsınızsa, bunu jurnalist və redaktorların informasiya və xəbərlərlə həddindən artıq yüklənmədiyi vaxtlarda - günortadan əvvəl və həftənin ilk günlərində həyata keçirməyiniz daha yaxşı olar. KİV tədbirinin bu cür planlaşdırılması məlumatınızın tonlarla başqa xəbər içində itib-batmasının qarşısını almaq baxımından faydalı olacaq. Eyni zamanda tədbirinizin diqqəti özünə cəlb edə biləcək başqa böyük tədbirlərlə eyni vaxtda keçirilməsindən yayınmaq da vacib məsələdir. İstənilən ildönümləri, bayramlar və ya peşə bayramları hər zaman xəbərinizi və mesajlarınızı təqdim etmək üçün yaxşı fürsətdir. Müxbirlərə hər zaman yeni informasiya lazımdır, odur ki, gəlin, onlara kömək edək və öz yeniliyimizi təklif edək. 

Kommunikasiya prosesini təkmilləşdirmək üçün digər faydalı texnika və tövsiyyələri gələn dəfəyə saxlayacağıq.

kommunikasiya prosesinin əsas elementləri auditoriya, mesaj, məruzəçi, kanal və vaxtdır.

bu elementlərin ən vacibi hədəf auditoriyadır və kommunikasiyanın bütün digər elementləri hədəf auditoriyanın ətraflı analizi əsasında təyin edilir.

Sağ olun, görüşənədək!

Dostlara bildirmək