content
Xarici Mühitin Təhlili
Xarici Mühitin Təhlili (və ya Mühitin Təhlili) potensial təhlükə və imkanların müəyyən edilməsi üçün "ilkin xəbərdarlıq sistemi"nin yaradılması məqsədilə müəssisənin fəaliyyət göstərdiyi dəyişən dünyanın obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur.

Bütün müəssisə və təşkilatlar dəyişən dünyada fəaliyyət göstərir və onlardan daha güclü olan və onlar tərəfindən idarə olunmayan qüvvələrə tabedir. Dənizdə səfərdə olan gəmi xəbərdar olmalı və öhdəsindən gəlməli olduğu güclü təbii qüvvələrə tabe olduğu kimi, təşkilatlar da xarici biznes mühitində müxtəlif qüvvələrin təsirinə məruz qalırlar.

İstənilən biznes strategiyası imkan və təhlükələrin müəyyənləşdirilə bilməsi və təşkilatın daxili güclü tərəflərini xarici imkanlara uyğunlaşdırmaqla, yolunu uğura doğru istiqamətləndirə bilməsi üçün bütün bu qüvvələri nəzərə almalıdır. (SWOT (GZİT) Təhlili bu məsələdə köməyinizə çata bilər.) Bütün bu xarici qüvvələrin müəyyən edilməsində köməkçi vasitə kimi bir neçə akronimdən istifadə yerinə düşərdi.

PEST təhlili (və ya STEP təhlili) 4 başlıqdan istifadə etməklə, bütün müvafiq xarici qüvvələrin siyahısını tərtib etməyi təklif edir. Siyasi, İqtisadi, Sosioloji və Texnoloji. Bu başlıqlar olduqca əhəmiyyətlidir; bəzi elementlərin həm siyasi, həm də iqtisadi xarakteri daşıya bilər (məsələn, vergilər və valyuta məzənnələri).

Bununla yanaşı, 4 istiqamət əvəzinə, daha 8 istiqaməti nəzərdən keçirmək üçün İRİDHİTS yoxlama siyahısından istifadə edə bilərsiniz:

İnnovasiyalar, o cümlədən yeni texnologiyalar və İnternet (təbii ki), həmçinin onların sənayedə xüsusi əhəmiyyət kəsb edən digər növləri.

Rəqiblər. Birbaşa rəqiblər, əvəzedici məhsulların yaratdığı təhlükələr, bazarın yeni iştirakçıları, təchizatçıların dəyişən üstünlüyü (dominantlığı) və istehlakçıların dəyişən üstünlüyü (Bu 5 amil Rəqabətin Beş Qüvvəsi kimi tanınır.)

İnflyasiya, valyuta məzənnələri, sənayedə tənəzzül, dövlət büdcəsi xərcləri və s. kimi iqtisadi amillər.

Demoqrafiya. Yaş, cins, ərazi xarakteristikası, sosial qrup və s. üzrə müvafiq statistika və dəyişikliklər.

Qanunlar, normativ-hüquqi aktlar, müqavilələr və konvensiyalardan ibarət tənzimləyici mühit.

İnfrastruktur - telekommunikasiya şəbəkələri, nəqliyyat, ictimai xidmətlər və kommunal xidmətlər.

Tərəfdaşlar. Digər şirkətlər və ya təşkilatlar ilə strateji ittifaqlar.

Sosial tendensiyalar, o cümlədən, texnologiyanın qəbul edilməsi, asudə vaxtın keçirilməsi, dəblər və dəyişən inanclar.

NB: Yuxarıda qeyd olunan amillər əhəmiyyətlilik dərəcəsinə görə sıralanmayıb, yoxlama siyahısı yalnızca yadda saxlanılması asan olan akronimi təqdim edir.

İRİDHİTS-dən istifadə etməyin ən yaxşı üsulu çoxsaylı ideyaları cəld qeyd etmək və ya qruplaşdırmaqdır (əvvəlcə onlar haqqında ətraflı düşünmədən yaxud mübahisə etmədən). Daha sonra ciddi əhəmiyyət kəsb edən bir neçə amili digər əhəmiyyətsiz amillərdən fərqləndirmək üçün onları əsaslı surətdə tədqiq etməlisiniz.

95:5 qaydasına əsasən, imkan və təhlükələrin yalnızca 5%-i müəssisənizə müsbət və mənfi təsirlərin 95%-ni təşkil edə bilər.

Müəssisənin fəaliyyət göstərdiyi xarici mühit daima dəyişdiyinə görə, Xarici Mühitin Təhlili tez-tez, ən ideal halda isə müntəzəm olaraq, təkrarlanmalıdır. Bu yolla, müəssisə imkan və təhlükələri sürətlə müəyyən edə biləcəkdir.

 

 

Dostlara bildirmək