content
V Mühazirə. Müraciət paketi
Yaradıcı Avropanın Müraciət paketi iki komponentdən ibarətdir.

Bloklardan birində konsorsium və iştirakçı təşkilatlar haqqında məlumatlara yer verilir. Digəri isə layihənin özü haqqında məlumatları əks etdirir. Məhz bu məntiqdən çıxış edərək, iş asanlıqla müxtəlif iştirakçılar arasında bölüşdürülür. Qeyd etməliyəm ki, ərizənin hazırlanması prosesi də idarə edilməli olan kiçik bir layihədir. Qrant üçün müraciət edən təşkilatlar və ya konsorsium müxtəlif məlumatları təqdim etməlidir. Təşkilatların əlaqə məlumatları İştirakçının İdentifikasiya Kodu daxil edildikdən sonra avtomatik olaraq elektron formada görünəcəkdir. Sadəcə olaraq, məlumatın dəqiqliyini yenidən yoxlayın. Siz həmçinin təşkilatın fəaliyyətini və layihədə icra etməyə hazırlaşdığınız vəzifəni təsvir etməlisiniz. Eyni zamanda, siz bütün əvvəlki Aİ qrantlarını və ya təsdiqini gözləyən hazırkı ərizələrini göstərməlisiniz. Əgər təşkilatınızda vahid məlumat bazası yoxdursa, o zaman bu məlumatı tapmaq əksər hallarda müəyyən qədər vaxt aparır. Bu səbəbdən mən sizə bu məlumatı əvvəlcədən axtarmağa başlamağı tövsiyə edirəm. Bununla yanaşı, layihədə icra etməli olduğunuz vəzifənin öhdəsindən gəldiyinizdən əmin olmaq üçün təşkilatınızın maddi və istehsal gücünü təsvir etməyinizi xahiş edirik. Lakonik və konkret olmağa çalışın. Zəhmət olmasa, hazırkı təcrübənizin layihədə icra etməli vəzifə ilə uyğun olmasından əmin olun. Zəhmət olmasa, ərizə formasında bütün sahələri doldurun. Əgər soruşulan məlumatın hər hansı bir hissəsi təşkilatınıza və ya layihələrinizə uyğun deyilsə, zəhmət olmasa, bunu bildirin, yaxud tire (“—”) işarəsindən və ya sıfır (“0”) rəqəmindən istifadə edin və xananı boş saxlamamağa diqqət yetirin. Əgər daxil etdiyiniz məlumat uyğun deyilsə və ya siz onu təqdim etməyi unutmusunuzsa, bu halda heç bir qarışıqlıq yaranmayacaq. Ərizə forması ilə yanaşı əlavə sənədlərin təmin edilməsi üçün ilk növbədə onların hansı sənədlərdən ibarət olduğunu müəyyənləşdirin, daha sonra isə onları, xüsusilə imza tələb edən sənədləri, tərəfdaşlardan toplamağa başlayın. Onların əksəriyyəti üçün əvvəlcədən müəyyən edilmiş formalar mövcuddur.

 

İkinci əsas blokda sizdən layihənin özünü təsvir etmək xahiş olunur. Ərizə formasını doldurmağa başlamazdan əvvəl tərəfdaşlar ilə əsas məsələlər barəsində razılığa gəlməyinizi tövsiyə edirəm. Əsas məsələlər dedikdə, kimin "Hansı iş"i "Nə vaxt" və "Nə qədər büdcə vəsaiti hesabına" yerinə yetirəcəyini nəzərdə tuturam. Potensial tərəfdaşlarla danışıqlara başlamaq üçün aşağıdakı məsələləri əhatə edən bir səhifəlik qısa xülasənin olması kifayətdir: "Nə etmək istəyirsiniz?", "İstifadəsi mümkün olan büdcə vəsaiti nə qədərdir?", "Tərəfdaşlarınızdan gözləntiləriniz nədir?”, və "Bu layihə onlara nə qazandıracaq?". Daha sonra layihənin təsviri bütün tərəfdaşlar ilə birlikdə işlənib hazırlanmalıdır. Bu yolla siz ilk növbədə tərəfdaşlarınızın kimlərdən ibarət olduğunu və layihənin icrası müddətində onlardan hansı gözləntilərinizin olduğunu öyrənə biləcəksiniz. Bundan savayı hər kəs gələcək imkanlar və vəzifələri barəsində fikir sahibi olacaqdır. Sözügedən əsas komponentlər olmadan ərizə formasını doldurmağa başlamaq mənasızdır. Əlbəttə ki, daha ətraflı məlumat yazı prosesində işlənib hazırlanacaqdır. Layihənin təsvirini yazarkən onun oxucuya xoş təsir bağışlaması üçün səy göstərməkdən çəkinməyin. Belə ki, bunun üçün xüsusi yazı qaydası müəyyən edilməmişdir. Bu yer ideyanızı mütəxəssislərə satdığınız məkandır. Mətni qaydaya salmaq, mətndə abzasları qeyd etmək, əhəmiyyətli cümlələrin altından xətt çəkmək, deyilənləri nümunə ilə izah etmək məqsədilə qrafik və şəkillərdən istifadə etmək üçün Word-un imkanlarından yararlanın. Başqa sözlə, mətni onu oxuyan mütəxəssisə xoş təsir bağışlayacaq şəkildə tərtib edin. Daha dəqiq desək, mətni hazırlayarkən onun sadə dildə yazılmasına diqqət yetirin. Nəticə etibarilə, mütəxəssis sənədi bütövlükdə oxumaq istəməsə belə, mətni oxuyub, asanlıqla layihənin hansı məqsədlə həyata keçirildiyini anlaya bilməlidir. Mütəxəssisin təşkilatınız və layihə barədə məlumatlı olmadığını nəzərə alın. Bu səbəbdən hətta sizə aydın görünən sadə məqamları belə izah etməkdən ehtiyat etməyin. Fikirlərinizi əsaslandırın və lazımi qədər isbatlayıcı məlumatları təqdim edin. Fikrinizi lazım olduğu qədər geniş, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah etməyə çalışın. Əgər vaxtınız qalıbsa, başqa birindən ərizənizi oxumasını xahiş edə bilərsiniz. Bəlkə də yazınızdakı hansısa məqamın daha mükəmməl və ya ətraflı şəkildə işlənib hazırlanmasına və fikirlərinizin anlaşılan dildə ifadə edildiyini müəyyən etməyə ehtiyac vardır. Fəaliyyətiniz və büdcə hissəsi üçün sizə ilk başda işçi sənədindən istifadə etməyi təklif edirəm. Bununla siz özünüzü, fəaliyyət istiqamətlərini, istehsal xərclərini və vaxt məhdudiyyətlərini dərk edəcəksiniz. Proqramda nəzərdə tutulan ərizə və büdcə formalarını sözügedən işçi sənədi əsasında doldurmaq sizin üçün daha asan olacaq. Ərizənizi hazırlayarkən vaxtaşırı Qiymətləndirmə Meyarlarını oxumağı və layihənin onlarla nə dərəcədə əlaqəli olduğunu və təkmilləşmələr apara biləcəyinizi tam olaraq aydınlaşdırmağı tövsiyə edirəm. Yekun olaraq qeyd olunmalıdır ki, ərizənin doldurulması prosesi ilk başda göründüyü qədər mürəkkəb deyil. Sadəcə olaraq, bütün tərəfdaşlar bu prosesə zaman və səy sərf etməlidirlər. Zəhmət olmasa, bu yolla konsorsiumunuzu, layihənizi təmsil etdiyinizi və başqaları qarşısında vəd verdiyinizi unutmayın. Uğurlar.  

Dostlara bildirmək